12 il qabaq Ukraynadan Rusiyaya qaçmış general-mayor Vladimir Lyapkin həlak olub. Medianews.az bildirir ki, xəbəri vaxtilə Ukrayna Ali Radasının deputatı olmuş, hazırda isə Rusiyanın təbliğatçı kimi tanınan Oleq Çarev açıqlayıb.
General-mayor Vladimir Lyapkin 2010-cu illərdə Ukrayna Təhlükəsizlik Xidmətinin operativ sənədləşdirmə departamentinin rəhbəri vəzifəsində çalışıb.
2014-cü ildə Ukrayna prezidenti Viktor Yanukoviç parlamentin qərarı ilə vəzifədən uzaqlaşdırılandan, növbədənkənar seçkidə Pyotr Poroşenko prezident seçiləndən sonra Vladimir Lyapkin Rusiyaya qaçıb.

Lyapkin Ukrayna Təhlükəsizlik Xidmətində işlədiyi dövrdə telefon dinləmələri, xarici müşahidə və məlumat toplama fəaliyyətlərinə nəzarət edib. O, 2013-cü ildə general-mayor rütbəsi alıb və həmin il Yanukoviçə qarşı etiraz aksiyalarının dağıdılmasında fəal iştirak edib. Ukraynada ona qarşı cinayət işi qaldırılıb.
2022-ci ildə Rusiya Ukrayna ilə total müharibəyə başlayandan sonra Lyapkin işğal altındakı Xerson vilayətində yaradılmış “təhlükəsizlik xidməti” rəhbərinin müavini təyin olunub.
Oleq Çarevin dediyinə görə, Vladimir Lyapkin 2026-cı il martın 17-də ölüb.
59 yaşlı Lyapkinin həlak olması faktını müstəqil “Mediazona” internet nəşri də təsdiqləyib.

Lyapkinlə birlikdə Moskva vilayətindən olan polkovnik Eduard Malovun da öldürüldüyü bildirilir.
Hər iki şəxs 1989-cu ildə Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
General Lyapkinin və polkovnik Malovun harada, hansı şəraitdə həlak olduğu açıqlanmasa da, onların Rusiya-Ukrayna döyüşlərində öldürüldüyü ehtimal edilir.