Medianews.az
Rusiya səfiri YENƏ XİN-ə çağırıla bilər –
51 baxış

Rusiya səfiri YENƏ XİN-ə çağırıla bilər – Putinin dostunun QƏZƏBİ, Bakıda olmuş prezidentin aşağılanması...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev iki ölkənin rəhbərlərini təhqir edib. O, Ermənistan və Ukrayna liderləri – Nikol Paşinyan və Volodimir Zelenskini “beyinsiz rusofoblar” adlandırıb.

Əsas səbəb kimi də Zelenskinin İrəvanda Rusiya əleyhinə məlum açıqlaması, Paşinyanla öz aralarında rusca deyil, ingiliscə danışması göstərilir. Daha bir motiv yəqin ki, İrəvanda mayın 4-də ilk dəfə Qərb maraqlarını simvolizə edən ali tədbirin keçirilməsidir. Burdaca yada salaq ki, ötən ay Zelenski Bakıda da olmuşdu...

Belə reaksiya Medvedyevin danışıq tərzinə və stilinə uyğundur. Ancaq o sıradan biri sayılmaz. Statusuna görə rusiyalı bədnam teleaparıcı, söyüş-təhqirə görə ondan geri qalmayan Vladimir Solovyovun da tayı deyil. Dövlət rəsmisi, sabiq prezidentdir. Yəni, ölkənin mövqeyini ifadə edən bir şəxsdir.

Bütün hallarda bu cür ritorika dövlət adamına yaraşmaz. Ən əvvəl ona görə ki, Zelenski və Paşinyan öz ölkələrinin legitim başçılarıdır. Təkcə bu səbəbə Rusiyanın səfiri Ermənistan XİN-ə çağırıla bilər. Əgər vaxtilə Solovyovun hədə-hədyanlarına görə səfir Sergey Kopırkin XİN-ə dəvər olunubsa, ona etiraz bildirilibsə, eyni hal təkrarlana bilər. Çağırılacaqmı? Ümumiyyətlə, rəsmi İrəvanın reaksiyası nə olacaq? Görəcəyik...

Ukrayna Prezidenti Volodimir Zelenski, Ermənistan Baş naziri Nikol Paşinyan

Qəribəsi odur ki, Medvedyev İrəvanda Fransa prezidenti Emmanuel Makronun Rusiya haqda, əslində, daha sərt fikirlərini və onun Paşinyana isti və açıq reveranslarını nədənsə görməzdən gəlib. Nə demişdi Makron?

Demişdi ki, Ermənistan əvvəllər bir çoxları tərəfindən Rusiyanın faktiki müttəfiqi kimi qəbul edilirdisə, “məxməri inqilab”dan sonra ölkənin kursu dəyişib”. Son illər Ermənistanda “əhəmiyyətli siyasi dəyişikliklər” baş verib, daha nələr.

“Düzünü desək, 8 il əvvəl bura heç kim gəlməzdi. 8 il əvvəl bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki hesab olunurdu. Bu gün ölkənizə bu qədər çox ilk səfərlər görməyimiz çox şeydən xəbər verir”. Bu da onun sözləridir.

Makron, həmçinin, Ermənistandakı dəyişiklikləri Ukraynanın müqaviməti və regionun digər ölkələrində islahatlar da daxil olmaqla, Avropadakı daha geniş proseslərlə əlaqələndirib. “Ermənistanın təhlükəsizliyini və müdafiəsini gücləndirən Avropadır” – Bunu da o iddia edib. Qısası, büsbütün Moskvanı qəzəbləndirəcək iynəli ifadələr...

Rusiyanın təlaşının, təhqiramiz ritorikasının bir səbəbi də şübhə yox ki, Ukraynada, müharibənin 5-ci ilində “Xüsusi Hərbi Əməliyyat”ın faktiki tormozlanmasıdır. Artıq may ayıdır, havalar isinib, ancaq rusların güclü hücum kampaniyası əvəzinə, hər gün Ukraynanın uğurlu həmlələrinə şahidlik etməkdəyik.

Ukrayna özəlliklə bu ölkənin strateji əhəmiyyətli enerji infrastrukturunu permanent şəkildə sıradan çıxarır. Kiyev savaşı de-fakto Rusiya ərazisinə keçirib, bəzi torpaqları geri alıb. Hətta Ukrayna ordusunun əks-hücuma hazırlaşdığı haqda fikirlər var.

Moskvanın 9 may paradı ilə bağlı əndişəsi həm də bununla bağlıdır – Ukraynanın “əlinin” artıq çox yerə çatması. Elə iki gün öncə Ukrayna dronunun ilk dəfə Kremlin cəmi 6 km-liyində partlaması qarşı tərəfdə az qala, panika yaradıb.

Medvedyev qəzəbli danışar da. Təbii ki, o, yalnızca öz adından da danışmır...

Zahid SƏFƏROĞLU

Bizə qoşulun