Medianews.az
16 ermənin işi ikinci mərhələyə keçir
80 baxış

16 ermənin işi ikinci mərhələyə keçir

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd xarakterli cinayətlərdə ittiham olunan ermənilərin mühakiməsində bir mərhələ arxada qaldı. İndi işin ikinci mərhələyə keçməsi gözlənir.

Medianews.az bildirir ki, Cinayət-Prosessual Məcəlləsinə görə, həbsdə saxlanan məhkum ittiham hökmündən apellyasiya şikayətini hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verə bilər.

Bakı Hərbi Məhkəməsi təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma; soyqırımı; əhalini məhvetmə; əhalini deportasiya etmə və ya məcburi köçürmə və başqa ağır cinayətlərdə təqsirli bilinən 15 erməninin mühakiməsini fevralın 5-də bitirib.

Araik Arutunyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan və David Manukyana ömürlük azadlıqdan məhrumetmə cəzası, Arkadi Qukasyan və Bako Saakyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Qalan şəxslərə 15-19 il arası azadlıqdan məhrumetmə cəzası verilib (Madat Babayan 19 il, Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il).

Arkadi Qukasyan 1957-ci ildə doğulub. Qarabağlıdır. 1992-ci ildə işğalçı Qarabağ rejiminin “parlamentinə” seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə rejimin “prezidenti” olub, 2009-2018-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi fəaliyyət göstərib. 2023-cü il oktyabrın 3-də tutulub.

Bako Saakyan 1960-cı ildə doğulub. Qarabağlıdır. 1990-cı ildən separatçıların qanunsuz hərbi birləşmələrində məsul vəzifələr tutub. 1997-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi vəzifəsində çalışıb. 1999-cu ildən işğalçı rejimin “daxili işlər naziri”, 2001-ci ildən “Milli Təhlükəsizlik İdarəsinin rəisi”, 2007-2020-ci illərdə “prezidenti” olub. 2023-cü il oktyabrın 3-də tutulub.

Araik Arutunyan 1973-cü ildə doğulub. Qarabağlıdır. Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri”, 2020-2023-cü illərdə “prezidenti” olub. 2023-cü il oktyabrın 3-də tutulub.

David İşxanyan 1968-ci ildə doğulub. Qarabağlıdır. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni (Xocavənd) batalyonlarının birinə komandirlik eləyib. 1991, 2015 və 2020-ci illərdə Qarabağ rejiminin “parlamentinə” üzv seçilib, 2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb, sentyabrın 1-dən 9-dək “prezident” səlahiyyətlərini icra edib. 2023-cü il oktyabrın 3-də tutulub.

David Babayan 1973-cü ildə doğulub. Qarabağlıdır. İşğalçı rejimdə müxtəlif məsul postlar, o cümlədən “prezident köməkçisi, müşaviri” vəzifələri tutub, 2021-2023-cü illərdə “xarici işlər naziri” olub. 2023-cü il sentyabrın 29-da tutulub.

Levon Mnasakanyan 1965-ci ildə doğulub. Qarabağlıdır. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır. İşğalçı rejimdə “müdafiə nazirinin müavini”, “Müdafiə Ordusunun Baş Qərargah rəisi” vəzifələri tutub, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini olub. 2015-2018-ci illərdə işğalçı rejimin “müdafiə naziri” postunda xidmət edib. 2023-cü il sentyabrın 29-da tutulub.

David Manukyan 1971-ci ildə doğulub. Ermənistanlıdır. İşğalçı rejimdə “müdafiə nazirinin birinci müavini” postunda xidmət edib. 2023-cü il sentyabrın 27-də tutulub.

Fevralın 17-də Bakı Hərbi Məhkəməsi 2023-cü il sentyabrın 27-də tutulmuş Ruben Vardanyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası hökmü çıxarıb.

1968-ci ildə doğulan Ruben Vardanyan ermənistanlıdır, Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb. O, 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də işğalçı rejimin “dövlət naziri” (hökumət başçısı) təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb. 2023-cü il fevralın 23-də “dövlət naziri” postundan götürülüb.

İlk instansiya məhkəməsi olan Bakı Hərbi Məhkəməsinin hökmləri hələ qanuni qüvvəyə minmiş hökmlər deyil. Hökm apellyasiya instansiyasının qərarından və ya ittiham olunan şəxs apellyasiya şikayəti verməkdən imtina edəndən sonra qətiləşir. Çox güman ki, 16 erməni Bakı Hərbi Məhkəməsinin 5 və 17 fevral hökmlərindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəklər.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

2025-ci il avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Medianews.az

Bizə qoşulun