Medianews.az
2 ay qaldı:
58 baxış
Yüklə

2 ay qaldı: Paşinyanın Azərbaycanla, Karapetyanın Rusiya ilə MÜHARİBƏ xəbərdarlığı

Belə görünür ki, yaxın keçmişdə bütün etdiklərinə rəğmən, Nikol Paşinyan bu dəfə seçki taktikasını düzgün müəyyənləşdirib. İyunun 7-də keçiriləcək parlament seçkilərinə o, yaxasına Ermənistanın de-fakto xəritəsinin əksi olan rozeti taxaraq, “Real Ermənistan” şüarı və qonşularla normal münasibətlərin qurulması prinsipi ilə gedir.

Diqqət edin, “Gallup International” təşkilatının bu ilin martında keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik məsələləri narahat edir. Təşkilatın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan keçirdiyi mətbuat konfransında sorğunun nəticələrini paylaşıb.

Ölkənin üzləşdiyi ən aktual problemlərin nədən ibarət olduğunu soruşduqda respondentlərin 45,8%-i təhlükəsizlik, 14,9%-i işsizliyi, 13,5%-i iqtisadi vəziyyəti, 10,7%-i isə maaşların/pensiyaların aşağı olmasını qeyd edib. Bundan əlavə, bildirilir ki, sərhədlərin delimitasiyası məsələləri – 9,8%, təhsil sistemi – 9,7%, inflyasiya – 8,6%, səhiyyə sisteminin vəziyyəti – 5,1%, xarici siyasət məsələləri – 2,4%, yüksək vergilər – 1,3%, digər məsələlər isə 20,9% Ermənistan vətəndaşlarını narahat edir.

İREVAN.jpg (140 KB)

Deməli, “Gallup International”dan əvvəl Paşinyanın komandası elə Qərb texnoloqlarının iştirakı ilə ölkədəki ictimai rəyi yaxşıca öyrəniblər, passiv əhalinin də mövqeyini dəqiqləşdiriblər. Ermənistan əhalisinin böyük əksəriyyətinin müharibədən qorxduqlarını dəqiqləşdirdikləri üçündür ki, Nikol Paşinyan vaxtaşırı onların yadına yaxın keçmişin reallıqlarını, “Dəmir Yumruğ”u salır, həmçinin “əgər Robert Köçəryan və rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında “dəhşətli müharibə” başlaya bilər və bu, Ermənistan üçün fəlakətli nəticələr doğura bilər” - xəbərdarlığını edir. Özü də təkcə Paşinyan yox, digərləri də bənzər xəbərdarları vaxtaşırı “qızıl kimi” xırdalayır. Məsələn, parlament sədri Alen Simonyan hətta açıq mətnlə bildirdi ki, “Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı Azərbaycandır”. Bir neçə il əvvəl Azərbaycanı Ermənistan üçün təhlükə hesab edənlərin tam əks mövqe sərgiləməsi reallığı qəbul etmələri təbii ki, təqdir olunmalıdır. Üstəlik, onlar erməni cəmiyyətini real təhlükəni başqa yerdə axtarmağı tövsiyə edirlər. Simonyanın “Bir çox qüvvələr Azərbaycan və Ermənistanı ən azından bir-birinə qarşı müharibəyə cəlb etmək istəyirlər. Bu, açıq-aydın görünür. Çünki onlar bizim vasitəmizlə dominantlıq etmək istəyirlər. Biz iki xalq və dövlət buna imkan verməməliyik”, - deməsi də kifayət qədər ciddi geridönüşdür, həm də cəsarət nümunəsidir.

ALEN.jpg (63 KB)

Ermənistanda artıq bir çox qüvvələr və tanınmış ekspertlər Ermənistanı yenidən Azərbaycanla müharibəyə sövq etmək istəyənlərin olması barədə xəbərdarlıqlar edilir. Övladlarını növbəti dəfə başqa ölkənin torpaqları uğrunda qurban vermək istəməyən sadə vətəndaşlar üçün çox vacib məsələdir bütün bunlar. Ona görə də onlara sülh, təhlükəsiz həyat vəd edənlərin arxasınca getməyə üstünlük verəcəklər. Nikol Paşinyan ona görə də seçki kampaniyası başlanmazdan çox-çox əvvəl Azərbaycan və Türkiyə ilə sülhün, normal münasibətlərin əldə olunması, sərhədlərin açılması, iqtisadi əlaqələrin qurulması kimi prioritetlərini elan edib.

Son məlumatlara görə, 7 iyun seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyası (baş nazir Nikol Paşinyan), ikinci prezident Robert Köçəryanın “Ermənistan” bloku və iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası iştirak etmək niyyətində olduqlarını bəyan ediblər. Biznesmen Qaqik Tsarukyan “Ermənistana təklif” təşəbbüsü ilə çıxış edərək, qarşıdan gələn seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Keçmiş ombudsman Arman Tatoyanın “Birlik qanadları” təşəbbüsü və Levon Zurabyanın namizədliyini irəli sürən ilk prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi (AMK) partiyası da seçkilərdə iştirak etməyi planlaşdırır. “Yeni qüvvə” partiyası baş nazirliyə namizəd kimi İrəvanın keçmiş meri Hayk Marutyanı irəli sürüb. Qarabağ klanının digər nümayəndəsi, eks-prezident Serj Sərkisyan isə vəziyyətinin “yaş” olduğunu anlayaraq, bəribaşdan seçkilərdən çəkildiyini açıqlayıb.

Nikol Paşinyan düz iki ay sonra keçiriləcək seçkilərin onun üçün nə demək olduğunu çox yaxşı anlayır, ona görə də bütün tədarükünü görür, təkcə əhali ilə görüşlər keçirməklə, onlara Ermənistanın xəritəsini paylamaqla, pensiyaçıların, digər aztəminatlıların üzünü güldürməklə kifayətlənmir. Yeri gəlmişkən, aprelin 1-dən etibarən Ermənistanda pensiyalar, yaşa və əlilliyə görə müavinətlər 10 min dram (26.7 dollar) artırılıb. Bu qərarın milyarder Samvel Karapetyanın pensiyaçılara vədlərindən sonra verilməsi də diqqət çəkir.

Qabaqlayıcı tədbirlər isə davam edir. Bu gün belə bir məlumat yayılıb ki, Ermənistanda siyasi partiyaların adlarına qadağa qoymaq istəyirlər, Karapetyanın partiyası da təşviş içindədir. Məlumata görə, Ermənistan hakimiyyəti siyasi blokların adlarında şəxsi adlardan istifadəni qadağan etmək istəyir. Seçki Məcəlləsinə müvafiq dəyişikliklər parlamentin bu gün keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq. Bu qərar Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının kəskin etirazına səbəb olub. Partiya seçkilərdə “Samvel Karapetyanla güclü Ermənistan” adlı blok kimi iştirak etmək niyyətindədir. Partiya hesab edir ki, bu təşəbbüslə hakimiyyət Karapetyanın adına hücum edir və onun cəmiyyətdə artan nüfuzundan ehtiyatlanır. Komandanın üzvü Qohar Meloyan Venesiya Komissiyasının davranış kodeksinə istinad edərək qadağanı qanunsuz adlandırıb. Meloyan bu qanunvericilik təşəbbüsünün aktuallığına da diqqət çəkib. Mərkəzi Seçki Komissiyası aprelin 13-dən seçkilərdə iştirak edən siyasi partiyaların sənədlərinin qəbuluna başlayacaq. Onun iddiasına görə, bu müddətə bir həftədən də az vaxt qalıb və hakimiyyət bir neçə gün ərzində belə kobud oyun qaydalarının pozulmasına yol verir. Hüquqşünas bunu “seçicilərə müharibə elanı” hesab edir. Meloyan beynəlxalq tərəfdaşları səlahiyyətlilər tərəfindən kobud pozuntu hesab etdiyinə cavab verməyə çağırıb.

image_1775557286289.jpg (175 KB)

Bu arada, Samvel Karapetyan da dil açıb. “Güclü Ermənistan” partiyasının lideri Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərdə davranışını ağılsızlıq adlandırıb. Karapetyan qarşıdan gələn parlament seçkilərində hazırkı hökumətin qalib gələcəyi təqdirdə Rusiya ilə iqtisadi müharibə təhlükəsi və Ermənistan iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq edib. O, bu barədə sosial şəbəkədə yaydığı açıqlamada bildirib. Nikol Paşinyanın Rusiyaya səfəri və prezident Vladimir Putinlə “söz güləşdirməsindən”, Rusiya liderinin baş nazirə seçkilər və digər məsələlərlə bağlı xatırlatmalarından sonra ortaya çıxıb, ötkəm danışması sözsüz ki, təsadüfi deyil. O, baş nazir Nikol Paşinyanın Rusiya ilə münasibətlərdə və bu yaxınlarda Moskvada prezident Vladimir Putinlə görüşündə davranışını ağılsız və biabırçı adlandırıb. Karapetyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ölkəni geosiyasi qarşıdurma meydanına çevirib. 

“Niyə dost Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmağa çalışmaq lazım idi? Onun mövcudluğu heç vaxt Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına və ticarətinə heç bir şəkildə mane olmayıb. Əminəm ki, bu, gələcəkdə buna mane olmayacaq”, - Karapetyan bildirib.

O xatırladıb ki, Ermənistan Rusiya ilə ən dərin iqtisadi əlaqələrə malikdir.

“Rusiya bizi ucuz qazla təmin edir, mövsümi işçilərimizi rahatlıqla qəbul edir, kənd təsərrüfatı məhsullarımızın əhəmiyyətli bir hissəsini alır. Bütün bunları dayandırsa, daha da kasıblaşacaq xalqımıza nə deyərsiniz?”, - Karapetyan deyib.

Onun fikrincə, hazırkı baş nazir həmvətənlərinin taleyi, onların ciblərinin və soyuducularının məzmunu ilə maraqlanmır. Karapetyan əmindir ki, Paşinyanın əsas məqsədi xalqı qondarma müharibə hədələri ilə qorxutmaqla hakimiyyətdən yapışmaqdır.

“Əlbəttə, o, dayanmayacaq. Biz bu kiçik qrupu kənara atıb bütün region ölkələri ilə, bütün güc mərkəzləriylə dost olacağıq. Biz Gürcüstan və Ukraynanın başına gələnləri gördük. Bizə yeni müharibələr lazım deyil. Nikola (Paşinyan – red.) səs verməklə siz ruslarla yoxsulluq və düşmənçilik əldə edəcəksiniz, qütbləşmə və iqtisadiyyatımız güclü olacaq, bizdə iqtisadi böhran yaranacaq. Birlik və uzunmüddətli sülhün vaxtı çatıb”, - deyə Karapetyan bildirib.

Erməni milyarder aprelin 1-də Nikol Paşinyanla Vladimir Putinin görüşündə İrəvanın Aİ ilə yaxınlaşması halında Ermənistana satılan Rusiya qazının qiymətiylə Avropa qiymətləri arasındakı ciddi fərqin xatırladılmasına diqqət çəkib. Rusiya liderinin sözlərinə görə, hazırda Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dollardan yuxarı qalxır, Rusiya isə Ermənistana qazın min kubmetrini 177,5 dollara satır. Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, qazın qiyməti qaldırılarsa, Ermənistan KTMT, Aİİ və digər təşkilatlardan çıxacaq.

3PUR3AE1VNUn3yb0fj0nAH9jrL2tRENP2ThpzsVn_1200.jpg (86 KB)

Beləliklə, seçkidə mübarizə aparacaq hər iki tərəf və hər iki əsas iddiaçı erməniləri müharibə ilə qorxudur. Paşinyan radikalların hakimiyyətə gələcəyi halda Azərbaycanla, Karapetyan isə Paşinyanın hakimiyyətini qoruyub-saxlayacağı təqdirdə, Rusiya ilə müharibənin olacağı haqda xəbərdarlıq edir. Ermənilər səksəkə içərisində seçkiyə gedəcəklər. Bu mənada “Gallup”un nəticələrini qəribçiliyə salmağa dəyməz.

Seçkilərə isə düz 2 ay qaldı...

Elşad PAŞASOY 

Bizə qoşulun