Medianews.az
Müharibə fonunda neft bahalaşdı –
111 baxış

Müharibə fonunda neft bahalaşdı – Vətəndaşa nə qədər təsir edəcək?

Hazırda müharibə fonunda neftin qiymətinin yüksəlməsi Azərbaycan üçün iqtisadi baxımdan əlverişli şərait yaradır və dövlət gəlirlərinin artmasına imkan verir. Bu artımın makroiqtisadi göstəricilərə müsbət təsiri gözlənilir. Lakin sıravi vətəndaşın gündəlik həyatına bu artımın birbaşa təsiri sual doğurur. Belə bir şəraitdə əhalinin rifahı və alıcılıq qabiliyyəti necə təsirlənir?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, baş verən proseslər əhali üçün xeyirdən çox ziyan gətirir.

O qeyd edib ki, biznes strukturlarının çoxsaylı malları artıq bir aydan çoxdur İranda qalıb və risk altındadır:

“Şərqdən gələn məhsullar əsasən, Bəndər-Abbas limanı vasitəsilə daşınırdı və Çin, Koreya, Yaponiya, Hindistan kimi ölkələrin ticarət kanalları İran üzərindən həyata keçirilirdi. Bu baxımdan, ölkə üçün bu marşrutların əhəmiyyəti böyükdür. İdxaldan asılılığımız yüksəkdir və marşrutların dəyişməsi xərclərin artmasına səbəb olur. Sahibkarlar məhsulları daha yüksək qiymətə daşımaq məcburiyyətində qalır, bu da nəticədə əhaliyə təsir edir”.

Ekspertin fikrincə, neft və qaz qiymətlərinin artması yalnız daşınma xərclərini deyil, idxal olunan məhsulların maya dəyərini də yüksəldir:

“Növbəti illərdə büdcə xərclərinin artımı əhaliyə və iqtisadiyyata təsir göstərə bilər, lakin bunun üçün növbəti büdcə ilini gözləmək lazımdır. Bu artım qısamüddətli xarakter daşıyır və heç kim bunun davamlı olacağını zəmanət verə bilməz. Çünki neft-qaz qiymətləri həmişə yüksək səviyyədə qalmayacaq. Qısamüddətli konyunktura olduğundan hökumət bu artımlar səbəbindən uzunmüddətli öhdəliklər götürməyi nəzərdə tutmur. Vəziyyət iqtisadiyyatın daxili nəticəsi deyil, dünya bazarındakı proseslərin nəticəsidir. Müharibə başa çatdıqdan sonra qiymətlər iki dəfə aşağı düşə bilər. Bu səbəbdən, neft fondunun gəlirləri qısa müddətli konyunkturadan təsirlənir, amma əhalinin cibinə təsiri mənfi olacaq”.

 Oğuz Ayvaz,

Medianews.az

 

Bizə qoşulun