Medianews.az
“Ərimlə sevişib neçə uşaq doğmağıma da nazir qərar verir” - FOTOLAR - VİDEO
245 baxış

“Ərimlə sevişib neçə uşaq doğmağıma da nazir qərar verir” - FOTOLAR - VİDEO

Taksim aksiyası bu qadınla başladı.

Publika.Az-ın “Ev havası” layihəsinin budəfəki qonağı türk aktrisa Şəbnəm Sönməzdir. Şəbnəm Sönməzi Türkiyədə olduğum müddətdə axtarmağım təsadüfi deyildi. Məlum Taksim hadisələri ilə bağlı AKP tərəfdarları daha çox onu qınayır. Şəbnəm Sönməz Türkiyə teatr aktyorlarının həmkarlar ittifaqının sədridir. Taksim “Gezi” parkının dağıdılması ilə bağlı ilk bəyanatı məhz Şəbnəm Sönməz oxuyub. Həmin bəyanatdan sonra Taksim etirazına digər həmkarlar ittifaqları, gənclər qoşulub.

Şəbnəm Sönməz – 1968-ci ildə İstanbulda doğulub. Orta məktəb illərindən teatra maraq göstərib. Pendik Gənclik Teatrı, Qartal Sənət Teatrı, Dormen Teatrı və Beşiktaş Kültür Mərkəzində işləyib. Daha sonra onu teleseriallara dəvət ediblər. Azərbaycan tamaşaçısı onu “Elveda Rumeli” serialı və “Aşk tesadüfleri sever” filmindən tanıyır.

- Sizcə, Azərbaycan tamaşaçısına simanız tanışdırmı?

- Bildiyim qədəri ilə Türkiyə istehsalı olan bütün serialları və filmləri Azərbaycanda böyük maraqla izləyirlər. Ancaq təəssüf doğuran bir şey var ki, Azərbaycan tamaşaçısı Sərdar Ortaçı, Emrahı daha çox tanıyır. Buna çox üzülürəm. Türkiyə mədəniyyətinin kənarda şou, yüngül musiqi ilə tanınmağı incəsənətin itirdikləridir. Elə məni də azərbaycanlı tamaşaçı serialdan tanıyır. “Yedi numara”, “Bir demet tiyatro”, “Elveda Rumeli”nin Azərbaycanda çox böyük maraqla qarşılandığını bilirəm.

 

- Siz həm də müəllim kimi fəaliyyət göstərirsiniz.

- Dövlət Konservatoriyasında teatr sənəti üzrə dərs verirəm. İstanbul Universiteti, Müjdat Gezen Sənət Mərkəzində musiqi dərsi keçirəm. Teatrda bədii rəhbərəm. Həmçinin Türkiyə teatr sənətçiləri həmkarlar ittifaqının idarə heyətinin sədriyəm.

- Həvəskar teatrla başlamısınız. Bu Azərbaycanda elə də çox yayılmayıb.

- Teatr sənətini öyrənmək istəyən gənc amator, yəni həvəskar teatrlarda vaxt və enerji sərf eləməkdən qaçmamalıdır. Bu çox vacibdir. Ən birinci ona görə ki, həvəskar teatrla çox gəzirsən, çox şey öyrənirsən. Həvəskar teatr yeniliklərə açıqdır. Səni sıxan, təzyiq göstərən heç nə yoxdur. İmprovizə etmək üçün münbit şərait var. Aktyor teatra, səhnəyə prestijinə görə seçim etdisə, ondan çox şey gözləmək olmaz.

- Türkiyədən baxınca Azərbaycan teatrı necə görünür?

- Təəssüf edirəm ki, Azərbaycan teatr aktyorlarından heç kimi tanımıram. Türkiyədə yaşayan dramaturq Xuraman Novruzovanı tanıyıram. Çox yaxın dostuq. Rollarımla bağlı onun münasibətini həmişə öyrənirəm.

- Taksimdə aksiyaçıların əlində “Teatrımızı rahat burax” yazılan plakatlar vardı. Türkiyədə teatr hansı təzyiqləri görür?

- Rəsmi olaraq demək olmaz ki, hansısa təyziqləri görür. Üzdə hər şey qaydasında imiş kimi təqdim edilir. Lakin müxtəlif bəhanələrlə teatr binaları qapadılır. Bir il əvvəl bələdiyyənin hesabında olan şəhər teatrına bir qrup adam gəldi. Şəhər teatrının idarəetməsi bir gecənin içində dəyişdirildi. Səhəri gün aktyorlar, teatr kollektivi toplandı. Yeni idarəetmə ilə işləməkdən imtina etdilər. Məlum olmuşdu ki, yeni gələn idarə sistemi tələb edir ki, teatrda onlar nə deyəcəksə o cür olacaq. Biz buna qarşı çıxdıq. Daha sonra Atatürk Kültür Mərkəzi, opera bağlandı. Səbəb göstərildi ki, bina çox köhnədir, zəlzələyə qarşı gücləndirilməlidir. Ancaq binanın təmir edilməsi üçün opera və balet teatrının bağlanması vacib deyildi. Atatürk Kültür Mərkəzi bağlandıqdan sonra opera və balet teatrı alış-veriş mərkəzlərində kiçik otaqlarda fəaliyyət göstərməyə başladı. Atatürk Kültür Mərkəzi İstanbulun, opera və balet teatrının simvoludur. Opera üçün böyük səhnə, böyük bina lazımdır.

Özəl teatrlara gəlincə, onları bilərəkdən borclandırdılar. Elə etdilər ki, onlar işləyə bilmədi və fəaliyyətlərini dayandırdı. Sonra qəfildən qərar verdi ki, ödənişli teatrları bağlayıram. Bununla bağlı heç kimlə məsləhətləşmədi. Türkiyədə teatrın təməlini qoymuş, sağ insanlar var. Dünyanı görmüş, mədəniyyəti bilən teatr bilicilərimiz var. Heç kimin fikri öyrənilmədi. Bir binanın təmiri barədə mən danışa bilmədiyim kimi, teatrın da qapadılması barədə teatrdan başı çıxmayan adam qərar verə bilməz. Mənim işimlə bağlı qərar fikrim soruşulmadan verilir. Bu da mənim kimi bir çox aktyorları işindən soyudur. Səhnə yoxdursa, mən necə işimi görə bilərəm? Biz Türkiyədə heç hesab edilirik, fikrimizi soruşan yoxdur. Təkcə teatrda yox, televiziyada da təzyiqlər var. Təsəvvür edin, sizə bir serial təqdim edirlər. Rolunuzu oxuyursunuz. Çəkilişlərin ortasında mətn və xarakter dəyişir. Bunu tamaşaçı hiss etmir. Amma aktyor üçün psixi olaraq çox əziyyət verir.

 

 
- Türkiyə istehsalı olan seriallarda başı qapalı qızların sayı qəfildən artdı.
- Mən başın örtülməsinin, dindarlığın qətiyyən əleyhinə deyiləm. Anamın da başı bağlı idi. Başın bağlı olması yox, zeyniyyətin bağlı olması təhlükədir. Məni insan maraqlandırır, onun görünüşü yox. Söhbət sənətdən gedirsə, sənət ayrı bir şeydir. Əgər gözəl bir şey ortaya çıxartmaq istəyirəmsə, buna şərait yaradılmalıdır. Bir işi yoğurmaq, onu doğub ortaya çıxartmaq, sonra içinə özünü qoymaq asan məsələ deyil. Əsl sənət gündə yaranan hadisə deyil.
 
- Deməli, serialı sənət əsərinə aid etmək olmaz. Başladısa, bitmək bilmir. Hər gün eyni aktyoru müxtəlif seriallarda görə bilirik.
- Serialların uzunluğu tamaşaçını bezdirir, bizi isə məhv edir. 36 saat serial çəkilişində oluram.
 
- Buna dözməyə sizi maddiyyat məcbur edir?
- Xeyr. Çəkilişi yarımçıq qoyub getsəm, iş dayanar. Mənim ucbatımdan bir çox insan işini, gəlirini itirər. İş yoldaşlarıma görə bəzən çox şeyə dözməli oluram. Bu mənə mənəvi təzyiqdir.
 
- Hökumət tərəfdarları Taksimdə baş verənlərin başlanma səbəbi kimi sizi görür. Hər şey necə başladı?
- Mən teatr aktyorları həmkarlar ittifaqının sədriyəm. “Gezi” parkının qorunması üçün həmkarlar ittifaqları bütün birliklərə bəyanat yolladı. Bizim həmkarlar ittifaqından isə insanlar məni sima olaraq tanıdıqları üçün bu işə mən təyin edildim. Mən İstanbulda yaşamaq istəyirəm, parkımın olmasını istəməyim də haqqımdır. “Tvitter” sosial şəbəkəsində çox sayda izləyicim var. Aksiya başladıqdan sonra da şəhərin hansı yerində polislər bibər qazı atırdılarsa, “Tvitter”dən yazıb bildirirdim. Beləliklə, məni bu aksiyanın təşkilatçısına çevirdilər. Və ya “polisə daş atanları içinizdən ayırın, provakasiyaçılar sizdən deyil”yazırdım. İndi isə deyirlər ki, mənim uzun müddət planlaşdırdığım hadisə baş tutub. İndi isə saysız-hesabsız yalan suçlamalarla üzləşirəm. Deyirlər ki, guya içkili halda aksiyanın başlandığı gecə məscidə girmişəm. Qazdan boğulmuş adam içki içə bilərmi? Bu nə qədər mümkündür?
 
- Hansı təhdidlərlə qarşılaşırsınız?

- Baş nazir ölkəyə qayıtdığı gecə təhdidlər çoxaldı. Həmin gecə sosial şəbəkələrdə mənə təhqirlər gəldi. Çoxu yazırdı ki, guya mən ölkəni iki yerə parçalamışam. Dünya siyasi tarixində görünməyib ki, bir insan hansısa inqilaba səbəb ola bilsin. Xalq uzun müddət idi ki, dolmuşdu. “Gezi” parkı isə boğaza yığılmış xalqın səbrini daşdırdı. Məni ölümlə təhdid edirlər. Yazırlar ki, yediyin qazlar sənə az gəlib, evindəcə öldürəcəyik. Baş nazir ölkəyə gəldiyi gün sevgi və ümid dolu çıxış etsəydi, heç kim mənimlə bu cür danışmağa cəsarət etməzdi. Onun belə danışması mənim ümidimi yıxdı. Baş nazirin çıxışına son dəqiqə qalmış hələ də ümidim var idi. Ölkə küçələrə səpələnib etiraz edir. Hələ də bunu görə bilmirsə, mən nə deyə bilərəm. İnad etdikcə, etiraz edənlərin sayı da çoxalır, etirazçı kəsimə təhdidlər də. Türkiyədə bu qədər həbsxana yoxdur. Küçələrdəki bu qədər insanı içəri sala bilməz.

- Taksim hadisələri kürd problemini səngitdimi?

- Türkiyədə vətəndaş olaraq türklər və kürdlərin arasında heç vaxt problem olmayıb. Biz illərdir, eyni cəmiyyətdə yaşayırıq. Əvvəllər isə problemimiz yox idi. Lakin kənardan müdaxilə olarsa, insanların beyninə “sən onlardan deyilsən” fikri yeridilərsə, təbii ki, ən ideal cəmiyyətdə də problem yaşanar. Kürd problemi süni formada yaradıldı. Türkiyədə təkcə kürd problemi yoxdur. Bu ölkədə təriqət problemi də var. Şiələr istədikləri kimi dini ayinlərini həyata keçirə bilmirlər. Mən şəxsən heç vaxt Rəcəb Tayyib Ərdoğana səs verməmişəm. Bunun üçün öz səbəblərim var. Dilində, ürəyində kin yaşadan insanla mən eyni yolda gedə bilmərəm. O, özü deyir ki, dindar və kindar nəsil yetişdiririk. İslam kini qəbul etmir. Bu necə dindarlıqdır?

- Sizcə, Türkiyə ictimaiyyəti həqiqətən dindardırmı?

- Bəli. Türkiyə dini bütöv bir ölkədir. Şəxsən mən Allaha çox inanıram. Allahdan qorxmuram, onu sevirəm. İnsan oğlu qorxduğunu sevə bilməz. Allah da məni sevir. Heç vaxt cəzalandırmadı, xəbərdarlıq etdi. Bu bağ mənimlə Allah arasındadır. Heç kimi qarışdırmıram. Türkiyədə hər dindən insan var. Bütün ölkələr onsuz da dinlə idarə edilir. Ancaq dini bütöv insan tapmaq asan iş deyil.

- Ancaq Səudiyyə Ərəbistanında da Türkiyə qədər məscid yoxdur.

 

- Biz daha böyük ölkəyik. Buna sevinmək lazımdır. Dini işlər üzrə idarə deyir ki, bizdə hələ də məscid azdır. Tiksinlər. Bəs, Cemevləri niyə tikilmir? Şiələrin haqqı niyə qorunmur? Avropa ölkələrində uzun yollarda hər bir kilometrdən bir inanc yerləridir. İnsanlar orada həm dincəlir, həm də ibadət edir. Halbuki, xristianların davamlı olaraq kilsəyə getmək məcburiyyətləri yoxdur. Müsəlmanlar isə gündə 5 dəfə namaz qılır. Məscidin çox olması gözəldir. Ancaq sinaqoq da, cem evi də, kilsə də olmalıdır.

 

- Türkiyədə qadın aktrisa olmaq avantajdır?

- Dünyanın heç bir ölkəsində qadın aktrisa olmaq avantaj deyil. Qadın 40 yaşa gələnə qədər diqqət mərkəzindədir. Qırx yaşdan sonra isə onu rejissorlar “xala”obrazına çağırır. Halbuki, qırx yaşdan sonra aktyorlar ən təcrübəli dövrlərini başlayır. Şeron Stoun belə, bu depressiyanı yaşayır. Türkiyədə gəncsiniz, gözəlsiniz, deyilən hər şeyi edərsəniz, az zamanda məşhur və pullu aktrisa olarsınız. Ancaq öz fikriniz, düşüncəniz varsa, işinizin ömrü uzun olmaz. “Qırx yaş” adlı Hollivud sənədli filmi var. Yaşı qırxı keçdikdən sonra aktrisaların çəkdiyi psixoloji problemləri əks etdirir.

- Türkiyədəki hadisələrin Rusiyadan maliyyələşdiyini iddia edənlər də var. Aksiyalarda fəal biri kimi, nə deyə bilərsiniz? Rusiya ilə aksiyaçıların maddi əlaqəsi varmı?

- Aksiyaçılar belə bir iddiaya ancaq gülüb keçə bilər. Bu uşaqların küçəyə necə çıxdıqlarını görən olmadı. Aksiyadakılar “notebook”, “tvitter”, “facebook” uşaqlarıdır. Onları sosial şəbəkələr yetişdirir. Rusiyadan dəstək alan uşaqlar varsa, onlarla tanış olmaq istəyirəm. İlk gündən indiyədək meydandayam. Aktrisayam. O qədər qaz udmuşam ki, nəfəsim zorla gəlib gedir. Kimdən pul almışam?

- Sosial şəbəkələr həqiqətənmi “baş bəlası”dır.

- Kimin üçünsə ola bilər. Bu sözü baş nazir deyib. Sosial şəbəkələri bəyənməsə də bağlamır. Çünki sosial şəbəkədən izləyirlər ki, meydanlarda daha çox aktiv kimdir, nələr olacaq.

- Türkiyədə hər həftə yeni bir film təqdim edilir. Keyfiyyət sizi qane edirmi?

- Doğrudur. Kimin pulu varsa, ağlına bir ideya gəlirsə, başına 5-6 adam yığıb film çəkir. Bu filmlər baxış sayına görə rekord da qırır. Lakin az keçmədən sabun köpüyü partlayır. Yerində sənət və əsl film yox, sabunun toxunmaq istəmədiyin, qaşındıran suyu qalır. Ssenari kifayət etmir. Bütün çəkiliş qrupu proffessional olmalıdır. Biri əskik olsa batar.

- Türkiyədə qadın haqlarının müdafiə olunduğunu, qorunduğunu düşünürsünüzmü?

- Müsahibə boyunca çox istəyərdim ki, hansısa sualınıza müsbət yüklü cavab verim. Amma heyf ki, mən hər şeyi olduğu kimi demək məcburiyyətindəyəm. Qadınlar bu ölkədə fiziki, psixoloji, iqtisadi təzyiq görməmək, bərabər əmək hüquqları, bərabər gəlir tələb edirlər. Biz bunları tələb ediriksə, məntiqlə demək, bunlar bizdə yoxdur. Bizim abort haqqımız da yoxdur. Abort qadağan olunduğu günün səhərisi uşaq salmaq üçün həblər də satışdan yığışdırıldı. Hansı qadın haqlarından danışmaq olar?

Nə bədənim, nə fikrim mənimdir. Heç ərim də mənim deyil. Onunla sevişib neçə uşaq doğmağıma da baş nazir qərar verir. Mənim haqlarım varsa, niyə dava edirəm? Qanun varsa niyə tələb edirəm? Olmayan şeyləri tələb edirik. Bütün dünyada uşaqlara cinsi təcavüz hallarına rast gəlinir. Lakin dünyanın heç bir ölkəsində uşağa cinsi təcavüz edən bir adamı bir neçə ay sonra azad etmirlər. Nedim Şener adlı jurnalisti illərdir həbs ediblər. İllərdir, qızını görə bilmirdi. Qızı anası ilə Silivriyə gedib. Həbsxanada 6 yaşlı qızı çılpaq soyundurublar. Cinsi orqanını da yoxlayıblar. Bu dəhşətdir, cinsi təcavüzdür. Bu hadisələrdən sonra insanların niyə bu qədər aqressiv olmasına təəccüb etmək axmaqlıqdır.

- Sizcə, sənət adamlarının Türkiyə ictimaiyyətində hələ də sözü keçirmi? Dəstək aldınızmı?

 

- Məni aksiyalarda olmağıma görə qınayırlar. Vəzifə borcumu yerinə yetirirəm. Hamı meydanda olmağa məcbur deyil. Dəstək vermək üçün meydana çıxmaq vacib deyil. Sənətkar evindən yazı ilə dəstək verməsi bəs edir. Biz çox şey istəmirik. Primitiv insan haqlarımızı tələb edirik. Mənim itirəcək heç nəyim yoxdur. Bu dünyada quru canıma cavabdehəm. Malım, mülküm, işim maşınım da yoxdur. Bir canım var, atamız vurarsa, anamıza qaçarıq. Anamız da qara torpaqdır.

 

 

 

http://www.youtube.com/watch?v=RRhpVgZVF20

 

 

 

http://www.youtube.com/watch?v=iAb8Iu3-ZG4

Bizə qoşulun