“Adımı sənə qoyum, səni yana qoyum”
(Azərbaycan atalar sözü)
Ölkənin gündəmini dəyişdilər. 10 gündən çoxdur ki, əsas mövzuları bir kənara atıb üstümüzə hücuma keçiblər. İlk günlər hücumlarını Batumidəki konfransda bunların sevimli təşkilatına ermənipərəst deyilməsi ilə arqumentləşdirirdilər. Amma günlər keçdikcə bəlli oldu ki, Batumi məsələsi bəhanədir. Sadəcə, növbəti fürsəti əldən verməyib “Yeni Müsavat”ı və Rauf Arifoğlunu şərləmək üçün hücuma keçiblər.
İllərdir bu cür davam edir. Əli Kərimli cəbhəsi az qala 20 ildir ki, bizi şantajla məşğuldur. Öz aləmlərində ifşa edirlər guya bizi. Amma tərsinə olur – özləri ifşa olunurlar. Proses öz əleyhlərinə yönəlir.
Baxın, hazırda ölkə gündəminin əsas mövzularından biri siyasi məhbuslar, onların taleyi, səhhətidir. İki məhbusun – Leyla Yunusla İntiqam Əliyevin sağlıq durumunda ciddi problemlərin olmasına dair məlumatlar var. Mətbuatın, siyasi çevrələrin buna diqqət ayırmasına imkan verilmir. AXCP sədri, onun facebookdakı zombi sürüsü, nəzarətindəki “Azadlıq” qəzeti bu mövzunu israrla vurub gündəmdən çıxarmağa çalışırlar. Əvəzində gündəmi mənasız söz güləşdirmələri ilə “bəzəyirlər”. Ölkənin əsas çap mediası olan “Yeni Müsavat”ı, onun baş redaktorunu isterik şəkildə yamanlamaqla məşğuldurlar. Biz də qarşı tərəfin bu şər-böhtanlarına, söyüş və təhqirlərinə cavab vermək zorunda qalırıq.
***
Bizimlə bağlı əsas arqumentləri budur ki, “Yeni Müsavat” və onun rəhbəri iqtidara işləyir. Bu ittihamı əsaslandıra bilmirlər təbii ki. Sübut, fakt lazımdır axı. Sən ağzın köpüklənə-köpüklənə yüz dəfə yaz ki, Rauf Arifoğlu iqtidara xidmət edir, ortalıqda bunu isbatlayacaq bircə babat sübut varmı? Yoxdu. Bunlar siyasəti, mətbuatı əyalət qarılarının dedi-qodu səviyyəsinə endiriblər. Yalnız söz, yalnız qeybət, yalnız şər, böhtan…
***
İqtidara işləyən qəzetin baş redaktorunun çevrəsi, ailə üzvləri, ən yaxın qohumları iş-gücsüz olarmı? Biz heç vaxt bu mövzunu açmamışıq. Özümüzə sığışdırmamışıq. Hesab etmişik ki, onsuz da bu hal az qala bütün ölkə üçün xarakterikdir. Milyonlarla vətəndaşımız işsizlik üzündən Azərbaycanı tərk edib. Xeyli vətəndaşımız ölkədə qalıb ümidlə iş axtarıb, amma tapa bilmir. Ona görə də “hamı necə, biz də el” prinsipi ilə hərəkət etmişik. Amma qarşı tərəfin həyasızlığı, bütün normaları keçərək üstümüzə çamur atması bizi bəzi həqiqətləri yazmağa, söyləmə məcbur etdi.
Yuxarıda yazdığım kimi, əksər ailə üzvlərimiz, yaxın qohum-əqrəbamız işdir. Məsələn, iki bacımdan biri ali təhsilli mühəndisdir. İnşaat Mühəndisləri İnstitutunu bitirib. Vaxtilə Tovuzda Qaz İstismar İdarəsinə çalışıb. Ailə qurandan sonra Sumqayıta köçdü. İllərdir ki, özünə iş tapa bilmir. Dəfələrlə mən özüm çalışmışam ki, onu 300-400 manat əmək haqqı müqabilində işə düzəldim, mümkün olmayıb. Məhz Rauf Arifoğlunun bacısı olduğu üçün bütün qapılar üzünə bağlanır.
Onun həyat yoldaşı ali təhsilli mütəxəssisdir. Fəqət işsizdir. Onu da məhz siyasi amillərlə işə götürmürlər. Sumqayıt kiçik şəhərdir, kimin kimə qohum olduğunu dərhal araşdırıb tapırlar.
Digər yeznəmiz də həmin vəziyyətlə üzləşib. Özünə iş tapa bilmir. Ali təhsilli neft mühəndisidir. Tovuzda idarə müdiri işləyib vaxtilə, YAP iqtidara gələndən az sonra onu vəzifədən çıxardılar. 20 ildir işsizdir.
Təkcə böyük bacım işləyir – Bakının ucqar qəsəbələrindən birində tarix müəlliməsidir. Müəllimənin də maaşının nə qədər olduğu hər kəsə bəllidir.
***
Rauf bəyin 4 qayını var – hamısı ali təhsillidir. Amma işsizdirlər. Bir qaynını məhz “Yeni Müsavat”a görə işdən çıxarıblar. Hələ də bərpa oluna bilmir. Həmçinin baldızı da universitet diplomu ola-ola işsizlər ordusunun üzvüdür. Bacanağı, mənim qaynım, həyat yoldaşlarımız, digər yaxın qohum-qardaşlar da işsizlər ordusunun üzvləridir. Onları bir ortabab işə düzəltmək cəhdlərimiz hər dəfə uğursuzluğa düçar olur. Hansı idarə müdirinə, iş adamına müraciət edirik, cavab eyni olur: “Mən Rauf Arifoğlunun yaxın qohumunu necə işə götürüm, başıma oyun açarlar”.
Bir arayış verim. Yeznələrimiz və R.Arifoğlunun qayınları, həmçinin bacanağı uzun illər “Yeni Müsavat”ın satış setində işləyiblər. Qəzetin yayım sektorunda, həmçinin gecə növbəsində çalışıblar. Qəzetlərin əl yayımını təşkil edib beş-on manat dolanışıqlarını çıxarıblar. Son illər məhz bu hakimiyyətin sistemli, ardıcıl fəaliyyəti nəticəsində “Yeni Müsavat” kəskin tiraj itirdi. Həmçinin yayım sektoru çökdürüldü. 6-7 ailənin rusuzu beləcə kəsildi…
***
Hakimiyyətə işləyən baş redaktorun kənarda-köşədə biznesi olar – ən pis halda qəzetinin, saytının reklamı. Baxın “Yeni Müsavat”a, musavat.com-a, minval.az-a. Neçə reklam var bu KİV-lərdə? Neçə şirkətin banerini görürsünüz saytın və qəzetin səhifələrində? Yalnız digər saytların reklamları gedir musavat.com-da. O reklamlarla da bir təhər ayı başa vururuq.
İki il öncə bütün nazirliklərə, ASC-lərə, özəl və dövlət şirkətlərinə reklam üçün müraciət etdik. Rəsmi məktub yollayıb reklam əməkdaşlığı təklif etdik. Nəticə olmadı, rədd cavabı aldıq.
***
İqtidara işləməyin mükafatı başqadır axı. Əli Kərimli uzun illər gizli şəkildə bu hakimiyyətə qulluq edib. Bu xidmətinin mükafatını da artıqlaması ilə alıb. 10 il deputat olub. Mağazaları, restoranları, iaşə obyektləri, İsveçrə banklarında gizli hesabları və s. olub. Azərbaycan siyasətində bunu bilməyən adam yoxdur. Kərimli indi tənqid etdiyi hakimiyyətin pulları hesabına bir vaxtlar oliqarxa çevrilmişdi.
Heç indi də maddi vəziyyəti pis deyil. Özünün, ailəsinin, oğul-uşağının yaşayışı, xaricdəki macəra dolu həyatları… Allah daha da artıq eləsin. Nə yolla əldə edib, necə edib, bunu da özünün, vicdanının öhdəsinə buraxaq. Amma xirtdəyəcən zibilin, əxlaqsızlığın içində ola-ola bizi hakimiyyətə işləməkdə suçlaması…
Əxlaqsız elə bilir hamı onun kimidir. Hakimiyyətə bütün növ xidmət göstərmişlər də elə bilirlər ki, başqaları da onların yolunu gedir, onlar kimidir. Düşünürlər ki, çörəyimizə şərik çıxıblar. Və başlayır quduz it kimi adama cummağa.