«Fövqəlnazir» Rövnəq Abdullayevin nöqsanlarından danışdı
Bu ilin 11 ayı ərzində ölkə ərazisində 15 minədək müəssisədə və 100 mindən artıq yaşayış evində qaz təsərrüfatı müayinədən keçirilib. APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov qurumun yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Nazir bildirib ki, nəticədə 1000-dək müəssisənin və 8 mindən artıq yaşayış evinin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib. Aşkar olunmuş nöqsanların aradan qaldırılması və təxirəsalınmaz tədbirlər görülməsi üçün yerli qaz istismar idarələrinə məktublar ünvanlanıb.
Kəmaləddin Heydərovun bu məsələni qabartması təsadüfi deyil. “Azadlıq” hələ bir müddət əvvəl yazmışdı ki, “fövqəlnazir”lə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında qarşıdurma yaranıb. Bu qarşıdurmanın kökündə Rövnəq
Abdullayevin yeni tikilən binalara qaz çəkdirmək istəyi dayanır. ARNDŞ prezidenti bununla qaz təsərrüfatındakı korrupsiyanın miqyasını genişləndirməyə və daha çox qazanmağa çalışır. Lakin bu binaların dövlət qediyyatına alınmaması ARDNŞ prezidentinin işini bir qədər çətinə salıb. Ona görə də Rövnəq Abdullayev qısa zamanda həmin binaların statusunun müəyyənləşdirilməsini təklif edib. ARDNŞ prezidenti yeni tikilən binalarda yaşayışın olduğunu əsas gətirərək bu təklifi irəli sürüb. Rövnəq Abdullayev təklifilə birbaşa Kəmaləddin Heydərovun maraqlarına toxunub. Çünki həmin binaların dövlət qeydiyyatına alınması məsələsi “fövqəlnazir”in səlahiyyətinə aiddir. Və həmin binaların dövlət qeydiyyatına alınması üçün Kəmaləddin Heydərovun öz şərtləri var. Rövnəq Abdullayev isə öz təklifilə faktiki olaraq “fövqəlnazir”in bazarına zərbə vurur. Kəmaləddin Heydərov da qaz təsərrüfatının müayinəsi zamanı üzə çıxan nöqsanları ictimailəşdirməklə Rövnəq Abdullayevi pis vəziyyətdə qoymağa çalışır.
azadliq.info