Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.
Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür.
DİN-in Mətbuat xidmətinin regional bölməsindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, xeyli vaxtdır Azərbaycanda toy karvanlarında qayda pozulmalarına qarşı maarifləndirmə işləri görülür. Bununla belə, neqativ hadisələrə də rast gəlinir.
Son olaraq elə Quba rayonunda 4 gün əvvəl toy karvanında baş verən ağır qəza 23 yaşlı oğlanın ölümünə səbəb olmuşdu.