Ermənistanın 10 noyabr rüsvayçı kapitulyasiya aktını imzalamasından bu gün 4 ay ötür. Lakin Paşinyanın qol qoyduğu, Ermənistanın əsas havadarı Rusiyanın lideri Putinin təsdiqlədiyi sənədlə müharibə yalnız de-fakto bitib. De-yure isə davam edir.
Müharibə o vaxt tam gündəmdən çıxmış sayılacaq ki, ərazimizdən sonuncu erməni silahlı-qulduru rədd olub gedəcək və ya Azərbaycan məhkəməsinə təslim ediləcək. Eləcə də sonuncu rus sülhməramlısı öz missiyasını başa vurub gedəndən və yaxud Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra müharibə de-yure də bitmiş olacaq.
Hələ ki, bunların heç biri yoxdur. Demək, barıtı daim quru, yaddaşımızı təzə, əlimizi tüfəngin qundağında saxlamalıyıq. Qələbə eyforiyasına qapılmaq bizə daha yaraşmaz. Hansı məkrli toplumla üz-üzə olduğumuzu bir an belə unutmamağımız gərəkir.
Bu – ermənidir. Özünü iki əsrdir bizə qonşu kimi göstərsə də, həmişə arxasında lom saxlayan millət. Fərq eləməz, Ermənistanda hansı “-yan” hakimiyyətdədir. Dünənədək bəyəm orada iqtidarla müxalifətin Qarabağ məsələsinə yanaşmasında fərq var idi?..
Paşinyan hətta müxalifətdən, sələfləri – Xocalı caniləri Sərkisyan və Köçəryandan “iki çömçə” artıq idi. “Dağlıq Qarabağ – Ermənistandır” sərsəmləyən, Şuşada yallı gedib Azərbaycan xalqının heysiyyatı ilə oynayan, “yeni ərazilər uğrunda yeni müharibə” deyən o və komandası deyildimi? Axırda haqq elədiyi cavabı artıqlaması ilə aldı, işğalçı ordu darmadağın edildi deyə, öz qınına çəkildi. Ancaq xislət ki, dəyişməyib. Sübut?
Sübut – onun 10 noyabr və 11 yanvar 3-tərəfli sazişlərlə öz üzərinə götürdüyü öhdəlikləri ləng yerinə yetirməsi və ya bundan yayınmaya çalışması. Vaxti uzatmağa səy göstərməsi.
Sübut – Ermənistan XİN-in mətbuat katibi və rəhbərinin hələ də ölkəmizə qarşı ərazi iddiası “qoxusu” verən bəyanatları, Türkə, Türkiyəyə aşırı nifrət ritorikasının davam eləməsi.
“Ordunu bərpa edib əraziləri geri qaytarmalıyıq” xülyası ilə yaşayan, bu yöndə xəyallar quran radikal-revanşist müxalifət, nasist Njdenin davamçıları, Türkiyə və Azərbaycanla böyük sülhü heç vaxt yaxına buraxmayan erməni lobbisi də ki, öz yerində.
Biri də var orada – Arman Tatoyan. Özünü Ermənistanın ombudsmanı adlandırır. İş-gücü Azərbaycan Prezidentinin çıxış və müsahibələrini, Azərbaycan mediasını izləyib içində “ermənilərə nifrət elementləri” tapmaqdır. Hədəfi nə olsa yaxşıdır? Azərbaycanı beynəlxalq məhkəməyə verib özünün iddia elədiyi kimi, bizi “dəlil-sübutlarla” faşizmdə, ərazi iddiasında, hətta xristian irsini məhv eləməkdə suçlamaq!
Torpaqlarımızda 30 ildə qalmayan vandalizmi, vəhşiliyi, etnik təmizləmə və Xocalı soyqırımını törədən bunlar, amma adlarını bizə qoymaq istəyirlər. Belə bir sürtük, abır-həyasını itirmiş, etdiyi cinayətləri görməzdən gələn unikal millətlə indi barışığa nail olmalıyıq. Alınacaqmı?
Əsas şərti yazdıq: o vaxt alınacaq ki, ərazimizdə bircə erməni qulduru da qalmayacaq və axırıncı rus sülhməramlısı da torpaqlarımızı tərk edəcək.
Ona qədər isə “sülh” deyəcəyik, amma “müharibə” yaddadır!..