İsrailin Baş naziri Benjamin Netanyahunun İran xalqına ünvanladığı Novruz mesajı və ardınca sürgündə yaşayan İranın keçmiş kraliçası Fərəh Pəhləvinin paylaşımı geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, Netanyahu çıxışında bildirib ki, İrana qarşı həyata keçirilən əməliyyatlar İran xalqının Novruzu və Çaharşənbə Suri ənənələrini “sərbəst şəkildə qeyd etməsi” üçün aparılıb.
O, İran xalqına müraciət edərək “Novruz mübarək” deyib və bayramı qeyd etməyə çağırıb.
Bu açıqlamadan qısa müddət sonra diqqət İran müxalifətinə yönəlib. 1979-cu il İran İnqilabından sonra ölkəni tərk edərək sürgündə yaşayan Fərəh Pəhləvi Parisdəki iqamətgahından Çaharşənbə Suri ilə bağlı video paylaşıb. Görüntülərdə onun ənənəyə uyğun olaraq tonqalın üzərindən tullandığı əks olunub.
Paylaşım sosial mediada sürətlə yayılıb və müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu mədəni və simvolik jest kimi qiymətləndirsə də, digərləri hadisəni siyasi mesaj kimi şərh ediblər.
Qeyd edək ki, Çaharşənbə Suri Novruzdan əvvəl qeyd olunan qədim ənənədir və od üzərindən tullanmaqla “pisliklərdən təmizlənmə” rəmzi hesab olunur. Bu ritual zamanı insanlar “Sarılığımı al, qırmızılığını ver” deyərək yeni ilə sağlam və enerjili başlamağı arzulayırlar.
Ekspertlər hesab edir ki, həm Netanyahunun açıqlaması, həm də Fərəh Pəhləvinin paylaşımı bu ənənəyə siyasi və simvolik məna qazandırıb.