Baş nazirin keçmiş birinci mavini, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri Abbas Abbasov Azərbaycanda yenidən hədəfdədir.
Ekspertlər onun Kremlyönlü siyasətçi, gah Qarabağı Rusiyanın tərkibinə birləşdirməyə çağıran, gah da Azərbaycan xalqını təhqir edən Vladimir Jirinovskinin son səs-küylü bəyanatlarına reaksiya verməməsindən hiddətlənir.
Haqqin.az və virtualaz.org saytları hələ bir neçə həftə əvvəl A.Abbasovun mətbuat xidmətinə müraciət edərək ondan müsahibə götürmək xahişini çatdırmışdı. Son hadisələr bizim təşəbbüsümüzü sürətləndirdi.
A.Abbasovun oğlu, Milli Məclisin deputatı Aydın Abbasovun dəstəyi ilə biz onunla əlaqə yarada bildik. A.Abbasov bizim bütün suallarımıza cavab verdi. Gözlədiyimizin əksinə olaraq söhbətimiz xeyli uzun, məzmunlu və gərgin, eyni zamanda kifayət qədər maraqlı alındı.
Görünür, bütün bu müddət ərzində Abbas Abbasova ünvanlanası çox suallar yaranmışdı. Eləcə də onun özünün verəcəyi cavablar çox idi.
Beləliklə, Abbas Abbasovla müsahibənin üçüncü hissəsini oxuculara təqdim edirik.
Müsahibənin birinci və ikinci hissələri ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
https://medianews.az/2014/03/21/abbas-abbasov-rusiyaya-kremle-toxunmayin/
III hissə
-Sizin istefa verəndən sonra qəbul etdiyiniz bir qərar Azərbaycanda çoxunda hələ də suallar və anlaşılmaz hisslər doğurur. Sizi istefaya fəxri şəkildə, təntənə ilə göndərdilər. Prezident özü sizi şəxsən qəbul etdi, yüksək mükafat verdi. Amma siz Azərbaycanda qalmayıb Moskvaya köçdünüz. Niyə Bakıda qalmadınız? Bəlkə kimsə sizin Azərbaycanda qalmağınızı istəmədi, buna maneçilik törətdi?!
-Azərbaycan hökuməti rəhbərliyindəki fəaliyyət göstərdiyim illər ərzində mənim Rusiya rəhbərliyi və rusiyalı dövlət xadimləri ilə çox yaxşı münasibətlərim yaranmışdı. Onlarla işləməli və əməkdaşlıq etməli oldum. Mən Azərbaycan-Rusiya Dövlətlərarası Komissiyanın həmsədri idim. Burada mənim nəhəng imkanlarım var. Rusiyada yaşayan və Azərbaycan üçün faydalı olan bir adam kimi məndən, imkanlarımdan istifadə etmək daha doğru və daha yaxşı olmazdımı? Axı mən rusiyalı dövlət xadimlərini çox yaxşı tanıyıram, onların kabinetlərinə girib-çıxa bilirəm, onlarla yaxından dostluq edirəm. Məndən düşmən yaratmaq yox, bu şanslardan istifadə etmək, mənim bu əlaqə və imkanlarımdan Azərbaycanın rifahı və mənafeyi naminə faydalanmaq daha yaxşı olardı.
Mən Rusiyada bizneslə, qurub-yaratmaqla məşğul olmağa başladım. Axı ailəmi də dolandırmalı idim. Mənim böyük ailəm, 7 nəvəm var. Ailə üzvlərim 17 nəfərdir. Əgər Rusiyada pul qazanmaq imkanım vardısa, bundan niyə istifadə etməməli idim?! Mən Türkiyəyə də köçə bilərdim. Yeri gəlmişkən, mən Türkiyədə də biznes qurmuşam. Biznesimlə bağlı Türkiyədə tez-tez oluram. Əgər istəyirlərsə, xırda ambisiyalara əsir olub qoy mənim Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram, çünki sağlam və enerjiliyəm, ailəmi istənilən şəraitdə dolandıra bilərəm. Mənə əngəl yaratmaq nə üçün? Heydər Əliyev 80-ci illərdə Moskvaya gələndə o, məgər bizim ümummilli qürur ünvanımız deyildimi? Mən Özbəkistanda işləyəndə Heydər Əliyev Siyasi Büronun üzvü seçilərək Moskvaya getdi. Mən onun şəklini başımın üstündən asmışdım. Fəxr eləyirdim ki, Azərbaycanın hamı tərəfindən sevilən belə məşhur və güclü siyasi xadimi var. Amma Moskvaya Heydər Əliyevlə bağlı kisə-kisə anonim məktublar göndərirdilər. Bəs bu məktublar haradan göndərilirdi? Təəssüflər olsun ki, Azərbaycandan!
Görün Moskvada nə qədər məşhur və görkəmli azərbaycanlılar yaşayıb-yaradıblar. Fərman Salmanov, Kərim Kərimov, Müslüm Maqomayev və digərləri neçə illər Rusiyada yaşayıb və fəaliyyət göstəriblər. Onlar bəyəm Azərbaycan xalqının düşməni idi? Mənim Rusiyaya köməyimdə nə var ki?! Burada pis və utanılası nə var ki?! Mən Rusiyanı yaxşı tanıyıram, hörmət edirəm, qəlbən sevirəm. Bu ölkəyə möhkəm bağlıyam. Rusiya məndən ötrü ikinci vətəndir.
İlham Əliyevlə vidalaşanda ona dedim ki, mən prezidentin və Azərbaycanın əsgəriyəm, əgər lazım gəlsə, mən lazım olsam, istənilən an Azərbaycana qayıtmağa və yenidən İlham Əliyevin əsgəri olmağa hazıram.
Siz Azərbaycandakı mövcud reallıqları məgər bilmirsiniz? Mən bu gün Azərbaycanda nə edə bilərdim? Bu yüksək vəzifədən sonra harada işləyə və ailəmi saxlaya bilərdim?
-Belə çıxır ki, Azərbaycana yalnız İlham Əliyev sizi bura dəvət edəndən sonra qayıdarsınız…
-Əlbəttə. Bu, həmin o prezidentdir ki, mən son prezident seçkilərində də ona səs vermişəm. Əgər o desə, qayıdaram.
-Mətbuatda müntəzəm olaraq belə yazırlar ki, sizi Bakıya buraxmırlar. Deyilənə görə, qeyri-rəsmi göstəriş var ki, sizə Azərbaycana gəlmək qadağan olunub. Bu informasiyalar nə dərəcədə həqiqətə uyğundur?
-Bu, mənim Bakıya qayıtmağımı arzu etməyən müəyyən adamlar tərəfindən ortaya atılmış axmaq fikirlərdir. Çünki bu adamlar qorxurlar ki, mən qayıdıb yenidən İlham Əliyevlə bir sırada ola bilərəm. Mən isə prezidentin yanından heç yana getməmişəm. Yaxşı günlərdə də prezidentin yanında olmuşam, Allah eləməsin, nəsə bədbəxtlik olsa, yenə də onunla bir sırada olacağam.
Mənə və ailəmə qarşı mübarizə aparan adamların qiymətini isə tarix özü verəcək. Bilirsiniz ki, kimlərdən bəhs edirəm. Onlar canavar cildinə girmiş çaqqallardır. Ancaq onlar heç vaxt canavar ola bilməzlər. Siz gərək mənim İlham Əliyevlə bir sırada olmağımı istəməyən bu çaqqallardan yazasınız. Axı onların da ailələri var, uşaqları böyüyür. Bütün bunlardan sonra onlar necə yaşayırlar? Mən öz xalqımı, prezidentimi və vətənimi sevirəm.
-Abbas Aydınoviç, prezident seçkilərinə bir il qalmış siz və digər rusiyalı azərbaycanlılar “Milyarderlər ittifaqı” adını alan Rusiya Azərbaycan Təşkilatları İttifaqını (RATİ) yaratdınız. Bu təşkilatın meydana çıxması həm hakimiyyətdə hansısa gərginlik yaratdı, həm də sizin hakimiyyətlə münasibətlərinizi gərginləşdirdi. Sizin Bakıya gözlənilməz gəlişiniz, prezidentlə olduqca əsəbi vəziyyətdə görüşünüz çoxlu suallar yaratdı. Nə baş verirdi? Niyə bu təşkilatın yaranması rəsmi Bakının bu qədər narazılığına və böyük rezonansa səbəb oldu? Deyirsiniz ki, prezidentə yaxın adamlarla saatlarla söhbətiniz olub. Doğrudanmı bu məsələyə yağlı nöqtə qoymaq olmazdı?
-Bizi ayırdılar və bu qalmaqalı qaldırdılar. Sənə söz verirəm ki, Moskvaya gələndə bu situasiyanın yaranmasına görə günahkar olan adamların adlarını bir-bir deyəcəyəm. Bu strukturu faktiki olaraq İlham Əliyevə yaxın, qohum olan, ona böyük hörmətlə yanaşan nüfuzlu adamlar yaratdılar. Məqsəd diaspor fəaliyyətinin gücləndirilməsi və bizim Moskvadakı diaspor təşkilatlarımızın çoxunda hökm sürən amorf vəziyyətin aradan qaldırılması idi. Axı Rusiya azərbaycanlıları effektiv müdafiəyə və lobbiçiliyə ehtiyac duyurdular. Azərbaycanlıların cəlb olunduğu səs-küyü qətlləri və iğtişaşları yada salın.
Mən sənədlər paketi ilə Ramiz Ənvəroviç Mehdiyevin qəbuluna getdim. Bizim qarşlıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yadımdadır ki, o, hələ 2004-cü ildə mənim Rusiyadakı azərbaycanlıları birləşdirə biləcək ən yaxşı namizəd olduğumu yazmışdı. Axı biz hansısa separatizmə və ekstremizmə can atmırdıq. Söhbət diaspor təşkilatlarının yenidən qurulmasından və Rusiya ilə Azərbaycan rəhbərliyi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün güclü platformanın yaradılmasından gedirdi. Lakin başa düşəndə ki ideya Bakıda bəyənilmədi, sənədləri rəfə qoydum və söhbət bitdi.
Bəs bundan sonra nə baş verdi? Hər cür yollarla məni və ailəmi ölümlə hədələməyə başladılar. Mesajlar göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar. Bundan sonra mən Azərbaycana getdim və bu haqda İlham Əliyevin ətrafında olan adamlara danışdım. Mən onlara birbaşa dedim: “Bu nə özbaşınalıqdır?” Prezidentlə görüşmək və təhdidlər barədə ona danışmaq istəyirdim. Lakin prezident məşğul idi.
Və sonra prezident məni qəbul etdi. Vahid Yusifoviç Ələkbərov çox sağ olsun. O, prezidentin də dostudur, mənim də dostumdur, məni prezidentin qəbuluna apardı və İlham Əliyev özü mənim “AzerRos” Ağsaqqallar Şurası sədrliyinə namizədliyimi irəli sürdü. Mənim bundan sonrakı fəaliyyətimdə prezidentin kursuna və siyasətinə zidd olan nə vardı? Pis nə demişdim? Mən bütün Rusiya azərbaycanlılarının inteqrasiyasına və konsolidasiyasına çağırdım. Bizim iclaslarımızın bütün materiallarını və stenoqramlarını verə bilərəm.
Bundan sonra yeni gözdənsalma kampaniyası başladı. Və mən yenidən etiraz etdim, açıq soruşdum ki, sizin Rusiyadan başqa probleminiz yoxdurmu. Mənim həmin iki bəyanımı tapın və analiz edin. Birincisİ RATİ yaranandan sonra verilib və orada bütün rusiyalı azərbaycanlıları birləşməyə çağırmışam. Sualıma cavab verin görüm bu deyilənlərdə Azərbaycanın maraqlarına və İlham Əliyevin kursuna zidd olan nə vardı? Ancaq buna baxmayaraq mənə qarşı çirkin kampaniya bərpa edildi, az sonra bu kampaniya Rusiyanın gözdən salınmasına yönəldi.
Mənə cavab verin görüm, indiyə qədər Vladimir Putinin və Dmitri Medvedyevin, Rusiya dövlətinin iki rəhbərinin dilindən Azərbaycana və ya bizim prezidentimizə qarşı neqativ nəsə eşitmişinizmi? Xəstə Jirinovskiyə gəldikdə isə belə adamlarla biz özümüz məsələni ayırd edərik, inanın mənə.
Mən daha nə etməli idim? Bəlkə siz məsləhət görəsiniz ki, onların xoşuna gəlmək üçün özümü necə aparmalıyam?
-Yeri gəlmişkən, seçkilər ərəfəsində həbs olunan Prezidentin İşlər İdarəsinin keçmiş rəisi Akif Muradverdiyev ictimaiyyətə müraciətində sizin onunla görüşünüz haqda bəhs etmişdi. Onun etirafında ən maraqlı məqam istefadan sonra sizin də gözdən düşməyinizə eyham vurulması idi. Muradverdiyev yazırdı ki, sizinlə təsadüfən görüşüb və siz ona demişiniz ki, “Akif, sənin həbsin barədə bilirəm (söhbət 2005-ci ildəki birinci həbsdən gedir-red.) və sənə qarşı ədalətsizliklərdən xəbərim var. Ancaq mənə qarşı da belə edirlər”. Deməli, siz istefaya gedəndən sonra Bakının gözündən düşdünüz?
-Onda mən Vladimir vilayətinin qubernatoru Orlova Svetlana Yuryevna ilə görüşə gedirdim. Tək deyildim, Ramazan Abdulatipovla birlikdə idim. Biz onu təbrik etmək istəyirdik, həm də bizim orada birgə layihəmiz var idi. Və dostum Telman İsmayılova məxsus olan “Praqa” restoranı ilə eyni binada yerləşən ofisimdən çıxanda birbaşa giriş qapısının ağzında Akif Muradverdiyevi gördüm. Onunla görüşdük, salamlaşdıq. Onu çox yaxşı tanıyıram. Akif Muradverdiyev Heydər Əliyevə, İlham Əliyevə və Ailəyə sadiq olan təmiz adamlardan biridir. O mənə dedi: “Abbas Aydınoviç, səninlə söhbətim var”. Ona dedim ki, ezamiyyətə tələsirəm, ancaq səni dinləməyə hazıram.
Akif Muradverdiyev ağır güzəranından şikayətlənməyə başladı. Dedi ki, uşaqları işləmir, özü həbs olunub və prezidentin humanistliyi sayəsində vaxtından əvvəl azadlığa çıxıb. Məndən xahiş etdi ki, oğlunu Moskvada işə düzəldim. Sözlərindən belə başa düşdüm ki, məndən əvvəl Telman İsmayılovun evində olub və ona da eyni xahişlə müraciət edib. Ona dedim ki, oğlunu işə düzəltməyə çalışaram. Sonra o, mənə dedi ki, bir neçə ili həbsxanada necə keçirib və prezidentin sayəsində azadlığa çıxıb. Bununla bağlı ona dedim: “Sən görmürsən ki, mənə qarşı nə edirlər? Məndən İlham Əliyevə necə düşmən düzəldirlər? Sən bu adamlardan nə gözləyirsən?”
Sonra eşitdim ki, onu yenidən həbs ediblər. Axı niyə? O, ədalətli və təmiz adamdır. Ağır xəstədir. Allah eləsin onu tezliklə azadlığa buraxsınlar. Ancaq onlar heç bir xüsusi münasibətlərimiz olmayıb. Adamdır, xahiş edib. Nə etməli idim, dönüb getməli idim?
Yaxud Nicat Quliyevin (ötən il həbs olunmuş sabiq xarici iqtisadi əlaqələr naziri-red.) həbsini götürək. Guya onun bağ evindən mənim üstündə “Abbasik” yazılmış şəklim çıxıb. Qulaq asın, mən bu Nicat Quliyevi 15 ildir görmürəm. Bunu onun ətrafında olan adamlardan, qohumlarından, nəhayət, özündən soruşa bilərsiniz.
-Ancaq sizinlə bir sırada özünün kəskin müxalifətçi və üstəlik təxribatçı çıxışları ilə hakimiyyəti qıcıqlandıran Söyün Sadıqov da var idi. Onun seçkilər ərəfəsində prezidentə qarşı yönəlmiş çirkin bəyanatlarını yada salın!
Davamı olacaq