“2015-ci ilin büdcəsinin açıqlanan parametrləri ilə tanışlıq göstərir ki, hökumətin hələ də aydın və sabit fiskal siyasəti yoxdur və o, neft gəlirlərini yeməklə məşğuldur” –iqtisadçı ekspert Qubad İbadoğlu belə deyib.
“Media forum” saytının məlumatına görə, Qubad İbadoğlu 2015-ci ilin büdcə layihəsini bu ilin büdcəsi ilə müqayisə edib: “2014-cü ilin büdcəsi təsdiq olunan zaman açıqlanan ortamüddətli makroiqtisadi proqnozlara görə, növbəti 3 ildə büdcənin xərclərinin hər il orta hesabla 2.36 faiz azaldılması nəzərdə tutulurdu. Lakin gələn il üçün büdcə xərcləri bu illə müqayisədə 5.2 faiz artırılıb. Bunu şərtləndirən başlıca dəyişiklik tikintiyə yönələcək xərclərin 670 milyon manat çoxaldılmasıdır.
Kurs dəyişikliyini təsdiq edən digər fakt Dövlət Neft Fondundan transfertlərdə artımdır. Transfertlər bu il əvvəlki illə müqayisədə 17 faizdən çox azaldılmışdı. Gələn ilin büdcəsində isə bu ilə nisbətən 11.4 faiz artım nəzərdə tutulur.
Bunlar əsasən iki səbəbdən baş verir. Birincisi, investisiya büdcəsinin səmərəliliyi aşağı olduğundan onun ildən ilə artırılmasına baxmayaraq infrastruktur problemləri həllini tapmır. İkincisi, qeyri-neft sektorunun vergi potensialından istifadə səviyyəsi aşağıdır, xüsusilə də siyasi hakimiyyətin nəzarətində olan iri vergi ödəyiciləri vergidən kütləvi yayınır.
Növbəti ilin büdcə parametrlərinin qiymətləndirilməsi göstərir ki, hökumət yenə də zəruri fiskal qaydalar yaratmadan və hətta olanlara əməl etmədən neft gəlirlərinin sürətli xərclənməsi siyasətini davam etdirmək əzmindədir. Yığıma gedən vəsaitin azaldılmasına gətirib çıxaran bu siyasət gəlirlərin nəsillər arasında ədalətli bölüşdürülməsi ilə bağlı strategiyaya ziddir”.
