Sabah Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
Axalkalaki dəmir yolu stansiyasında keçiriləcək mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi istifadəyə verilməsi region üçün hansı yeni imkanlar yaradır? BTQ xətti vasitəsilə sərnişin daşımaları da mümkündürmü? Bu dəmir yolu xəttinin Azərbaycanın uzunmüddətli nəqliyyat strategiyasındakı yeri nədir? BTQ marşrutu Avropa ilə Asiya arasındakı tranzit daşımalarında rəqabətə nə dərəcədə davamlı olacaq?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu test rejimində işləyərkən artıq rentabelli olduğunu göstərib: “Bu marşrutla həm zamana, həm də vəsaitə kifayət qədər qənaət edərək Asiyadan Avropaya, Şərqdən Qərbə yükdaşımalar həyata keçirilir.
Təbii ki, sərnişin daşımaları da olacaq. Artıq mən bildiyim qədərilə, Türkiyə tərəfi ilə də bununla bağlı müəyyən anlaşmalar, razılaşmalar var. Çox güman, Bakıdan Tbilisiyə, oradan da İstanbula qədər uzanacaq bir xətt açılacaq. Bu, sərnişin daşımasını da artıra bilər. Bundan başqa, Azərbaycan onu bir turistik marşruta da çevirə bilər. Yəni bunu bir "Qafqaz ekspressi" adı altında, məsələn, Mərkəzi Asiyadan gələn turistlərin qatarla Türkiyəyə, ordan hətta Avropaya səfərlərini təşkil etmək mümkün ola bilər.

Bakı-Tbilisi-Qars Azərbaycanın özünün təkbaşına həyata keçirdiyi və 2000-ci illərin ortalarından icrasına başladığı bir layihədir. O vaxtdan start götürən layihənin nə qədər uğurlu olduğu indi daha aydın görünür. Deməli, öncədən verilmiş qərarlar doğru idi və bu gün Şərq-Qərb dəhlizinin əsas elementi olan Bakı-Tbilisi-Qars dəmir yolu rəsmi açılışdan sonra həm yük, həm də sərnişin daşınmasında uğurlu bir layihə kimi çıxış edə bilər. Bu, Azərbaycanın da, Gürcüstanın da tranzit imkanlarını və turizm imkanlarını xeyli dərəcədə artıracaq”.

Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb tranzit yolunun bir komponenti, Orta Dəhlizin bir parçasıdır: “Hazırda dünyada baş verən gərgin proseslər, müharibələr logistika sahəsində böyük çətinliklər yaradıb. Şimal tərəfdə Rusiya, cənubda İrandır. Hər iki istiqamətdə yüklərin daşınması həm risklidir, həm də müəyyən məhdudiyyətlərə görə alınmır. Ona görə prioritet Orta Dəhlizdir, yəni Xəzərdən keçməklə Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə, Avropaya və əks istiqamətə.

Bu, eyni zamanda Zəngəzur dəhlizinə bir alternativdir. Hazırda Zəngəzur dəhlizinin istifadəyə verilməsi müəyyən səbəblərə görə bir qədər gecikir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə artıq hazırdır. 2017-ci ildən istifadəyə verilsə də, indiyədək test rejimində fəaliyyət göstərib, rəsmi açılışdan sonra isə yüklərin daşınmasında əvəzsiz bir rol oynayacaq. Ümid edirəm ki, tranzit yüklərin daşınması ölkəmizə, eyni zamanda region ölkələrinə, həmçinin Avropadan Çinə qədər maraqları olan bütün dövlətlərə çox faydalı olacaq”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
