“Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert İrəvana qarşı davam edən iqtisadi-ticari embarqodan danışıb. Onun iddiasına görə, Ermənistandan Rusiyaya ərzaq məhsullarının tədarükünə qoyulan məhdudiyyətlər yalnızca qanun pozuntuları ilə bağlıdır və siyasi çalar daşımır.
Sitat: “Agentlikdə müəssisələrin fəaliyyəti, laboratoriya testlərinin nəticələri, tədarüklər və qeydə alınmış pozuntular barədə uzun illərdir topladığı məlumatlar var. Məhdudiyyətlərin siyasiləşdirilmədiyini deyən bir dənə də olsun prezident görməmişəm. Əsas problem istehsalçılar tərəfindən keyfiyyətə nəzarətin olmamasıdır”.
Dankvert dedi, biz də inandıq. Əlbəttə ki, qurum rəhbəri blef edir. Hamı fərqindədir ki, Ermənistana qarşı bu qəbil sanksiyaların fitosanitar tələblərə heç bir dəxli yoxdur və sırf Avropa Birliyi ilə yaxınlaşmaq kursu götürmüş Nikol Paşinyan hökumətini cəzalandırmaq məqsədi güdür. Sabah Bakı da eyni kursu tərcih eləsə, yaxud Rusiyanın bəyənmədiyi başqa addımı atsa, analoji təzyiqlər bizə qarşı yönələcək.
Rusiya, ümumiyyətlə, yalanlara öyrəşib. Bu imperiya dövləti əsrlərdir yalanlarla yaşayır. Azərbaycan timsalında dəfələrlə bunun şahidi olmuşuq. Son olaraq, 2024-də mülki təyyarəmizin Qroznı üzərində vurulması ilə bağlı hansı hoqqalardan çıxmadılar? Yaxud ötən il Bakıda “casus yuvası”na çevrilmiş Rus Evinin bağlanması olayı. Moskva hələ də gerçəyi boynuna almaq istəmir və obyektin bərpasında israr edir...

Rusiya heç yazılı öhdəliklərini də yerinə yetirmir. Bu da yalanın başqa bir formasıdır. Misal üçün, 10 noyabr (2020) kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən, erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdikcə oradan çıxarılmalı idi. Çıxarılmadı.
Əksinə, sanki Rusiya Qarabağa əbədiyyən qayıdıbmış kimi özünü aparmağa başladı, suverenliyimizi heçə sayaraq, qanunsuz silahlı dəstələrə hər cür dəstək verdi, hətta torpaqlarımızda onlarla ortaq təlimlər keçirdi. Sonrası məlum. “İt də getdi, ip də”...
“İp” demiş, məhz rusun ipinə odun yığmağın qorxulu olduğunu yaxşı bildikləri üçün postsovet məkanında Moskvaya zərrəcə inam-etibar qalmayıb. Əgər bir dövlət qardaş saydığı Ukrayna xalqına verdiyi sözü belə tutmayıbsa və 5 ildir onun başına od ələyirsə, başqasına nə baxır? Rusiyanın 1995-ci il Budapeşt Memorandumu ilə Ukraynanın ərazi bütövlüyünə verdiyi yazılı zəmanəti nəzərdə tuturuq.

Ona görə ağlı başında olanların, çörəyi ağzına yeyənlərin hamısı Rusiyaya Ukraynada məğlubiyyət arzu edir. Ən azından, onun qalib olmamasını istəyir. Eyni səbəbdən Ermənistana qarşı sanksiyaların da uğur qazanması arzu edilən deyil. Niyə?
Çünki kapitulyant ölkənin tamamən Rusiya orbitinə qayıtması Bakı və İrəvan arasında ikitərəfli formatda davam edən sülh prosesinə zərbə olacaq və hətta yeni konfliktə zəmin yaradacaq. Zira, XXI əsrdə də velikorus şovinizmindən əziyyət çəkənlərin dəftərində hansısa ölkəyə konflikt yox, sülh və əmin-amanlıq aparmaq kimi bir missiya yox. Buradan çıxan bütün mümkün nəticələrlə birgə.
“Miatsum” kimi sağalmaz bir xəstəlik, yəni...
Z. SƏFƏROĞLU