Artıq qonşu Gürcüstanda da meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb. Bəs görəsən Gürcüstanda bu xəstəliyin yayılması bizim ölkəmiz üçün də riskli hesab edilirmi? Meymunçiçəyi virusu koronavirus pandemiyası qədər təhlükəli hesab oluna bilərmi?
Mövzu barədə Medianews.az-a danışan tibb elmləri namizədi, həkim Rəşid Mahmudov bildirdi ki, bu virus canlıdan keçdiyi üçün daha təhlükəlidir:
“Əslində meymunçiçəyi 1982-ci ildə yayılan çiçək xəstəliyidir. Dərmanı isə Ospa adlanan peyvənddir. O zamanlar bu peyvəndi vurduranların qoluna V yazırdılar. İnsanların qolunda şram qalırdı. Ondan sonra Ospa adlı çiçək xəstəliyi dünyadan yoxa çıxdı. Amma Konqonun meşələrində yaşayan meymunlarda çiçək xəstəliyi qaldı. Onu da Ümumdünya Səhiyyə Təşkilatı daima nəzarətdə saxlayırdı. İndi o da insana necə olubsa yoluxub”.
Ekspert bildirdi ki, insandakı çiçək xəstəliyi daha təhlükəlidir:
“Ospa peyvəndi vurulsa bu xəstəlik adama təsir etməz. Amma Sovet dövründən əvvəl çiçək xəstəliyindən ölənlər çox idi. İndi isə bunun adı meymunçiçəyidir. Ola bilər ki, sözügedən xəstəlik insanlarda adi, yüngül keçsin. Məsələn mən çiçəyə qarşı peyvənd olunmuşam, heç tutulmayacam. Mənim yaşımda olan adamlar meymunçiçəyinə tutulmayacaq, çünki biz çiçəyə qarşı peyvənd olunmuşuq. Gənclər isə peyvənd olunmayıblar. Ona görə onlar üçün daha təhlükəlidir”.
Bu xəstəliyi suçiçəyi ilə müqayisə edən həkim qeyd etdi ki, meymunçiçəyi daha ağırdır:
“Bu suçiçəyi deyil, çiçək xəstəliyidir, adı Ospadır. Suçiçəyi daha yüngül formadır. Amma bu daha ağırdır. Çiçək xəstəliyi bir az daha ağırdır və tez də yayılan xəstəlikdir. Bizim nəslin adamları ona qarşı peyvənd vurdurub və onun izləri ləkə kimi qalıb. Bu xəsətliyə yoluxanların üzlərində yanıqlar əmələ gəlirdi. O xəstəlikdən qalma olur. Yəni deməyim odur ki, indiki adı ilə meymunçiçəyinə yoluxanlar ölmürlər, yaşayırlar”.
Rəşid Mahmudovun sözlərinə görə, meymunçiçəyi koronavirus qədər təhlükəli ola bilməz:
“Koronavirus əldə qayırma idi. Meymunçiçəyi isə insana canlıdan meymundan keçib. İnsan meymunla təmasda olub və bu xəstəlik yayılıb. Ona görə adına meymunçiçəyi deyirlər, yəni meymundan keçən çiçək. Bu əvvəlki Ospa kimi olacaq, ya olmayacaq onu artıq dəqiq deyə bilmərəm”.
Zərif Ülvizadə
Medianews.az