Zamin HACI
zaminhaci@gmail.com
Kölgələr günorta yox olur
Bəzən deyirlər: “Əgər Azərbaycanda aclar varsa, onlar hardadır?” Doğrudan da bizim ölkədə aclar yoxdur. Onlar yaransa da, tezliklə yoxa çıxırlar. Məsələn, Qazaxda 4 nəfərlik ailəsini dolandırmaq üçün meşədən ot-mot yığıb satan adam kimi.
Belə yeməli otlara rayon camaatı “pencər” deyir. Bu pencərlərin cürbəcür növləri var. Quzuqulağı, lalatərəsi (lalənin çiçəkləməzdən öncəsi, körpə cücərtiləridir və çox dadlı qutabı olur), qıjı (bu da indi jarqonla işlədilən “qıjı” deyil, adətən bulaqların gözündə bitən dadlı bir göyərtidir), qızıl pencər və sairə. İkinci dünya savaşı, o cümlədən SSRİ-nin boş dükanlar epoxasında camaatımız hər cür belə otları yeməyi öyrənmişdir.
Lakin yuxarıda söhbət açdığımız qazaxlı cəbhə xəttindən pencər yığıb satırmış. Bir gün yoxa çıxıb. İndi ermənilər də deyir bizdə belə adam yoxdur. Kimin Haruki Murakami kimi boş vaxtı varsa cəbhə xəttində ot yığmağa gedən və mistik şəkildə yox olan qazaxlı haqda roman yaza bilər. Maraqlı süjet xətləri qurmaq mümkündür.
Misal üçün, o qazaxlını Bakıya, Sabunçuda özünü asan mühafizəçinin ailəsinə gətirmək olar. O mühafizəçi 3 körpə uşağının aclığına dözməyib 3-4 gün qabaq intihar etmişdi. Qazaxlı yığdığı pencərləri ac uşaqlara verərdi, xoşbəxt kulminasiya nöqtəsi olardı. Romanın sonunda isə bütün qəhrəmanlar Elşad Abdullayevə müraciət imzalayıb qardaşını cəbhə xəttində, pencər yığanlar arasında axtarmasını tələb edərdilər.
Yaxud, adam qəfil deputatxanada peyda olardı. O yerdə ki, dünən Hesablama Palatası düşük hesabatını açıqlayırdı: “Filan müəssisədə mühasib qadın gərək saxta sənədə qol çəkməsin. Biz qadınlarımızı sevirik, onların həbsə düşməsini istəmirik”. Ölkə supermarket kimi idarə edilir, dövlət rəhbərliyi rəsmən şirkət yiyəsidir, bu da yol polisinin hansısa cəriməni kitaba salmadığına donquldanır… Bax, qazaxlı gəlib pencərləri tökərdi deputatların qabağına, deyərdi: “Yeyin, mənim şoppana balalarım”. Onlar da quzuqulağından, eşşək qanqalından bir dişdəm alıb: “Yaşıl meşəli, ömrüm nəşəli, Sevirəm səni, gözəl kəndimiz!” mahnısını oxuyardılar.
Adamlar təkcə sərhəd və cəbhə zonalarında yoxa çıxmırlar. Azərbaycanda adamlar və adamlıq hər yerdə qeybə çəkilməkdədir. Heç kim bu sirr məmləkətindən baş çıxarmır. Prezident aparatministrasiyasının (mən aparat və administrasiyanı sintez edib yeni qurum yaratdım) şöbə müdiri Əli Həsənov təzəlikcə dedi: “Azərbaycanın inkişaf sirləri nəinki azərbaycanlıları, hətta bütün dünyanı maraqlandırır”. Guya dünya iqtisadi böhrandan dağılırmış, yalnız Azərbaycan inkişaf edirmiş. Ancaq dünyanı başa düşdük, bəs azərbaycanlılar niyə bu sirli inkişafla maraqlansın ki? Bu bizə niyə sirdir ki? Bəyəm inkişafı gözümüzlə görüb, həyatımızla yaşamırıqmı? Qazaxda yox olan pencər yığıcısı inkişafın məhsullarından biri deyilmi, ay eviniz yıxılsın? Hər gün neçə ailədə işə düşən balta-bıçaqlar, ailəlikcə maşınlarını toqquşduran və o dünyaya yollanan azərbaycanlılar bu inkişafdan xəbər vermirmi?
Biz, göz dəyməsin, hər şeyi elə qəşəng bilirik ki… Dindarın cibinə qoyulan narkotikin yalan olmasından tutmuş, dövlət rəhbərinin ofşor şirkətlərinə, təhsil nazirinin məktəbləri batırıb-bulamasından, polis nazirinin restoranlarına qədər – min cür informasiyadan xəbərimiz var. Hər şeyi bilən, yalnız “bu işlərin axırının necə olacağını” bilməyən adamların yaşadığı yerdəyik. Dünyanın ortası, göbəyi bizim əraziyə düşür. İnanmayan ölçsün.
Ölçərkən, qarşınıza çıxan itkinlərimizə də salam söyləyin. Deyin, onların xatirəsi daim qəlbimizdədir.