Medianews.az
Tramp və Netanyahu İranla bağlı yeni razılaşmaya gəlib
114 baxış

Tramp və Netanyahu İranla bağlı yeni razılaşmaya gəlib

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ evdə keçirilən görüşdə Vaşinqtonun İranın Çinə neft ixracını azaltmaq istiqamətində addımlar atması barədə razılığa gəliblər.

Medianews.az bildirir ki, xəbəri “Axios” egntliyi iki amerikalı rəsmiyə istinadla yayıb.

Xəbərə görə, ABŞ və İsrail İrana qarşı maksimum təzyiq strategiyasını işə salmaq niyyətindədirlər.

“Axios”un sitat gətirdiyi yüksək vəzifəli ABŞ rəsmisi bildirib: “Biz razılaşdıq ki, İrana qarşı təzyiqi bütün gücümüzlə davam etdirək. O cümlədən İranın Çinə neft satışları məsələsində”.

Məsələ ilə bağlı Çinin Xarici İşlər Nazirliyi də mövqeyini açıqlayıb. Nazirliyin sözçüsü fevralın 15-də bəyan edib ki, beynəlxalq hüquq çərçivəsində həyata keçirilən normal dövlətlərarası əməkdaşlıq “məntiqli və qanunidir” və “hörmət olunmalı, qorunmalıdır”.

İranın neft ixracının 80 faizdən çoxunu Çin alır. Bu ticarətin azalması İran üçün neft gəlirlərinin ciddi şəkildə enməsi demək ola bilər.

Xəbərdə qeyd olunur ki, ötən həftə Vaşinqton və Tehranın diplomatları Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı ətrafında danışıqlar aparıblar. Bu danışıqlar Vaşinqtonun bölgəyə hərbi dəniz qüvvələri yerləşdirdiyi, ABŞ ordusunun isə İrana qarşı uzunmüddətli hərbi əməliyyat ehtimalına hazırlaşdığı bir vaxta təsadüf edir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun