Medianews.az
RAMİZ MEHDİYEV İQTİDARIN PLANLARINI AÇDI
111 baxış

RAMİZ MEHDİYEV İQTİDARIN PLANLARINI AÇDI

Hakimiyyətin ikinci şəxsindən şok açıqlamalar
Prezident Administrasiyasının rəhbəri müavin təyinatlarından danışdı; Ziyalılar Forumunu və “Milyarderlər ittifaqı”nı sərt tənqid etdi və prezidentliyə kimin namizəd olacağına açıq işarə vurdu; Abbas Abbasovun Bakıda niyə qəbul edilmədiyinin səbəbi də üzə çıxdı.

Noyabrın 30-da prezident İlham Əliyevin Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə 4 müavin (Zeynal Nağdəliyev, Novruz Məmmədov, Əli Əsədov və Vahid Əliyev) təyin etməsi cəmiyyətdə ən çox müzakirə edilən mövzuya çevrilib, mətbuatda müxtəlif versiyaların səslənməsinə səbəb olub. Yada salaq ki, şərhçilər bu təyinatları əsasən İ.Əliyevin prezident seçkilərində iştirak qərarı verməsi və 75 yaşlı R.Mehdiyevin istefasına hazırlıq kimi dəyərləndirirdi.

 

Bu mövzuda dünən müzakirələrin əsas qəhrəmanı - PA rəhbəri R.Mehdiyev də danışıb və bir çox suallara şəxsən özü aydınlıq gətirib. Dekabrın 3-də Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” adlı beynəlxalq toplantıda iştirak edən PA rəhbəri jurnalistlərlə söhbətində Rusiyada yaradılan “Milyarderlər ittifaqı” - Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ), eləcə də Ziyalılar Forumu ilə bağlı hakimiyyətin mövqeyini açıqlayıb.
Əvvəlcə R.Mehdiyevin toplantıdakı çıxışına nəzər salaq. O, konfransda əsas çıxışçı kimi hakimiyyətin yaxın gələcəklə bağlı bir sıra planları haqda önəmli açıqlamalar verib. R.Mehdiyev çıxışına ölkədə ciddi islahatlar aparılması haqda bəyanatla başlayıb. PA rəhbəri buna misal olaraq Azərbaycanda senzuranın ləğvini, ÜDM, yoxsulluğun azaldılmasını deyib və bəzi məsələlər üzrə MDB ölkələri arasında lider olduğunu vurğulayıb.
Sonra o,  Ermənistanın işğalçı siyasətini tənqid edib: “Qarabağ münaqişəsinin həlli regionun inkişafına təkan verəcək. Mən təcavüz anlayışını təsadüfən işlətmirəm. Beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanıb. Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirib, Azərbaycanı silahlı münaqişəyə sürükləyib və 20 faiz ərazilərimizi işğal edib. Vəziyyətin obyektiv dəyərləndirilməsi Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri həmişə hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışır. Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilib. Ermənistan rəhbərləri çox təhlükəli oyunun ”peşka"sına çevrilib, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Onlar öz məsuliyyətlərini dərk etməli və erməni xalqının gələcəyini düşünməlidir".

R.Mehdiyev daha sonra “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasından danışıb: “...Konsepsiya layihəsində qeyd olunub ki, nəzərdə tutulmuş hədəflərin reallaşması baxımından institusional potensialın gücləndirilməsi özündə üç əsas istiqaməti ehtiva edəcək: dövlət sektorunda insan resurslarının inkişafı, elektron-hökumət fəaliyyətlərinin genişləndirilməsi, institusional islahatların davam etdirilməsi. Azərbaycan dövləti bundan sonra da vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şərait yaradacaq”.
PA rəhbərinin sözlərinə görə, konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq, iqtisadi inkişafın innovativ xarakteri rəqabətə davamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına inteqrasiya imkanları yaradacaq. R.Mehdiyevin sözlərinə görə, Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir: “Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosial və ekoloji məsələləri də əhatə edəcək. Bu, imkan verəcək ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13000 dollara çatdırılsın. Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcək. Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dəstək verməklə yanaşı həm də insan kapitalının inkişafında və orta təbəqənin gücləndirilməsində maraqlıdır. Bunun üçün təhsil və səhiyyə xidmətinin keyfiyyət və kəmiyyət etibarilə yeni mərhələyə qədəm qoyması, gənclərin potensialından geniş istifadə edilməsi, məşğulluğun artırılması və gender balansının qorunmasına ehtiyac var”.
R.Mehdiyev onu da bildirib ki, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət onun daxili siyasətinin məntiqi davamıdır: “Biz beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində həmişə fəal iştirak etmişik. Azərbaycanın güc imkanları, malik olduğu coğrafi mövqe, hərbi-iqtisadi imkanlar və siyasi iradə ona imkan verib ki, dünya siyasətinin təyin edilməsində bilavasitə iştirak etsin. Azərbaycan BMT-nin sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə xidmət etməklə beynəlxalq məsələlərin həllinə cəlb olunub. Azərbaycan Avrasiya coğrafiyasının mərkəzində olmaqla, Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Belə dialoq bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətini göstərməklə fərqliliyə qarşı dözümlülüyü təbliğ edir. Azərbaycan eyni zamanda Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatının üzvü kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən xüsusi əhəmiyyətə malik dövlətdir. Bu, Azərbaycan dövlətinin qədim tarixi xüsusiyyətlərindən irəli gəlir. Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan hər iki region arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm amilə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq mədəniyyətlərin, dini nüfuz dairələrinin və ədəbi cərəyanların qovuşması məkanı olub”.
R.Mehdiyev çıxışında ölkədə insan amilinin ikinci planda olması ilə bağlı iradlara da cavab verərək bildirib ki, Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir: “MDB məkanında senzuranın ləğvini irəli sürən birinci ölkə olan Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla, orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür”.

musavat.com

Bizə qoşulun