Bir neçə gündür sosial şəbəkədə, eyni zamanda mediada gündəmi zəbt edən məsələlərdən biri də Ukrayna -Rusiya savaşında ilk gündən Ukraynaya ezam olunmuş azərbaycanlı jurnalist Mübariz Aslanovun çıxışıdır. Belə ki, həmkarımızın Ukrayna Prezidenti Vladimir Zelenskiyə sual ünvanalyarkən rus dilində səlist danışa bilməməsi müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, Mübariz Aslanov bu məsələyə sosial şəbəkədə aydınlıq gətirib:
“Çox təəssüf ki, bu gün bu qədər xoş sözlərinizə və stimulverici yazılarınıza dərhal, ayrılıqda cavab verə bilmədim. Min kilometrlik yol və stressli iş günü imkan vermədi. Təəssüf ki, dünən və bu gün sizin belə mövzuda vaxtınızı almağa səbəb oldum. Əziz həmkarlar, əziz dostlar, yaxınlar və dəyərli ziyalılar. Ukraynalı dostlar soruşur ki, nə baş verib bu gün hamı səndən yazır? Dedim Zelenski ilə rus dilində rus kimi danışa bilmədiyim üçün yerlilərim təbrik edir. Orada Gürcüstan və erməni (Latviyadan) jurnalistləri çox çətin danışırdılar, amma bu gün Gürcüstan və Latviyada müzakirə mövzusu tamam başqadır. Baxmayaraq ki, orada Gürcüstan tənqid olundu, Azərbaycan təqdir olundu.
10 ildir Avropanın müxtəlif ölkələri bir kənara, təkcə Ukraynanın 3 hakimiyyətinin hər təbəqəsindən müsahibələr alıram. Məni onlara kim təqdim edir görəsən? Bir sözlə, o boyda tədbirdə ancaq bunu özünə dərd edənlər danışıb yoruldusa, azarını öldürüb bitirdisə lütfən mövzunu bağlayın. Gündəm üçün daha önəmli məsələlər var. İçlərindəki aqressiyanı enerjiyə çevirib, əməyə sərf etsinlər, əks halda bu, onların özünü bitirər. Əziyyət çəkib dünən və bu gün mənə, fəaliyyətimə, milli jurnalistika adına dəyər verən hər kəsə bir daha sonsuz təşəkkür edirəm. Enerjinizi almış oldum. Heç bilməzdim buna səbəb olacam, üzgünəm. Hər kəsə çoxlu uğurlar”.
Medianews.az