Baltik dənizində gərginliyi artıran hadisə baş verib.
Medianews.az xəbər verir ki, İsveç təhlükəsizlik qüvvələri Rusiyaya aid olduğu bildirilən “kölgə donanması”na daxil "Sea Owl I" adlı neft tankerinə xüsusi əməliyyat keçirib.
İsveç Sahil Mühafizəsi və hüquq-mühafizə orqanlarının birgə təşkil etdiyi əməliyyat zamanı helikopterlər və sürətli qayıqlar vasitəsilə hərbçilər gəmiyə çıxarılıb. Tankerə müdaxilə anları saniyə-saniyə qeydə alınaraq ictimaiyyətə təqdim olunub.
Rəsmi məlumatlara görə, əməliyyat Baltik dənizində həyata keçirilib və uğurla başa çatdırılıb. İsveç tərəfi bu addımın bölgədə təhlükəsizliyin gücləndirilməsi və Rusiyanın “kölgə donanması” fəaliyyətlərinə qarşı görülən sərt tədbirlərdən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, “kölgə donanması” adlandırılan bu tip tanker şəbəkələri əsasən sanksiyalardan yayınmaq üçün istifadə olunur və son dövrlər Avropa ölkələrinin diqqət mərkəzindədir.