Medianews.az
Uşaqlar arasında yayılan xəstəlik
98 baxış

Uşaqlar arasında yayılan xəstəlik NƏDİR?

Payız-qış mövsümünün yaxınlaşması ilə birlikdə uşaqlar arasında qızdırma, halsızlıq və ümumi zəifliklə müşahidə olunan yoluxucu xəstəlik hallarının artması müşahidə edilir. Valideynləri narahat edən əsas sual isə bu xəstəliyin mövsümi qrip, yoxsa daha fərqli bir virus olmasıdır. Uşaqları bu xəstəlikdən necə qorumaq olar?

Pediatr Şəlalə Poluxova Metbuat.az-a açıqlamasında bildirib ki, payız mövsümündə uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahsızlıq, yüngül öskürək və burun axıntısı kimi əlamətlərlə müşahidə olunan hallar artır. Bu isə əsasən mövsümi respirator virus infeksiyaları ilə bağlıdır:

“Bu qrupa qrip, paraqrip kimi viruslarla yanaşı, adenovirus, respirator sinsitial virus (RSV), rinovirus və digər mövsümi viruslar daxildir. Bu viruslar klinik olaraq bir-birinə oxşar əlamətlərlə özünü göstərir. Bəzən isə burun axıntısı və öskürək olmadan yalnız qızdırma və halsızlıq müşahidə olunur. Bunun səbəbi bəzi virusların spesifik simptomlar verməməsidir. Uşaqların hər birinin immuniteti fərqli olduğundan, infeksiyanı da müxtəlif şəkildə keçirirlər. Bəziləri xəstəliyi yüngül atlatsa da, digərlərində yüksək hərarət və ümumi zəiflik müşahidə olunur”.

Həkimin sözlərinə görə, mövsümi viruslardan tam qorunmaq mümkün olmasa da, müəyyən riskləri azaltmaq olar:

“İlk növbədə gigiyenik qaydalara riayət etmək vacibdir. Uşaqlarda, xüsusən məktəbəqədər yaş dövründə, əllərin tez-tez yuyulması, oyuncaqların və tez-tez təmas olunan səthlərin təmiz saxlanması mühüm rol oynayır. Eyni zamanda, uşaqları insan sıxlığının çox olduğu qapalı məkanlardan mümkün qədər uzaq tutmaq lazımdır. Çünki belə yerlərdə virusların yayılması daha sürətli olur. Balanslı qidalanma və düzgün yuxu rejimi də immun sisteminin möhkəmlənməsinə kömək edir. Uşaqların vaxtında yatıb-durması, kifayət qədər istirahət etməsi xəstəliklərin daha yüngül keçməsinə şərait yaradır”.

Ş.Poluxova qrip virusuna qarşı peyvəndin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Qrip peyvəndi altı ayından yuxarı uşaqlara tövsiyə edilir. İlk dəfə vurulduqda doqquz yaşdan kiçik uşaqlara bir ay fasilə ilə iki doz tətbiq olunur, sonrakı illərdə isə hər mövsümdə, əsasən oktyabr və noyabr aylarında bir doza vurulması kifayətdir. Peyvənd qripdən tam qorumaqla yanaşı, ağır fəsadların qarşısını da alır. Xəstə uşaqlarla təmasdan qaçınmaq da vacib məqamlardandır. Valideynlər bilməlidirlər ki, xəstə uşağı məktəbə və ya bağçaya aparmaq olmaz. Bu həm xəstəliyin ağırlaşmasına səbəb ola, həm də infeksiyanın sürətlə yayılmasına gətirib çıxara bilər”.

Pediatr əlavə edib ki, qızdırma üç gündən çox davam edirsə, uşaq çox halsızdırsa, qızdırma düşsə belə yemək və su qəbul etmirsə, yaxud tənəffüsdə dəyişiklik hiss olunursa, mütləq həkimə müraciət edilməlidir. Ev şəraitində özbaşına antibiotik və ya öskürək siropu istifadəsi yolverilməzdir və daha ağır nəticələrə səbəb ola bilər.

Bizə qoşulun