Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının (Hüseynova) "Ana dili: kimlik və gələcək" mövzusunda keçirilən respublika gənclər konfransındakı çıxışında səsləndirdiyi fikirlər xüsusilə sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Xatırladaq ki, Mahirə Nağıqızı çıxışı zamanı şifahi dildə işlək olan sözlərin yeri gəldikdə ədəbi dilə gətirilməsinin vacibliyindən danışıb və bunun mümkünlüyünü vurğulayıb: “Bir dəfə mən bir şeirimdə yazmışdım ki, "Bölünsün görüm ləlöyündə dərdimiz". Mənə nə qədər mesaj gəldi ki, "ləlöyün nədir?" Halbuki o, çox aktiv və gözəl sözdür. "Ləlöyün" sözünü başqa heç nə ilə əvəz etmək olmur. Belə sözləri yenidən dilə, poeziyaya, nəsrə gətirməyin vaxtıdır. Bunu biz etməliyik".

Təhsil eksperti Etibar Əliyev məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, Mahirə Nağıqızı haqlıdır: “Ancaq onun ləlöyün sözü ilə bağlı dedikləri ətrafında sosial şəbəkələrdə yazılan bir çox şərhdə xeyli imitasiya da gördüm. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə, ləlöyün - acgöz, tamarzı, ehtiraslı, həris; ləlöyün getmək isə bir şeyin arzusunda olmaq, həsrətini çəkmək, bir şey üçün əldən getmək mənalarını verir. İzahlı lüğətdə yazıçı Əbülhəsənin əsərindən “Sən ondan ötrü, deyəsən, lap ləlöyün gedirsən ki” cümləsi də iqtibas gətirilir”.

Medianews.az bildirir ki, feysbuk şəbəkəsində istifadəçilərdən Elnarə Aslanova yazır ki, ləlöyün Bakı dialektində “lölöün” kimi tələffüz olunur (ikinci “ö” uzanır), mənası görməmiş, həmişə ac, hardasa qarnını doyuran deməkdir.
Yasəmən Gulər də vurğualyır ki, ləlöyün ən çox bakılıların istifadə etdiyi sözdür.
Lakin Qərib İbrahimov qeyd edir ki, ləlöyün sözü Qazaxda çox işlənir: “70 yaşım var, özümü dərk edəndən bu sözü eşitmişəm və yeri düşəndə istifadə etmişəm. Mənası acgöz, qarınqulu, görməmiş deməkdir, hətta Qazaxda atalar məsəli də yaranıb: İki acdan ləlöyün törər”.
Xalidə Abbasova isə bu sözün Qarabağda da işləndiyini bildirir: “Həm də Azərbaycan o qədər böyük coğrafiyanı əhatə etmir. Eyni ifadələr əsasən hər yerdə işlənir”
Vəkil Zəkizadə yazır: “Dialekt sözdür. Tələbə yoldaşlarımdan biri Marneulidən idi. Onun danışığında çox səslənirdi. Azərbaycan dilinin izahlı lüğətində mənası belə verilir: acgöz, tamarzı, görməmiş. Bir atalar sozü: Acdan ləlöyün törər. Yəni acgöz. Mənası frazeoloji birləşmə ilə də ifadə oluna bilir: əldən getmək”.
Səməd Məmmədov ləlöyün sözünün cənub bölgəsində, əsasən Cəlilabadda çox işləndiyini yazır, bildirir ki, mənası qarınqulu, görməmiş, acgöz deməkdir.
Elçin Qurbanov qeyd edir ki, ləlöyün bir çox bölgədə istifadə olunan sözdür: “Ancaq tez-tez istifadə olunan söz deyil. Danışıq, folklor dilində var, ədəbi söz deyil”.
Tahir Məmmədov yazır: “Sırf Azərbaycan sözüdür, amma az işlənən, passıv sözdür. Aktıv deyil”.
Nüşabə Bayramlı isə bildirir ki, bu, ərəbcədən gəlmə sözdür: ləl-uyun (لا العيون) gözsüz, yəni gözüdoymaz mənasındadır.
Mehdi Hüseynov ləlöyünü əvəzolunmaz bir ifadə kimi qiymətləndirir.
Ofelya Qurbanova hesab edir ki, bu söz yalnız satirik şerlərdə istifadə oluna bilər: “Vətənpərvər, lirik, məhəbbət mövzulu şerlərdə mümkün deyil”.
Maya Qurbanova ləlöyünü görməmiş sözünün sinonimi sayır.
Vahid İbrahimov yazır: “Mahirə müəllimə haqlıdır. Söz ləl və öyün sözünün birləşməsindən yaranıb. Ləl şifahi xalq ədəbiyyatında qızıl və altundan fərqli olaraq, təmiz pak mənasında işlənib. El arasında filankəs elə danışırdı ki, elə bil ağzından ləl tökülürdü deyimi də burdan qaynaqlanır”.
Adəm Şirinov bildirir ki, ləlöyün sözü ac sözü ilə birlikdə işlədilir, yəni ac-ləlöyün, ac-yalavac mənasında: “Bu sözün tarixçəsi var. Ermənilər Qafqaza köçürüləndə onların nimdaş görünüşülərinə baxaraq deyiblər. Bu söz İrəvan mahalında, Naxcıvanda və Şərqi Anadoluda çox işlədilib. Ac-ləlöyün sözü ac, xeyirsiz, pulu və perspektivi olmayan, tamahkar yad insan mənasında işlədilir. Ağcabədidə də bu söz tez-tez işlədilir, özüm də istifadə edirəm. Bəzən insanlar təəccüb edərək gülürlər və başa salıram mənasını”.
Tahir Xasıyev isə hesab edir ki, əslində dilimizdə belə bir söz yoxdur.