Çox sevdiyim, sayğım olan adamlara qəribə münasibətim var. Bu bir az sovet uşağının müəllimi haqdakı düşüncələrinə bənzəyir. Elə bilirdik, müəllim yeyib-içmir. O dönəmi yaşayan biri kimi bu düşüncəni bir az müasirləşdirib gətirmişəm o mərhələyə ki, güvəndiyim, dəyər verdiyim adamlar, sevdiyim insanlar yerli-yersiz səhv eləməz. Yox, əgər eləyibsə, mütləq bir izahı var.
İndi iki gündür anlaya bimirəm ki, çox sevdiyim, konsertlərini, əsərlərini fəxarətlə dinlədiyim Aygün Səmədzadə nədən bakılılar günündə belə bir söz işlədib. Niyə deyib ki, Bakını sevməyənlər çıxıb getsin, Bakıya rüşvəti rayonlular gətirib. Bu yazını yazmaqda məqsəd o deyil ki, ölkədəki bu qədər qlobal məsələlər dura-dura yerlibazlığı müzakirə eləyək. Demək istədiyim o ki, Aygün Səmədzadənin dediklərini anlamadığım kimi onun atası, MM-in üzvü, Komitə sədri Ziyad Səmədzadənin və hansısa ali təhsil ocağında çalışan alim əmisinin yeddi arxa dönəninin söyülməsini də anlaya bilmirəm. Anlaya bilmirəm ki, bizim insanlar nə zaman bu qədər etiketsiz, ədəb qaydalarına zidd, necə bu həddə sevgisiz, sayğısız davrana bilərlər. Necə bir ölkənin ziyalısı, elm, sənət adamının bircə dəfə yol verdiyi səhvə görə bu qədər nifrət “qusmaq” olar? Onu da başa düşmürəm ki, Azərbaycanda ictimai yükü olan adamlar və ailələr niyə boyunlarına düşən məsuliyyət payını başa düşmür? Niyə kim olduqlarını, dedikləri sözün hansı reaksiya yarada biləcəyini anlamırlar? Belə olmur axı!.. Bu mənim baxış bucağımdan o demək ki, biz hələ nəinki millət, heç fərd olaraq da ayna qarşısına keçib özümüzə “mən kiməm?” sualını verib cavab ala bilməmişik. Yəni kimliyimizi bilmədikcə başımıza hələ çox müsibətlər gələcək. Biz də ucqar dağ kəndinin Fatmanisəsi kimi başımıza gələnlərdə Allahı qınayıb, ermənini, rusu, ingilisi, amerikanı, bədəbəddə türkü də söyəcəyik ki, bəs siz elədiniz… Əslində özümüz eləyirik, özümüz! Və nə qədər ki, ölkənin ən nüfuzlu ailələrindən birinin övladı, həm də nüfuzlu sənət adamlarından biri şəhərli-kəndli söhbətini ortaya, gündəmə gətirə bilir, bizdən bir zad olası deyil. O üzdən başımıza gələnlərə aşağı-yuxarı, yəni bir az az, bir az çox layiqik deməkdən başqa da yol yoxdur.
Həmişə özüm daxil bir sualım da olub. Cavabını kimsədən ala bimədiyim sualım. Biz niyə bu qədər imkan, əlaqə, sərvətlə bu qədər aciz, bu qədər çarəsiz və qorxaq təsiri bağışlayırıq? Niyə özümüzü sevə bilmirik? Nədi özümüzə kəndli, şəhərli deyə bu ikrahımız? Niyə kimliyimizi dünya daxil, həm də özümüzə söyləməkdə bu qədər problem var? Bir də nə qədər bizim kimliyimiz adından başqaları iş görüb, biz buyuq deyəcək? Nə isə populizm deyəcəksiniz yüz faiz…amma populizm deyil yanğıdır, yanğı. Bəlkə desəniz hələ üsyan və ya etirazdır. Etirazdır ona ki, biz nə ara belə olduq, korlandıq qadınlı-kişili?!
Məsələn, bir xanım bəstəkar niyə belə eləsin ki? Axı çox bəsit bir həqiqət var, əzizim Aygün xanım, siz kateqoriyadan adama bu, ümumiyyətlə yasaq olan mövzu və yanaşmadır. Siz bunu anlamayacaq qədər sadəlöhv biri deyilsiniz axı. Bu fikirlər cahil, sosial, siyasi, statusu olmayan kimdənsə gözlənilərdi. Amma Səmədzadə soyadından yox.
İndi başımıza gələn gəlib. Siz mən daxil bütün kəndliləri aşağılamısınız. Amma bu yazıda məqsəd o ki, sizi söyənləri daha sizi söyməməyə çağırım. Çünki Füzulidə bir kəndli balam ölüb, Zəhra balam. Erməni murdarının gülləsinə, mərmisinə tuş gəlib.
Elə o balanın ruhuna xatir mədəni, sivil, ədəbli-ərkanlı sözümü deyirəm. Deyirəm ki, söylədiklərinizi sizdən öncə, Ziyad müəllimə yaraşdırmadım, sonra sosial-siyasi statusunuza, sonra sənətinizə, sonra fəxri adınıza. Sonra Azərbaycnı haralardasa təmsil eləmək üçün sizə verilən imkanlara. Bu sözləri adına əsərlər, mahnılar yazdığınız Azərbaycana yaraşdırmadım. Hə, bu arada bu günlərdə Şəkidə, yəni, əyalətdə,yəni kəndlilərin yanında keçirdiyiniz konsertin fraqmentlərini də izlədim və adınıza sevindim.
Amma lap düzünə qalsa sizə sevə-sevə bir sualım var: Aygün xanım, bu dediklərinizdən sonra ATV-nin özünə ölüm xəbərini piar yolu seçən teleaparıcısı ilə sizin aranızda hansı fərq qoyum, siz Allah?! Axı sizin bu piara və üsluba heç, amma heç ehtiyacınız yox idi…
Yenə də mən sizi üç şeyə bağışladım, erməni gədalarının qətlə yetirdiyi kəndli Zəhranın ruhuna, “Məktəb illəri”nə və “Tut ağacı”na…