Tərəflərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə davam edən təmaslarına baxmayaraq, ABŞ İrana zərbələr endirməyə davam edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə öz kabinetinin iclasında bildirib.
"İndi onların elə bir şansı var ki, bununla da İran nüvə ambisiyalarından tamamilə imtina edəcək və yeni bir yol müəyyənləşdirəcək. Biz onların bunu etmək istəyib-istəmədiklərini görəcəyik. Əks halda, biz onların ən pis kabusu olacağıq. Hələlik isə sadəcə onları maneəsiz şəkildə partlatmağa davam edəcəyik, heç nə bizi dayandıra bilməyəcək", - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.