Bakı Apelyasiya Məhkəməsi Milli Qəhrəman Mübariz İbrahimovu aşağılayan Nərmin Şahmarzadənin şikayətini təmin etməyib. Bu, o deməkdir ki, o, 400 saatlıq məcburi əməyə cəlb ediləcək, küçə süpürəcək. Məlumat üçün deyək ki, onu şəhidin anası xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.
Əslinə qalsa, yaxşı qurtarıb. Daha sərt cəza da verilə bilərdi. Çünki bu, elə qələtlərdən sayılır ki, üzrxahlıq keçmir. Yoxsa sabah hər yerindən duran eyni əməli törədib sonra üzr istəyər, bununla da haqq etdiyi qulaqburmasından yayınardı.
“Pis nümunə yoluxucu olur”. Odur ki, belə nalayiq əməlin təkrarlanıb adi hal almaması üçün ona mütləq hüquqi qiymət verilməli idi. Verildi də. Düşünmürük ki, bundan sonra özünə hörmət edən kimsə Nərminin hərəkətini təkrarlasın. Bunun ilahi bədəli də yəqin ki, olacaq. Çünki şəhidlər Allah dərgahında yüksək məqamdadır.
Əlbəttə, normal insan bioqrafiyasına belə utancverici qeydin düşməsini özünə rəva görməz. Ona görə gərək elə yaşayasan ki, sənin tərcümeyi-halına görə yaxınların və ya nə vaxtsa övladların, nəvə-nəticələrin xəcalət çəkməsin…
Milli qəhrəmanlarımızın, şəhidlərimizin hər biri bizim üçün əzizdir. Ancaq razılaşaq ki, xalq olaraq qəlbimizdə Mübariz İbrahimovun yeri məxsusidir. Söhbət onun gənc yaşdan şüurlu şəkildə şəhidliyi seçməsindən getmir. Bunlar öz yerində. Söhbət ondan gedir ki, o, öz fərdi qəhrəmanlığı ilə üzücü atəşkəs dövründə hamının təşnə olduğu bir ilkə imza atdı. 2016-cı il aprel uğurunun və böyük qələbənin sanki müjdəsini verdi. Mübariz ölümü adiləşdirdi. Torpağı işğal edilən xalqı silkələdi. Onun yuxusunu qaçırdı – yarasına həm də azca duz basmaqla.
Bəs bu gənc qadın nə etdi? Milli Qəhrəmanımızı ruhunu, şəhid anasının isə dərdli qəlbini incitdi. Amma əksini edib yaddaşlarda müsbət işarə ilə də qala bilərdi. Məsələn, Qazaxda şəhid anasının evinin təmirini öz üzərinə götürən müğənni Röya Ayxan kimi.
Görən, bu qız indi xəcalət hissi keçirirmi? Səhvini anlayırmı? Çətin. Məntiqlə o, apelyasiya şikayəti veribsə, cəzadan qurtulmağa çalışırsa, demək, özünü hələ də haqlı, çıxarılan hökmü isə yanlış sayır…
Sözümüzün canı odur ki, əgər şəhidin ruhuna hörmət, ailəsinə qayğı göstərməyə gücün, insanlığın yetmirsə, heç olmasa, sakit dur, təhqir eləmə. Çünki şəhidlər təkcə öz doğmalarına yox, millətə, onun genofonduna aiddirlər. Onlar millətin tanınma nişanlarıdır, brendləridir. Brendləri ələ salmaq olmaz. Ələ salarsan, küçə süpürərsən…
Heç şəhid yox, Haqqın dərgahına qovuşan adi insan olsun. Axı artıq həyatda olmayan adamın sənə cavab vermək imkanı yoxdur. Bu, söz yox ki, təhqir edənin şəxsiyyət problemi yaşamasından və meşşan düşüncəli olmasından xəbər verir.
Bir Qarabağ şəhidini aşağılamaq bütün şəhidlərimizi, şəhidliyi aşağılamaqdır. Bunu anlamaq çoxmu çətin? Dedik axı, anlamayanlara küçəni göstərərlər. Bununla küçə süpürən zəhmətkeş qadınlarımızı əsla aşağılamaq niyyətində deyilik. Bu, onların işi. Süpürgəçiliyə görə maaş alırlar. Bir də var “yuxarıdan gedən” birisinə cəza olaraq küçə süpürtdürmək. Maaşsız-filansız…
Qayıdaq mətləbə. Söz yarası qılınc yarasından ağır olur. Həzrəti Əli (ə) də gözəl deyib: “Bir kəsi insanlar içində tənqid etmək elə təhqir eləmək kimidir”. Yəni iradı da gərək ona təklikdə edəsən və həm də elə deyəsən ki, xətrə dəyməsin. O ki ola şəhidin ruhunu incidəsən, şəhid anasının qəlbinə dəyəsən.
Şəxsən mənim üçün pul-para qarşılığında İrəvana gedib orada anti-Azərbaycan tədbirlərinə qatılan satqın Zabil Məhərrəmov tipli “azərbaycanlı”larla şəhidlərimizi aşağılayan biri arasında fərq yoxdur. Amma çörəyi ilə böyüdüyünüz məmləkətə, onun xalqına və şəhidinə sayğı göstərməyə borclusunuz!
Nərminə gəlincə, küçə süpürə-süpürə onun belə şeyləri bir daha götür-qoy etməyə vaxtı çatacaq. Ümid edək ki, hidayət yolunu tapa biləcək…