Bakının, ümumən respublikanın əsas içməli su mənbələrindən ikisi şimal regionumuzdadır. Ancaq dünən rəsmi xəbərlərdə baxıram ki, Qusar və Xaçmaz rayonlarında içməli su təchizatı sistemi qurulub, bunu da hələ Yaponiya hökumətinin yardımı ilə etmişik. Bir aralar amerikalılar da Masallı kəndliləri üçün artezian quyusu qazırdılar.
Paytaxta su göndərən region özü indiyəcən susuz qalıbmışsa, belə ölkəyə nə deyəsən? Oturub halımıza ağlamaq lazımdır. Gürcülər üçün Avropaya Şengen vizası ləğv olunmaq üzrədir, biz isə Bakıya gələn ərəblərə sevinirik. Burda bir gündəmə uyğun müşahidəmi yazım. (Gündəm oğru dünyasıdır). Məncə Qafqazın lotusu, bərkgedən oğlanları həmişə gürcülər olublar, biz və ermənilər yalandan səs-küy salmışıq. Misal çəkim, özün bax.
Vaxtilə SSRİ-nin lotusu Stalin gürcü idi. Məxməri inqilabların ən uğurlusunu Mixail Saakaşvili elədi, indi də Ukraynada vəzifəsi var. Türkiyə prezidenti Ərdoğanın da əslən gürcü olması söhbətini oxumuşam. Bu da orda böyük bir dövləti barmağının ucunda fırlatmaqdadır, kimsə “mıqq” eləyə bilmir, eləyəni nəsillikcə dama salır.
Qayıdaq mövzuya, hərçənd, mövzu-zad yoxdur. Keçən ay bir sərəncam oxumuşdum, hələ də gülürəm. Sərəncam İqtisadiyyat Nazirliyinin adının dəyişdirilməsi haqda idi. Demək, 2016-cı ilin yanvarında başqa sərəncamla bu nazirliyin qabaqkı adı – İqtisadiyyat və Sənaye Nazirliyi imiş – dəyişdirilib. Ancaq rəsmi sənədlərdə adı dəyişmək avqustda yada düşüb, indi bütün sərəncam bu cür maddələrdən ibarət idi “Filan qanundakı, fərmandakı ”… və Sənaye” sözləri çıxarılsın”. Deyə bilərsiniz, burda gülməli nə var? Deyin. Əslində doğrudan ağlamalıdır, çünki informasiya agentliklərinin də yaydığı o xəbər düz 242 maddədən ibarət idi! Bir sərəncamda 242 dəfə “… və Sənaye” yazan hökumətdən nə gözləyirsiniz?
Məhəllə yolunda tərəvəz satan bir yaşlı qadın var. Şirvan şəhərindən hər dəfə min əziyyətlə məhsul gətirir. Soyuqda, qarda, yağışda, qızmar günün altında küçə ticarətinə məcburdur, çünki nəvələri də daxil, böyük bir ailəni dolandırır. Arada görünmədi. Soruşuram, deyir, problem çıxmışdı, onu həll eləməklə məşğul idim. Sən demə, ərdə olan qızının qaynanası hansısa bankdan kredit alıbmış, bu nənəni də zamin kimi yazdırıbmış. Deyir, neyləyim, qızıma görə keçə bilmədim, zamin durdum. Sonrasını ta özünüz bilirsiniz, çünki millətin çoxu bu saat bankların dollar krediti qandalından qurtula bilmir: “3-4 aydır pensiyamı ala bilmirdim. Öyrəndim ki, krediti verə bilməyiblər, indi bank mənim pensiyamı kredit əvəzinə tuturmuş”. Göysatan nənənin dilənçi payı pensiyasını zamin durduğu üçün çırpışdıran bank sisteminə malik müstəqil dövlətimizə nə arzu edə bilərik? Asteroid düşsün, yoxsa babat meteorit? Bəlkə yer yarılsın, yerə girək?
Ağlımıza gəlməyən proseslərlə qarşılaşırıq. Misal üçün, Eldar Sabiroğlu vaxtilə YAP-ın qurulmasında canfəşanlıq edəndə bu qurduğunun elə onun öz oğluna haqsız yerə 9 il həbs cəzası kəsəcəyini düşünərdimi? Düşünə bilməzdi, çünki bu sistemdə uzaqgörənlik yalnız bir adamın adına biçilmişdi. Qalanları burnunun ucundan uzağı görmürdü. Ona görə biri 11 ildir türmədədir, hələ təzə torba ilə 11 il də “yatmalıdır”. Bir ayrısı türmədə qan qusdu öldü. Üçüncüsünün meyitini minnətlə xaricdən gətirib basdırdılar, indi adı it dəftərində çəkilmir, halbuki eşşək boyda şəhərin şefi qoymuşdular. Dördüncüsünü blokda ağzından güllələdilər, çünki deputatxanada hətərən-pətərən danışmağa girişmişdi. Beşincisi, altıncısı, yeddincisi…
Deyəsən heç yarıyan yoxdur. Görəsən insanlar bu qədər klassik, bəşəri, milyonlarla dəfə təkrarlanan əbədi həqiqəti niyə dərk etməkdə çətinlik çəkirlər: “Özgəyə quyu qazan özü düşər”.
İndi söz o biri quyu qazanlarındır: ipinizi hazırlamısınızmı barı?