Famil CƏFƏRLİ
familceferli2@gmail.com
NAZİRİN QOZ ALVERİ
Azərbaycan elə yerdir ki, burada futbolun kənd təsərrüfatına, kosmos sənayesinin isə qoz-fındıq alverinə birbaşa dəxli var. Onları birləşdirən ən yekə dəyər də korrupsiyadır, oğurluq, yalançılıq və talançılıqdır. Bizim məmurlar bu işlərin hansına əl uzatsa, barmaq qoysa, nəticə eyni olur. Ölkənin yüz milyonları gedir, xalq ziyan çəkir…
Rövnəq Abdullayev martın 15-də futbol adı ilə pul yeyənləri başına yığıb AFFA-nın növbəti konfransını keçirdi. Orada çox məzəli söhbətlər gedib. Ən gülməlisini deyim. Rövnəq ağa AFFA prezidenti kimi mikrofonu götürərək ötən bir ildə görülən işlərdən və əldə olunan uğurlardan danışıb. Sözünü bitirib, mikrofonu qoyub oturub. Futbol adı ilə pul yeyənlər isə bunun dalınca 17 yaşadək qızlar arasında ötən il Azərbaycanda keçirilmiş dünya çempionatından kadrlara baxıb, qışqırışıb, fit və əl çalıblar. Guya böyük uğurmuş.
İndi gəl sizə o çempionatın nəticəsini deyim. Azərbaycan yığması həmin turnirdə üç oyun keçirdi. Və… üçünü də “quru” və böyük hesabla uduzdu. Yəni rəqib qapılarına bircə qol da vura bilmədi. Uğur budurmu, Rövnəq ağa?
Ən gülməlisi budur ki, futbolun inkişafı adı ilə pul yeyənlər utanmadan bu idman sahəsinin inkişafı adı ilə xərclədikləri milyonlardan da danışırlar. Demə, 2012-ci ildə AFFA futbolun inkişafı yolunda 18 milyon 651 min manat xərcləyib. Lap yaxşı, futbola hamı pul qoyur. Amma bəs sizin nəticəniz hanı? Çırt da yoxdur. Azərbaycan futbolu yenə də bütün dünyada qapazaltıdır. Hər yoldan ötənə biabırçı hesablarla uduzmaqda davam edirik. Bu oyundan isə bir-iki məmur babat qazanır. Stadion tikintisi, uşaq futbolunun inkişafı adı ilə…
Bu oğurluğun mexanizmi də bəllidir. Rövnəq ağa 2011-in fevralında demişdi ki, Bakıda tikiləcək Olimpiya stadionunun qiyməti 1 milyard dollar olacaq. Mətbuat, hətta deputatlar da bunu topa tutdu ki, nə danışırsınız, bu qiymətə də stadion olarmı. Hökumət bu işdəki korrupsiya iyinin yayılmasından, oğurluq layihəsinin faş olacağından qorxdu. O dəqiqə geri çəkilib gənclər və idman naziri Azad Rəhimovu qabağa verdi. O da dedi ki, 1 milyard söhbəti yalandır, Pekindəki analoji stadion 430 milyona tikilibsə, bizdə 300 milyondan artıq olmayacaq…
Bununla da məsələ yat-yut oldu. Özləri bu söhbəti qəsdən yığışdırdı ki, mətbuatı, ictimai rəyi sakitləşdirsinlər. Demə, planları ayrı imiş, korrupsiya layihəsi üzərində altdan-altdan işləyirmişlər. Bu söhbətdən iki il keçdi, qəfildən çıxıb dedilər ki, Olimpiya stadionu 640 milyona başa gələcək. Mətbuat yenə töküldü üstlərinə. Hamı yazdı ki, çox şübhəlidir, eyni stadion İstanbulda 140 milyona başa gəlib və s. Amma bu da veclərinə olmadı.
İki gün öncə isə Rövnəq ağa çıxıb dedi ki, nə 640 milyon bazarıdır, söhbət 700 milyondan gedir, üstəlik hələ xərclər arta da bilər. Yəni əslində onu demək istədi ki, lap siftədən 1 milyard demişik, belə də olacaq, 1 milyarda da tikəcəyik, o milyardı basıb yeməyincə rahatlıq, sakitləşmək yoxdur, xalq isə gedib qarnını qaşısın.
O stadion tikilib qurtarandan sonra Rövnəq ağa yenə “uğurlardan” danışsa, buna inan. Bunlar “idmandakı uğurlarımız” deyəndə onu “idman adı ilə oğurladıqlarımız” kimi oxuyun…
Hər sahədə belə oğurluqlar var. Çünki hər sahə bir məmurundur. O sahənin kətxudası bir nazir, bir məmurdur. Pul gələ bilən bircə deşiyi də buraxmırlar. Hətta qoz-fındıq alverinə də özləri rəhbərlik eləyir. Dünən buna qəti əmin oldum ki, kənd təsərrüfatı naziri İsmət Abbasov Novruz yarmarkalarından kalan qazanc götürür. O bazarlar nazirindir. Bahalıq da buna görədir.
Məntiq var. Əgər bazarlar nazirin deyilsə, o, bu cür bahacıl yarmarkaların olmasına niyə ciddi-cəhdlə çalışır? Bizdə qayda belədir: kim hansı ideyanı, layihəni israrla təbliğ-təşviq edirsə, deməli, oradan pul götürür. Bu – bir.
İkincisi, qiymətlərə gəlincə, onlar da nazirin-məmurun payına görə yüksəlir. İsmət Abbasov deyir bu yarmarkalarda qiymətlər bazardan guya 20 faiz ucuzdur, onu da biz eləmişik.
Ağ yalandır. Dünən Yeni Günəşlidəki yarmarkada şabalıd 10-11, qoz 4 manat idi. Özü də onlar toz-torpaq içində satılır, əyrü-üyrü, sınıq-salxaq tərəzi ilə çəkilirdi. Halbuki səliqəli, təmiz-tarıq marketlərdə Qəbələ şabalıdı cəmi 9, qozsa 3 manatdır. Dəqiq çəki, yüksək servis də ki, öz yerində…
İndi kim iddia edə bilər ki, qoz alverinin dalındakı siluet yarmarkalar nazirin deyil?!