Nə vaxtsa çox sevdiyim bir qadını hündür hasarın üstündə gördüm. Hasar çox hündür idi. Qırmızımtıl daşdan hörülmüş uzun, hündür hasar. Hasarın ortasında başdan təxminən üç-dörd metr yerinin daşı yox idi. Təxminən iki sıra daş uçulub tökülmüşdü ortadan. O, hasarın başının həmin çökəyində dayanmışdı. Aramızda xeyli məsafə var idi. Amma səsi və niyyəti aydın başa düşülürdü. Özünü atmaq istəyirdi. Deyirdi, bax belə yerə çıxıb atırlar adamlar özlərini, mən də atacam. Tək deyildim. Yanımda tanış bir nəfər də var idi. İkimiz də elə uzaqdanca onu fikrindən döndərməyə çalışırdıq. Amma o bizə məhəl qoymayıb atdı özünü. Yüyürdük ona tərəf. Mən elə bilirdim çatıb onu göydə tuta biləcəm. İlk dəfə idi ki, yuxuda sürətlə qaça bilirdim. Amma yanımdakı tanışım – neylədin, axı mən səni sevirəm! – deyə qışqırıb daha bərk qaçdı ona tərəf. Mən onun necə tappıltı ilə yerə çırpıldığını gördüm. Özü də oturulu halda düşdü yerə. Toz da qalxdı düşdüyü yerdən.
Mən ora çatanda artıq tanışım onu ayağa qaldırıb, üstünü çırpmışdı. Yaxınlaşıb bir şey olub-olmadığını soruşdum. Dedi heç nə olmayıb, bir az ayağım ağrıyır. Əlimlə sağ ayağının sınıb-sınmadığını yoxladım. Salamat idi. Arxayınlaşıb aralandım. Onlar qol-qola girib getdilər. Bir az axsayırdı…
Bir ildən sonra eşitdim ki, onun ayağını kəsiblər. Pis oldum. Çox pis. Dedim, axı mən nə edə bilərəm? Mənim ayağım ona uyğun gəlməz ki…
Bir neçə ay sonra eşitdim ki, tanışım onu atıb, qəşəng ayaqları olan bir qadınla gedib. Pis oldum. Çox pis. Dedim axı mən nə edə bilərəm? Onu atıb gedəni qaytara bilmərəm ki…
Daha sonra eşitdim ki, o, tək ayaqla yaşaya bilmir. Pis oldum. Çox pis. Dedim, axı mən nə edə bilərəm? Bütün qadınların sağ ayağını kəsə bilmərəm ki…
Bir gün də eşitdim ki, o, ayağı kəsildiyi üçün Allaha asi olub, intihar etmək istəyib. Hündür qırmızı hasarın başına çıxıb özünü atıb, amma qum təpəciyinin üstünə düşüb deyə ölməyib. Bir az üst-başı bulanıb. Sevindim. Çox sevindim. Dedim, ölməyibsə, deməli mən nəsə edə bilərəm. Etdim də.
Gedib onun sağ ayağı oldum. Ta ki, o ölənə qədər. Öləndə dedi ki, o dünyada Allaha təşəkkür edəcək sağ ayağı kəsildiyi üçün. Və orda yalnız məni gözləyəcək…
Ondan sonra həyatım bir xeyli yüngülləşdi. Maraqsız oldu yəni. Həm də mənasız. Tək qalanda anladım ki, hətta Allahın belə sağ əli olmaqdan yaxşıdır sevdiyinin sağ ayağı olmaq…
Artıq xeyli vaxtdır ki, onun məzarının üstünə onun çətiri ilə gedirəm. Donu rəngdədir çətiri. Ağ. Ondan sonra sağ ayağım quruyub deyə dayaqsız gəzə bilmirəm yəni…
Hərdən onun yoxluğu bərk ağrıdanda çətirə gileylənirəm. Deyir, axı bundan artıq mən nə edə bilərəm ki…