Dünyada ətin qiymətləri son aylarda rekord həddə yüksəlib. Bu artım əsasən istehlakçı tələbinin çoxalması və bəzi regionlarda istehsalın azalması ilə əlaqədardır. Azərbaycanda da qlobal bahalaşmanın təsiri hiss olunur, yerli bazarda ətin qiyməti davamlı olaraq artır. Bəzi ölkələr artıq bitki mənşəli süni ətin istehsalına keçid edərək bu problemin qarşısını almağa çalışır. Süni ət istehsalı gələcəkdə real ət bazarını əvəz edə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, Azərbaycan və həmçinin Mərkəzi Asiya ölkələrində süni ətə marağın yaxın 10 il ərzində formalaşması real görünmür.

Onun sözlərinə görə, bunun həm tarixi, həm də ənənəvi səbəbləri var.
Ekspert qeyd edib ki, insanların təfəkküründə süni ətin istehlakı ilə bağlı müsbət yanaşma mövcud deyil və yaxın perspektivdə də belə bir tendensiya gözlənilmir: “Azərbaycanda insanların ət seçimi çox həssasdır. Hətta vətəndaş hansısa ətin dadına baxanda, onun hansı bölgəyə aid olduğunu belə müəyyən edə bilir. Məsələn, qəssabdan ət alarkən xüsusi olaraq Bərdə və ya Ağcabədi ətini istəyirlər. Aran bölgəsinin ətinə üstünlük verilməsi adi haldır. Bu da göstərir ki, ət bizim qida rasionumuzda ən vacib ərzaqlardan biri olduğuna görə süni ətə keçid mümkün deyil”.
A.İbrahimovun sözlərinə görə, dünya üzrə artan əhali sayı, ekoloji problemlər, sürətlə yayılan xəstəliklər, qlobal iqlim dəyişiklikləri və heyvandarlığa və ət məhsullarına ciddi şəkildə təsirini göstərməyə başlayıb. Buna görə də bir çox ölkələri alternativ olaraq süni ət istehsalına yönəldib: “Bu praktika bəzi ölkələrdə tətbiq olunur, lakin düşünürəm ki, süni ət yaxın 10-15 ildə Azərbaycan bazarına daxil ola bilməyəcək. Həm qiymətinin yüksək olması, həm də mentalitetdən irəli gələn ənənəvi yanaşmalar buna ciddi maneədir. Yalnız fast-food sahəsində cüzi – təxminən 5-10 faiz həcmində istifadəsi mümkündür”.
Oğuz Ayvaz
Medianews.az