Milyonların qatili olan əliqanlı, qəddar, amma idealist və kasıb diktatorlar ötən əsrdə qaldı. Öləndən sonra Hitlerin heç bir şəxsi varidatı, milyonları qalmamışdı.
Stalinin düz-əməlli bir kostyumu belə yox idi, öləndən sonra borc kağızları qalmışdı.
Məşuqəsi ilə birlikdə edam edilən Mussolininin də böyük varidatı çıxmamışdı.
Halbuki onlar öz dövlətlərinin hökmdarı idilər, hamı onların qulu idi, istəsələr, qısa müddətdə milyardlar yığardılar. Yığmamışdılar.
Bunun əvəzində onlar hansısa şübhəli ideyalar naminə milyonlarla insanın həyatını puç etmiş, əsas şövqlərini varidata yox, insanları həşərat kimi qırmağa həsr etmişdilər.
Ancaq ötən əsrin ikinci yarısında əmələ gələn diktatorların hamısı zəngin idi.
Filippinin diktatoru Markosun milyardları, xəzinələri qaldı, ölkədən ölkəyə daşındı.
Rza şah Pəhləvinin milyardları hələ də orda-burdadır, nəslindən sağ qalanlar xərcləyir.
Ata-oğul Düvalyelərin hakimiyyətdən devrildiyi 20 ildən artıqdır, oğul Düvalye kasıb ölkədən yolduğu milyonlarla hələ də Fransanın cənubundakı dəniz kurortlarında zövq-səfa içində yaşayır.
Səddam Hüseynin özündən sonra bir neçə ton qızılı, topdağıtmaz sarayları, bahalı maşınları qaldı, əvəzində nəslindən bir başıpapaqlı qalmadı.
Mübarəkin 70 milyardlıq varidata malik olduğu deyilirdi, özünün taleyi məlum olsa da, milyardların sonrakı taleyi müəmmalıdır: kimə çatdı, kim bölüşdürdü, necə elədilər, bilinmir.
Dünya ictimaiyyətinə çadırda yaşadığı, sadə bir həyat keçirdiyi barədə nağıllar üfürülən Qəzzafinin rüsvayçı qətlindən sonra milyardları, qızıl sarayları qaldı. Heç demə, dünyanın ən zəngini məhz o imiş, ancaq bu sərvəti nə özü, nə də övladları xərcləyə bildi.
Uzun sözün qısası, müasir dünyada hansı diktator devrilir, az sonra onun milyarder olduğu üzə çıxır.
Hazırda Ukrayna prezidenti Yanukoviçin varidatının bir hissəsi faş olub: içində möhtəşəm villası olan təmtəraqlı malikanə, nadir maşınlardan ibarət kolleksiya, qızıl unitaz, bank hesabları və s.
Bunlar onun malik olduğu sərvətin bir qismidir. Varidatın bir hissəsi sonradan ortaya çıxacaq. Mühüm bir hissəsi isə heç vaxt aşkar olunmayacaq. Onlar daha etibarlı yerlərdə gizlədilib.
Diktatorların, avtoritar rejim başçılarının hakimiyyətdən dördəlli yapışmasının sirri məhz budur: varidat, sərvət, milyardlar.
Onlar dövlətin ali postunda oturmağın səfasını, faydasını gen-bol görməsələr, xalqın səsi ilə əldə etdikləri vəzifədən ötrü xalqın balalarının qanını tökməzlər.
Zatən, demokratik ölkələrin o qədər də varlı olmayan prezident və baş nazirləri ölkələrində yaranan ilk ciddi siyasi böhran zamanı dərhal istefa verib gedirlər və problem həll olunur.
Onlar da dirəşə bilərlər, “iki il öncə məni bu vəzifəyə xalq seçib, müddətim bitənə qədər bu postu tərk etməyəcəm”, deyə, rəqiblərini hədələyə bilərlər. Amma etmirlər.
Onlar başa düşürlər ki, iki il öncə xalqın səsiylə hakimiyyətə gəliblərsə də, bu iki ildə xalqın rəyi dəyişib, seçicilərin etimadını itiriblər, deməli, qeyri-legitim duruma düşüblər və artıq getməlidirlər.
“Kasıb” liderlər bu durumla, öz taleləri ilə asan barışır, “həyat davam edir” fəlsəfəsi ilə hakimiyyəti könüllü şəkildə tərk edirlər, ölkələrində yaşamaqda davam edirlər.
Milyarder rəhbərlər isə anlayırlar ki, hakimiyyətdən əl çəkən kimi sudan çıxarılmış balıq kimi olacaqlar. Artıq onların miqyası milyardlarla ölçülən varidatları, sərvətləri olmayacaq, hamısı əllərindən alınacaq, öz taleləri təhlükə altına girəcək, vətəndən qaçmalı olacaqlar.
Ona görə də onlar sona qədər dirəşirlər, xalqa silah qaldırmaqdan, qan tökməkdən qorxmurlar.
Hələ üç ay öncə Ukraynada Maydan hərəkatı başlayanda çoxları əmin idi ki, bir müddətdən sonra müxalifətin mitinqi zəifləyəcək və ilk fürsətdə Yanukoviç qansız-qadasız şəkildə meydanı təmizləyəcək.
Ancaq Maydan hərəkatı zəifləmədi, əksinə, daha da gücləndi. Bununla belə, yenə çoxları əmin idi ki, bir Avropa ölkəsində hakimiyyətə görə qan tökülməyəcək, qurbanlar olmayacaq.
Fəqət Maydanda 80 nəfər öldü və məlum oldu ki, Ukrayna hələ tamdəyərli Avropa ölkəsi adlandırılmağa layiq deyil, çünki onu idarə edənlər daha çox şərq təfəkkürlü insanlardır.
Qanlı 20 fevraldan bir neçə gün sonra Yanukoviçin devrilməsi, milyardlıq varidatının üzə çıxması isə göstərir ki, Ukrayna xalqı hər halda ayaqlarındakı pudluq daşlardan xilas olmaq, Avropaya qovuşmaq əzmindədir.