Son aylar bəzi rayonlarda yas mərasimləri zamanı xörək verilməsinin yığışdırıldığı haqda xəbərlər yayılır. Xəbərlərdə yasda ehsanların sadələşdirilməsi barədə ictimai səviyyədə, ilk növbədə dindarlar və ağsaqqallar arasında razılığa gəlindiyi bildirilir. Bu xəbərləri oxuyanda adamda belə bir təəssürat yaranır ki, bir azdan paytaxt da daxil olmaqla ölkənin hər yerində yas mərasimlərində ehsanlar sadə tərzdə veriləcək, təmtərağa son qoyulacaq.
Lakin Medianews.az bildirir ki, bir qədər keçmişə nəzər salsaq yas mərasimlərində ehsanların sadələşdirilməsi məsələsinin heç də bu qədər sadə olmadığını görərik. Məsələn, 11 il əvvəl – 2014-cü ildə bu məsələ ölkədə ciddi şəkildə qaldırılmışdı, hətta inzibati metodlar tətbiq olunurdu, eynilə indiki kimi yas mərasimləri zamanı xörək verilməsinin yığışdırıldığı haqda ar-arda xəbərlər yayılırdı.
Nəticə oldumu? Olsaydı indi yenidən yas mərasimlərinin sadələşdirildiyi haqda “müjdə”lər xəbər saytlarında dolaşmazdı.
Medianews.az 11 il əvvəlin xəbərlərindən bəzi iqtibasları təqdim edir.

Aznews.az-ın 2014-cü il avqustun 21-də yaydığı bu xəbərdə deyilir:
“Dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək. İsrafçılıq hallarının qarşısının alınması üçün hökumət bununla bağlı konkret standartlar, yəni menyu müəyyənləşdirib. Digər qida məhsullarının verilməsinə qadağa qoyulub”.
https://www.aznews.az/news/cemiyyet/61665.html

22 avqust 2014-cü il tarixində “Yeni Müsavat” qəzetində dərc edilən yazıdan:
“Azərbaycanda uzun illərdir az qala ictimai bəlaya çevrilmiş israfçı yas mərasimlərinə son qoyulur. Özü də birbaşa dövlətin müdaxiləsi ilə. Redaksiyamıza çatan məlumata görə, artıq hökumət yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri “adətini” ləğv etməyə qərar verib.
Bu günlərdə Bakı şəhərinin rayonlarında yerli ruhanilər, dini icma rəhbərləri rayon icra hakimiyyətlərinə dəvət olunub. Ruhanilərə bildirilib ki, artıq bundan sonra yas mərasimlərində ehsan süfrəsində xörək, meyvə və bu kimi digər qidaların verilməsi qadağan olunur. Yas mərasimlərində ehsan süfrələrinə yalnız çay verilə bilər.
Din xadimlərinə o da bildirilib ki, uzun illər hökumət bu sahədə tənzimlənmənin olmasına çalışıb, ancaq təbliğat və ya çağırışla bu, mümkün olmayıb. Buna görə də artıq qərar məcburi olacaq və yas mərasimlərində yemək vermək qadağan ediləcək. O da bildirilib ki, bu məsələ birbaşa ölkə başçısının diqqətindədir, yas məclislərində israfçılığın aradan qaldırılması üçün din xadimlərinin dəstək verməsi, insanlara çağırış etməsi tövsiyə olunub”.
https://musavat.com/news/reportaj/hokumet-debdebeli-yas-merasimlerine-qadaga-qoydu_210810.html

23 avqust 2014-cü ildə Day.az saytında dərc edilmiş yazıda deyilir:
“Azərbaycanda uzun illərdir davam edən israfçı yas mərasimlərinə dövlət tərəfindən son qoyuldu. Artıq hökumət yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri adətini ləğv etməyə qərar verib”.
https://news.day.az/society/515029.html

2014-cü il sentyabrın 3-də “Kaspi” qəzetinin dərc etdiyi yazıda vurğulanır:
“Azərbaycanda yas mərasimlərinin dəbdəbəli keçirilməsinə rəsmən qadağa qoyulub. Artıq yerlərdə yas mərasimlərinin sadə keçirilməsinə ciddi nəzarət başlayıb. Belə ki, Tovuz rayonunda yaxınının rəhmətə getdiyini deyən həmkarlarımızdan biri qəzetimizə bildirib ki, mollalar məclisi idarə etmək üçün sadə süfrənin olması şərtini qoyurlar: “Məlum olur ki, mollalara dəbdəbəli yas mərasimində iştirak edəcəkləri halda cərimə olunacaqları haqda xəbərdarlıq edilib. Bundan əlavə, rayonda başqa yas mərasimlərində gəlib camaatın yemək qazanlarını müsadirə etdikləri də danışılır”.
https://kaspi.az/az/debdebeli-yas-merasimlerine-qadaa-effekt-verecekmi
Toğrul Əli,
Medianews.az