ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub.
Bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb.
Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər.
"Ölənlər, əsasən, 30-80 yaş arası insanlardır. Ölüm halları 10 dairədə, əsasən, ştatın mərkəzi və şimal hissələrində qeydə alınıb", - ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evais bildirib.
"Daha bir nəfər İllinoysda, iki nəfər isə Missisipidə ölüb", - telekanal dəqiqləşdirib. Onların bir çoxu kondisionersiz evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.
Anormal istilər iyulun 4-də Vaşinqtonda Müstəqillik Gününün qeyd olunmasına da təsir edib. Milli xiyabandakı şənliklərin bəzi iştirakçılarına tibbi yardım tələb olunub./Report