Baş nazirin keçmiş birinci mavini, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri Abbas Abbasov Azərbaycanda yenidən hədəfdədir.
Ekspertlər onun Kremlyönlü siyasətçi, gah Qarabağı Rusiyanın tərkibinə birləşdirməyə çağıran, gah da Azərbaycan xalqını təhqir edən Vladimir Jirinovskinin son səs-küylü bəyanatlarına reaksiya verməməsindən hiddətlənir.
Haqqın.az və virtualaz.org saytları hələ bir neçə həftə əvvəl A.Abbasovun mətbuat xidmətinə müraciət edərək ondan müsahibə götürmək xahişini çatdırmışdı. Son hadisələr bizim təşəbbüsümüzü sürətləndirdi.
A.Abbasovun oğlu, Milli Məclisin deputatı Aydın Abbasovun dəstəyi ilə biz onunla əlaqə yarada bildik. A.Abbasov bizim bütün suallarımıza cavab verdi. Gözlədiyimizin əksinə olaraq söhbətimiz xeyli uzun, məzmunlu və gərgin, eyni zamanda kifayət qədər maraqlı alındı.
Görünür, bütün bu müddət ərzində Abbas Abbasova ünvanlanası çox suallar yaranmışdı. Eləcə də onun özünün verəcəyi cavablar çox idi.
Beləliklə, Abbas Abbasovla müsahibənin birinci hissəsini oxuculara təqdim edirik:
I HİSSƏ
-Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycana həsr olunmuş son iki çıxışı ölkənin ictimai rəyində ciddi narazılıq yaratdı. Əgər bu bəyanatların müəllifi başqası olsaydı, yəqin belə reaksiya yaranmazdı. Lakin məhz Kremlyönlü siyasətçinin Qarabağı Rusiyaya birləşdirmək təklifindən söhbət gedur. Elə Rusiyanın özündə də deyirlər ki, Jirinovski Rusiya rəhbərliyinin arzusunu dilə gətirən adamdır. Qarabağa dair bəyanatın ardınca o, Azərbaycan xalqını təhqir etdi. Bu gün çoxlarında sual yaranır ki, Abbas Aabbasov Jirinovskinin və onun kimi şəxslərin hücumlarına niyə reaksiya vermir?
-Jirinovski Rusiyada xəstə adam kimi tanınır. O, xəstə təxəyyüllü adamdır. Onu adam saymaq mümkün olmasa da Rusiyanı münaqişəli situasiyalara çəkir. Jirinovskini çoxdan cəmiyyətdən təcrid etmək lazım idi. Onun fikirlərinə qulaq asmaq kifayətdir ki, siyasi təlxək olduğunu, Rusiyanı münaqişələrə çəkdiyini və millətlərarası sülhü pozduğunu dərk edəsən. O, təkcə ruslarla azərbaycanlılar, dağıstanlılar, çeçenlər və s. arasında nifaq salmır. Eyni zamanda həmin xalqların yaşadığı ölkədə özünə qarşı nifrət yaradır.
Yəqin xatırlayırsınız, Çeçenistan prezidenti Ramzan Kadırov onu “it” adlandırmışdı. Mənim tərbiyəm bunu deməyə imkan vermir, lakin mən Kadırovla 100 faiz razıyam. Çünki bu adam Rusiyanın dövlət strukturlarının millətlərarası münasibətlərin sabitləşməsinə yönələn səylərinin üstündən xətt çəkir.
Hətta daxili millətlərarası stabilliyə zərbə vurmaqla o, başqalarının da bostanına daş atır və Rusiya üçün yeni problemlər yaradır. Birinci dəfə deyil ki, o, türk millətinə və dövlətinə çirkab atır. Görünür, onun türk millətindən hansısa qisası var Axı o, Türkiyədə işləyib, orada həbs olunub. Ola bilsin orada ona nəsə ediblər və nəticədə gizli incikliyi qalıb. Söhbətin nədən getdiyini təxmin edirik.
Rusiyada yaşayan azərbaycanlılar bu siyasət təlxəyinin hərəkətlərindən dərin hiddətlərini ifadə edirlər. Bu gün Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti Jirinovskinin son açıqlamalarına hüquqi qiymət verilməsi üçün məhkəməyə və İstintaq Komitəsinə müraciət edib. Eyni zamanda biz Rusiya Prezidentinin Administrasiyasına məktub göndərmişik. Məktubda göstərmişik ki, Jirinovskinin bu cür çıxışları təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda yaşayan bütün xalqları bezdirib. Biz bu barədə ayrıca bəyanat da hazırlayırıq.
Görün Azərbaycan və Rusiyanın siyasi rəhbərliyi dövlətlərimiz arasındakı münasibətlərdə stabilliyi saxlamaq üçün hansı səylər göstərirlər. Və bu cür təxribatlar bizim hamımızı birləşməyə və Jirinovski kimilərinin xeyirxah qonşuluq münasibətlərimizə zərbə vurmasına imkan verməməyə çağırır. Vaxtilə “AzerRos” Jirinovskini məhkəməyə vermişdi və üzr istəməyə məcbur etmişdi. Ancaq bundan nəticə çıxarmadı. Eybi yoxdur, bu dəfə də üzr istəyər.
“AzerRos”un Ağsaqqallar Şurasının rəhbəri kimi bəyan edirəm ki, biz heç vaxt öz millətimizi, həmvətənlərimizi, ölkəmizi hansısa yaramazın ayağına vermərik. Buna qəti şübhəniz olmasın. Biz Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmağa çalışan belə adamlara qarşı mübarizəni davam etdirəcəyik.
-Beləliklə, sizin sözlərinizdən belə çıxır ki, bu cür fikirlər Kremldəki əhval-ruhiyyəni əks etdirmir? Rəsmi hakimiyyətin mövqeyi deyil? Yaxud Rusiya istebleşmentinin bir hissəsinin mövqeyini əks etdirmir?
-Rusiyada azərbaycanlılara münasibət çox yaxşıdır. Bu münasibətlərin səviyyəsi Jirinovski və onun kimilərin belə sərsəm fikirləri ilə müəyyən olunmur. Bizim dövlətlərimizin liderləri İlham Əliyevin və Vladimir Putinin mövqeləri ilə müəyyən olunur. Əməksevər və qurub-yaradan azərbaycanlılar burada problemsiz yaşayır, heç kim bizə toxunmur, heç kim bizi hansısa siyasi avantüralara cəlb etmir. Baxmayaraq ki, KİV-lərdə, ik növbədə Azərbaycan nəşrlərində Rusiyada böyük uğurlar qazanmış, ancaq öz Vətəninə – Azərbaycana sadiq qalan hörmətli azərbaycanlılar haqqında təhqiramiz yazılara rast gəlinir.
Bilməlisiniz ki, Abbas Abbasov “AzerRos”un Ağsaqqallar Şurasının sədri postuna prezident İlham Əliyevin tövsiyəsi ilə seçilib. Mən və digər nüfuzlu azərbaycanlılar heç vaxt satılmarıq, öz xalqımızı, dövlətimizi satmarıq. Burada azərbaycanlılara yüksək səviyyədə münasibət var. Kremlin heç bir müdaxiləsi yoxdur və bu stereotiplərdən qaçmaq lazımdır. Bax, elə sizin antirusiya yazılarınız aranı qarışdırır, çünki heç bir Kreml rəsmisi Azərbaycanla münasibətlərin korlanmasını istəmir. Tam məsuliyyətlə və səmimi olaraq deyirəm ki, bu mifi dağıtmaq lazımdır. Kremlə toxunmayın, Rusiyaya toxunmayın! Biz burada normal yaşayırıq. Və hamının cavabını verəcəyik, buna şübhəniz olmasın.
-Mən sizdən bu günlərdə verdiyiniz səs-küylü bəyanat barədə soruşmaq istəyirəm. Həmin bəyanatda siz açıq şəkildə Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsini dəstəkləmişdiniz. Axı Rusiya başqa ölkənin ərazilərini işğal edib. Və sizin bəyanatınız Azərbaycan cəmiyyətində, ictimai rəyində anlaşılmazlıqla qarşılanır…
-Olar cavab verim?
-Buyurun.
-Eynulla, bu traktovkanı siz fikirləşdiniz, məhz siz. Mən Ukraynaya, Krıma hərbi müdaxilə haqda danışmamışdım. Mən başqa şey deyirdim. Rusiya prezidenti Federasiya Şurasına müraciət edərək münaqişənin nizamlanması üçün silahlı qüvvələrdən istifadə icazəsi istəmişdi. Mən demirdim ki, Putin Ukraynaya qoşun yeritməyə və orada müharibəyə başlamağa hazırlaşır. Axı Rusiya prezidenti Putin açıq şəkildə dedi ki, yuxarı palataya silahlı qüvvələrdən istifadə barədə icazə verilməsi üçün xahiş edib. Lakin bu icazədən hələ də istifadə etməyib və Ukrayna ərazisinə müdaxilə olmayıb. Mən sərhədlərin toxunulmazlığını və bütövlüyünü dəstəkləmişdim. Daha nə deməli idim? Və mən nəyi düz deməmişdim?
Erməni KİV-lərini oxuyun, orada hər gün yazırdılar ki, Azərbaycanda hansısa çaxnaşmalar olacaq. Mən deyirdim yox, heç bir çaxnaşma olmayacaq. Bizim xalqımız müdrikdir və ağıllıdır, İlham Əliyevin yürütdüyü siyasət xalqımızın maraqlarına cavab verir. Ancaq siz götürüb bu bəyanatı şişirtdiniz və məndən Azərbaycan xalqının düşməni düzəltdiniz.
-Axı Rusiya Krımı işğal etdi və bunu inkar etmək mümkün deyil. Diqqət yetirin, Rusiyanın Avropa Şurasındakı səfiri Roman Kokorev artıq açıq şəkildə bildirir ki, Ukraynanın işğalı bilə məsələ bitməyəcək, Rusiyanın tərkibinə Moldova, qalan SSRİ respublikaları da qayıdacaq. Bəs birdən sabah Rusiya Azərbaycana müdaxilə etmək niyyətinə düşsə? Axı söhbət Azərbaycanın müstəqilliyinin başı üzərini alan təhlükədən gedir?
-Hələ bu günkü beynəlxalq siyasi vəziyyəti diqqətlə araşdırmaq lazımdır. Bunun mənə dəxli yoxdur, mənə Azərbaycanın, ümummilli problemimiz olan Dağlıq Qarabağın dəxli var. Bu gün Rusiya Krım haqda danışır, orada milyon yarım rus yaşayır. Qarabağda bir nəfər də rus yoxdur. Və Rusiya bu gün Qarabağı nə Ermənistana, nə digər subyektlərə birləşdirməyə hazırlaşmır. Rusiya Qarabağ probleminin dinc yolla həllinə tərəfdardır. Hesab edirəm ki, Rusiyanın Minsk Qrupundakı həmsədrliyi bu ölkənin Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq öhdəliyini artırır. Digər tərəfdən Azərbaycanın ərazisi olan Qarabağən statusunu niyə şübhə altına almalıyıq. Siz situasiyanı niyə qızışdırırsınız və ictimai rəyi ayağa qaldırırsınız? İlham Heydəroviç və Vladimir Vladimiroviç öz aralarında dil tapacaqlar, inanın mənə.
Bu nə sualdır axı? Rusiya Qarabağa necə müdaxilə edə bilər, bir halda ki, orada bir nəfər də rus yoxdur? Bundan əlavə beynəlxalq ictimaiyyətin mövqeyi var, bunu yaddan çıxarmaq olmaz. Axı Rusiya ilə münasibətləri korlamaq üçün bəhanə yoxdur. Bu, mənə aydın deyil. Və Azərbaycanın da öz “jirinovskiləri” var və onlarla da məsələni ayrıd etmək lazımdır. Mən bir dəfə açıq bəyanatla çıxış edib Rusiyaya ilə dostluğa çağırmışam. Nəyə görə biz bu cür nəhəng dövlətlə münasibətlərimizi korlamalıyıq? Mən bunu başa düşə bilmirəm. Vladimir Putinin Azərbaycana və İlham Əliyevə olan münasibətindən istifadə etmək lazımdır. Bu münasibətini o, hələ Bakıya səfəri zamanı ortaya qoyub. Gəlin hadisələrə bu rakursdan baxaq. Süni düşmənçilik yaratmaq nəyə lazımdır? Burada milyondan çox azərbaycanlı yaşayır və ilk növbədə bu insanların taleyini fikirləşmək lazımdır.
Eynulla, mənim sənə böyük hörmətim var, ancaq mən səni qərəzli olmamağa çağırıram. Sizin sayt Rusiyada oxunur, onu xeyli həmvətənlərimiz izləyir. Mən sizə səmimi şəkildə deyirəm ki, həmişə saytınızı böyük maraqla oxuyuram. Orada çoxlu ağıllı yanaşmalar və fikirlər yer alır. Heç bilirsinizmi ki, Heydər Əliyeviç Rusiya ilə bu cür yüksək etimada əsaslanan etibarlı münasibətləri hansı çətinliklə qurub? Axı mən baş nazirin I müavini olaraq bu prosesin iştirakçısı idim. İlham Heydəroviç də Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirir.
Ancaq mən başa düşmürəm ki, Rusiyadan düşmən obrazı yaratmaq nəyə lazımdır. Azərbaycan nazirləri və məmurları Rusiyaya niyə səfər etmir? Gecə-gündüz ermənilər burada bütün kabinetlərin qapısının ağzındadır və güclü iş aparırlar. Bəs bizim ölkənin belə ləngiliyinin səbəbi nədir? Mənim qismimdə düşmən obrazı yaratmaq nəyə lazımdır axı? Mən ömrümün 15 ilini Azərbaycana vermişəm, ona görə ki, məndən düşmən düzəltsinlər? Mən öz dövlətimin düşməni olmamışam və olmayacam.
İlham Əliyev mənim qardaşım, dostumdur. Və mən heç vaxt Heydər Əliyevin kursundan dönməyəcəm. Yumruğumuzu birləşdirib ümummilli problemlərimizin həllinə yönəlmək əvəzinə öz evimizdə intriqa və parçalanma yaradırıq. Mənə bunu görmək ayıbdır.
-Abbas Aydınoviç, ancaq elə dünən (martın 18-də-red.) Qarabağda Krımı dəstəkləmək üçün yerli hökumət səviyyəsində konsert-mitinq təşkil edilmişdi. Rusiyada bunu təsadüf sayırsınız? Digər tərəfdən, deyirsiniz ki, biz Rusiyadan düşmən obrazı yaradırıq. Axı Rusiya özü Ermənistanda baza yerləşdirib, hərbi-strateji müttəfiqliyini möhkəmləndirib. Bəlkə Rusiyanın Azərbaycana münasibəti heç səmimi deyil?
davamı olacaq