Medianews.az
Trampın İrana dair sülh planı
66 baxış

Trampın İrana dair sülh planı ABŞ-nin neft sektorunda etiraz yaratdı

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sülh təşəbbüsü Amerikanın neft sektorunda ciddi narazılıq yaradıb, etirazla qarşılanıb.

Medianews.az xəbər verir ki, bu barədə "Politico" informasiya yayıb.

Nəşri məlumatlandıran sektordakı mənbənin bildirdiyinə görə, neft korporasiyalarının rəhbərləri Ağ Evə, dövlət katibi Marko Rubioya və vitse-prezident Cey Di Vensə müraciət edərək, atəşkəs şərti kimi İranın Hörmüz boğazından keçid üçün rüsum toplamasına icazə verilməsinə qarşı çıxıblar.

"Əvvəllər biz bunu etmək məcburiyyətində deyildik və mən düşünürdüm ki, müharibədə biz qalib gəlmişik. Administrasiyaya çıxışınız olan hər yerdə eyni sualı verirsiniz: siz ümumiyyətlə nə fikirləşirsiniz?", - deyə o qeyd edib.

Neft sənayesinin təmsilçiləri aprelin 8-də Dövlət Departamentində administrasiyanın yüksək rütbəli rəsmiləri ilə görüşərək öz narahatlıqlarını çatdırıblar. Onların əsas arqumentləri bundan ibarətdir: İranın tələbi ilə razılaşmaq rüsumlar və sığorta xərcləri hesabına hər bir daşınmanın qiymətini 2.5 milyon dollar artıracaq ki, bu da son nəticədə istehlakçıların büdcəsinə təsir edəcək.

Onlar ehtiyatlanır ki, Hörmüz boğazına nəzarətin İrana verilməsi Sinqapur, Türkiyə və s. ölkələrin də Malakka və Bosfor boğazları kimi mühüm ticarət yollarında rüsumlar tətbiq etməsi üçün presedent yarada bilər. Bundan əlavə, rüsumların ödənilməsi şirkətləri iranlı məmurlara qarşı sanksiyaların pozulmasına görə məhkəmə təqibi təhlükəsi ilə üz-üzə qoya bilər.

Şirkətlər öz narahatlıqlarını birbaşa Trampa da çatdırıblar, lakin bunu daha ehtiyatla ediblər. "Politico"nun mənbələrindən biri bildirib ki, ABŞ lideri bu müharibənin nəticələrinə və uğurunun qiymətləndirilməsinə münasibətdə son dərəcə həssasdır, buna görə də hazırda ona təzyiq göstərmək riskli addım hesab olunur.

Qeyd edilib ki, bir müddət əvvəl İran atəşkəs şərtlərinin pozulmasını səbəb gətirərək Hörmüz boğazından tankerlərin hərəkətini yenidən bağlayıb və İsrailə qarşı "çəkindirici zərbə" üçün hazırlıqlara başlayıb.

Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi Hörmüz boğazından keçidin iki həftə ərzində açılacağını bəyan etmişdi.

Bizə qoşulun