Medianews.az
NTV-nin YERSİZ qərəzi -
45 baxış

NTV-nin YERSİZ qərəzi - Bakı və İrəvan hədəfə BUNA görə gətirilir

Kremlin nəzarətindəki NTV telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. Yayımlanan reportajda erməni işğalı dövrünə xas təxribatçı terminologiyadan istifadə olunub. Diqqəti çəkən, həmçinin, hadisənin Ermənistanda seçki mühitinin qızışdığı və Baş nazir Nikol Paşinyanın Moskva səfəri ərəfəsi baş verməsidir.

Məsələ ondadır ki, süjet boyu ritorika yetərincə aqressiv və emosional xarakter daşımaqla yanaşı, Bakı və İrəvan arasında davam edən sülh prosesi əleyhinə açıq narazılıqla müşayiət olunub. Bundan əlavə, telekanal Paşinyanı sərt tənqid edib, o sırada onun 44 günlük müharibədən sonra regiondakı yeni reallıqları qəbul etməsi “Rusiyanın bölgəyə təsir imkanlarını zəiflədən faktor kimi” təqdim olunub.

“Xoruzun qırmızı quyruğu” da elə burda gizlənir...

Sirr deyil ki, keçmiş Dağlıq Qarabağ probleminin tarixin arxivinə verilməsi ilə Rusiya Güney Qafqazda Azərbaycan və Ermənistana ən azı, 100 illik (1923-2023) təzyiq rıçaqından məhrum olub. Öncə Praqada (2022, oktyabr) Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə imza atıb. 3 il sonra – ötən ilin avqustunda iki ölkə tarixində ilk dəfə sülh müqaviləsi XİN rəhbərləri tərəfindən paraflanıb. Həmin tarixdə, Ağ Evdə İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamənin 5-ci bəndində isə iki xalq arasında düşmənçilik səhifəsini bağlamağın vacibliyi vurğulanır.

Artıq sülh sənədinin imzalanması üçün bircə addım qalır. Şərti bəlli: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı məlum istinad çıxarılmalıdır. Fors-major vəziyyətlər olmasa, yəqin ki, ilin sonunadək dünya müvafiq referendumdan sonra bu olayın da şahidi olacaq.

Ən mühüm odur ki, Bakı və İrəvan arasında barışıq prosesi neçə ildir Rusiya daxil, heç bir vasitəçi olmadan aparılır və uğurla davam etdirilir. Ticari əlaqələr qaydaya düşməyə başlayıb. Azərbaycandan Ermənistana iki dəfə neft məhsulları göndərilib, taxıl daşınıb. Sərhədlərin bir qismi delimitasiya və demarkasiya olunub. Dustaq mübadilələri aparılıb, ikitərəfli etimadın bərqərar edilməsi üçün ictimaiyyət və QHT təmsilçilərinin qarşılıqlı səfərləri reallaşıb...

Moskva təbii ki, bütün bunlardan, yumşaq desək, məmnun deyil. Rusiyanın rəsmiləri, onun bir çox deputat və politoloqları hələ də Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə qınayır, bağışlamırlar.

Əsas səbəbə yuxarıda toxunduq. Çünki erməni baş nazir Kremlin “Qarabağ kartı”nın əlindən tamamən çıxması üçün özündən asılı olanı edib. İndi də o və komandası kritik parlament seçkilərinə yaxalarında “Real Ermənistan” xəritəsi ilə gedir. Bu isə ən əvvəl Moskvaya aydın bir mesajdır ki, daha qonşu ölkə Rusiyanın əlində Azərbaycana və Türkiyəyə təzyiq aləti olmaq, düşmənçilik eləmək istəmir...

Kremldə bütün bunları görürlər. Onun da yaxşı fərqindədirlər ki, qarşıdakı seçkilərin Güney Qafqaza Rusiyanın təsir imkanlarının minimuma enməsinin rəsmiləşməsi kimi yadda qalma ehtimalı böyükdür. Odur ki, Moskva əlindən gələni edəcək ki, Paşinyanln partiyası növbəti 5 ilə mandat ala, yaxud təkbaşına hökumət qura bilməsin. Əvəzində özünün proksi-qüvvələri, radikal-revenşistlər hakimiyyətin yüksək eşelonunda yerləşsinlər.

O radikallar ki, onların təmsilçisi Ermənistanda söz sahibi olan kimi yüzdə-yüz Bakı ilə birbaşa danışıqlardan imtina, sülh prosesini isə sabotaj edəcək və dərhal Rusiyanı vasitəçi qismində “oyuna” qaytarmağa çalışacaq. Kremlin minimum hədəfi bu. Ardınca “artsax erməniləri” mövzusundan süi-istifadə cəhdləri ola bilər.

Paşinyanın bugünkü Moskva səfəri çətin ki, sonuncunun Ermənistanla bağlı planlarına ciddi korrektəyə gətirsin. Ona görə ki, başı Ukraynaya qarışsa da, Rusiya öz köhnə imperialist xislətindən imtina eləməyib. Demək ki, İrəvan Bakı və Ankara ilə birgə hərəkət eləmək zorunda. Əks halda, altını yenə ən çox erməni xalqı çəkəcək...

Zahid SƏFƏROĞLU

Bizə qoşulun