Medianews.az
Son illərdə görünməmiş ucuzlaşma -
255 baxış

Son illərdə görünməmiş ucuzlaşma - Rusiya nefti “su qiymətinə” satmağa başladı

Rusiyanın Qara dənizdəki Novorossiysk limanında “Urals” markalı neftin bir barelinin qiyməti 36 dollara düşüb.

“Bloomberg” nəşrinin məlumatına görə, eyni tendensiya Baltik dənizi limanlarında da müşahidə olunur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a deyib ki, “Urals” markalı neftdə ucuzlaşma 2023-cü ildən bəri rekord həddə çatıb: “Əvvəlki rekord ucuzlaşma 2023-cü ilin əvvəlində olmuşdu. O vaxt “Urals” markalı neftin bir bareli 40 dollar səviyyəsində müəyyən edilmişdi”.

İ.Şabanın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın ikinci dərəcəli sanksiyalarının riski fonunda alıcılar Rusiya neftinin idxalını azaldır, bu isə öz növbəsində qiymətlərə əlavə təzyiq göstərir: “Nəticədə satılmamış həcmlər Rusiya terminallarında toplanır və üzən anbara çevrilən tankerlərdə qalır. Məlumatlara görə, Rusiyanın dəniz neft ixracının təxminən üçdə biri – gündəlik 1,4 milyon barel – hazırda dənizdə “ilişib” qalıb”.

Oktyabrın 23-də Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Rosneft” və “Lukoyl”a qarşı yeni sanksiyalarını şərh edərkən bildirmişdi ki, dünya bazarında Rusiya neftinin həcminin kəskin azalması qiymətlərin daha da artmasına səbəb olacaq.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun