Medianews.az
“Yaxşı kişidən qadın qaçmaz, əgər o həyat yoldaşına diqqət yetirib bir gül almırsa...” -
205 baxış

“Yaxşı kişidən qadın qaçmaz, əgər o həyat yoldaşına diqqət yetirib bir gül almırsa...” - FOTO+ÖZƏL

“Mən qadınları çox sevirəm. Çünki bütün dünyanın yükü qadınların çiynindədir. Mən kişilərin zəhmətini aşağılamaq istəmirəm. Amma qadın həm ev xanımıdır, həm anadır, həm də həyat yoldaşıdır.. O işdə gedib özünü elə göstərməlidir ki, sanki heç bir problemi yoxdur. Mən əsl xanımlardan danışıram. Düzdür, indiki zəmanədə də qadınlarımız var. Amma onların sayı çox azdır. Mən istərdim ki, bizim qadınlar xanım-xatun olsunlar.. Efirə çıxanda da, çıxmayanda da, adi həyatda da özlərini elə aparsınlar ki, hər kəsə nümunə olsunlar. Çünki efir mədəniyyəti, dil qabiliyyəti mütləqdir. Hətta xanım efirdə oturuşuna, duruşuna da fikir verməlidir. Mən çox istərdim ki, bizim xanımlar mənim uşağlığımda gördüyüm qadınlar kimi olsunlar. Mən bütün xanımları təbrik edirəm, onlara uzun ömür, can sağlığı arzulayıram. Arzuları çin olsun, amma heç vaxt, hansı şərait olursa-olsun xanımlıqlarını itirməsinlər. Elə-belədən “xanım” deyə müraciət etmirlər.. Bu ada layiq olmalısınız. Xanım adını yüksəklərə qaldırmalısız”.

Bunu Medianews.az-a tanınmış diktor, əməkdar artist Tamilla Ələkbərova deyib. 

Bayram günündə neqativ nüanslardan danışmaq istəmədiyini bildirən əfsanəvi diktor bəzi mövzulara da toxunub:

“Dağılan ailələrin sayı günbəgün artır. Bəzi analar hətta övladlarını qoyub qaçırlar. Belə analar da var.. Bayram günü o barədə ümumiyyətlə danışmaq istəmirəm, amma bu məni çox narahat edir. Mən hesab edirəm ki, yaxşı ailədən, yaxşı həyat yoldaşından heç bir qadın qaçıb getməz. O bünövrəni kişilər qoyur. Əgər kişi öz həyat yoldaşına diqqət yetirmirsə, ona lazımınca bir dənə gül alıb təbrik etmirsə bu zaman problemlər yaranır. Qadınlar baxır ora-bura, görürlər ki, o biri xanımları sayırlar, təbrik edirlər, fikirləşirlər ki, mən kimdən əskikəm ki?! Belə hallar da olur. Mən istərdim ki, ailələr möhkəm olsun. O uşaqlarımız yarımçıq böyüməsinlər. Atadan da, anadan da yarımçıq qalmasınlar” .

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun