Medianews.az
CASCFEN daha bir Qazaxıstan təşkilatı ilə əməkdaşlığı rəsmiləşdirdi
148 baxış

CASCFEN daha bir Qazaxıstan təşkilatı ilə əməkdaşlığı rəsmiləşdirdi

 Mayın 7-də Qazaxıstanın keçmiş paytaxtı Almatı şəhərində bu ölkədə fəaliyyət göstərən “Jurnalistlər Təhlükədə” İctimai Fondu ilə mərkəzi qərargahı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) arasında memorandum imzalanıb.

CASCFEN sədri Azər Həsrətin Almatıdan verdiyi xəbərə görə, “Qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək yönündə işbirliyi haqqında” memorandum adlanan sənəd onu imzalayan tərəflərin on ilə yaxın davam edən işbirliyini rəsmiləşdirmək üçündür.

“Bu sənədə görə CASCFEN və “Jurnalistlər Təhlükədə” İF hər iki ölkədə söz və mətbuat azadlığı, həmçinin jurnalistlərin hüquq və azadlıqlarının qorunması, eyni zamanda beynəlxalq səviyyədə qarşılıqlı dəstəklə bağlı öhdəlik götürür. Bu işi daha yaxşı gerçəkləşdirə bilmək üçün tərəflər sənədə mütəmadi informasiya mübadiləsi ilə bağlı maddə də əlavə edib”, – deyə Azər Həsrət bildirib.

Xəbərdə o da deyilir ki, Memorandumu “Jurnalistlər Təhlükədə” İF adından qurumun direktoru Rozlana Taukina, CASCFEN adından isə sədr Azər Həsrət imzalayıb.

Azər Həsrət və Rozlana Taukina imzalanmış memorandumla

Onu da əlavə edək ki, aprelin 24-dən Orta Asiyada səfərdə olan Azər Həsrət bundan öncə Qazaxıstanın paytaxtı Astanada “Hüquq Media Mərkəzi” İctimai Fondu və Qırğızıstanın paytaxtı Bişkekdə “Jurnalistlər” İctimai Birliyi ilə bənzər sənədlər imzalayıb.

CASCFEN sədrinin mayın 8-də Azərbaycana qayıdacağı gözlənilir.

CASCFEN Mətbuat Xidməti

Bizə qoşulun