Psixoloqlar hesab edirlər ki, yüksək intellekt hər zaman üstünlük gətirmir, əksinə, bir sıra çətinliklər yarada bilər.
Medianews.az “Yourtango”ya istinadən xəbər verir ki, ağıllı insanlar tez-tez sosial təcrid, emosional çətinliklər və münasibətlərdə problemlər yaşayırlar.
Psixoloq Anjelika Şilsin sözlərinə görə, orta IQ göstəricisi 100-dür, ağıllı sayılan insanların göstəricisi isə adətən 120-ni keçmir. Lakin 120-dən yuxarı IQ-ya malik şəxslər çox vaxt gündəlik həyatda intellektual stimulyasiya tapmır, bu isə onların psixoloji vəziyyətini pisləşdirir. Belə insanlar tez-tez depressiyadan əziyyət çəkir, psixoaktiv maddələrdən sui-istifadə edir və ya münasibətlərdən kənarda qalırlar.
Psixoterapevt İmi Lo isə vurğulayıb ki, yüksək intellektli insanlar dərin emosional bağlılıq axtarsalar da, sağlam münasibətlər qurmaqda çətinlik çəkirlər. Təcrid hissi onları bəzən toksik münasibətlərdə qalmağa məcbur edir.
Mütəxəssislər əlavə edirlər ki, belə insanların davamlı intellektual stimulyasiyaya ehtiyacı var. Araşdırmalar göstərir ki, beyni mütəmadi işlədən fəaliyyət uzunmüddətli fayda verir, əks halda maraq itkisi və zehni geriləmə baş verə bilər.
Medianews.az