Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün sərhəd-keçid məntəqələrindən çıxarılıb. İndi orada yalnız Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları xidmət aparır.
Rusiya hərbçilərinin sərhəddən çıxarılması regionda, konkret olaraq Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərində hansı yeniliklərə yol aça bilər?

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Rusiya sərhədçilərinin Türkiyə–Ermənistan sərhədindən çıxarılması müsbət hadisədir: “35 il əvvəl bu qüvvələr Ermənistan–Türkiyə sərhədinə yerləşdirilərkən əsaslandırma kimi Ermənistanla Azərbaycanın müharibə vəziyyətində olması və guya Türkiyədən Ermənistanın təhlükəsizliyinə təhdid yarana biləcəyi göstərilirdi. Bu əsasla Rusiya Ermənistanda hərbi baza yaratdı və sərhədlərin Rusiya sərhədçiləri tərəfindən qorunmasına nail oldu”.
Politoloq qeyd edib ki, artıq vəziyyət dəyişib: “Ermənistanla Azərbaycan arasında müharibə başa çatıb, sülh prosesi davam edir və sülh müqaviləsinin mətni razılaşdırılıb. Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də addımlar atılır. Ermənistan son il yarım ərzində Zvartnots Beynəlxalq Hava Limanından, İran sərhədindən, indi isə Türkiyə sərhədindən Rusiya sərhədçilərini çıxarıb. Onların yerinə Ermənistan sərhədçiləri xidmət aparır”.
O.Qasımovun fikrincə, bu addım Ermənistanın müstəqil dövlət olduğunu nümayiş etdirməsi baxımından vacibdir: “Eyni zamanda, Rusiya amili ölkənin müstəqil xarici siyasət yürütməsinə mane olan əsas faktorlardan biri kimi qiymətləndirilməlidir. Rusiyanın Ermənistana təsirinin azalması Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına müsbət təsir göstərə bilər. Bu baxımdan atılan addım müsbət qiymətləndirilməlidir”.
Nailə Qasımova,
Medianews.az