Medianews.az
“Rəqəmsal məktəb” süni intellekt platformasına çevrilir
62 baxış

“Rəqəmsal məktəb” süni intellekt platformasına çevrilir

Müəllimlərimiz tədrisdə real olaraq süni intellekt alətlərindən istifadə edirlər.

“Rəqəmsal məktəb” platforması isə təhsildə süni intellektin tətbiqi baxımından nəhəng bir ekosistemə çevrilməkdədir.

Bir müddət bu platformanı araşdırdım.

Birmənalı demək olar ki, Elm və Təhsil Nazirliyi son dövrlər süni intellektin real tətbiqi baxımından ölkədə ən sistemli çalışan dövlət qurumlarından birinə çevrilib.

“Rəqəmsal məktəb” platforması üzərindən müəllim, şagird, məktəb rəhbərliyi və valideynlər süni intellektdən istifadə etməklə konkret rəqəmsal xidmətlər formalaşdırır.

Nazirlik son illərdə bu istiqamətdə həm Microsoft, həm Google, həm də Presight kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq qururdu. İndi görünür ki, bu əməkdaşlıqlar real işlək və faydalı bir ekosistemə çevrilməyə başlayıb.

Platformada müəllim, şagird və ümumilikdə tədris prosesinin daha effektiv təşkili üçün aşağıdakı çoxsaylı süni intellekt və rəqəmsal alətlər təqdim olunub:

- Google Gemini – dərs planlarının hazırlanması, mövzuların izahı, test və tapşırıqların yaradılması üçün;

- NotebookLM – müəllimin öz materialları əsasında xülasə, tapşırıqlar, təqdimat, fərdiləşdirilmiş resurslar və s. hazırlaması üçün;

- Google Classroom, Google Docs, Google Forms, Google Drive, Google Meet və digər alətlər – tədris, əməkdaşlıq və idarəetmə proseslərinin vahid mühitdə qurulması üçün.

Eyni zamanda Microsoft Copilot platforması da müəllimlər üçün lokallaşdırılıb və kurikulum əsaslı süni intellekt köməkçisi kimi istifadəyə verilib. Bu sistem müəllimlərə qiymətləndirmə, rubrika, test, dərs planı və metodik materialların hazırlanmasında dəstək verir.

Ötən il yazmışdım ki, Elm və Təhsil Nazirliyi Dubayda Presight şirkətinin məsul şəxsləri ilə görüşərək təhsildə süni intellektin tətbiqini müzakirə etmişdi.

İndi isə görünür ki, Presight/G42 ilə əməkdaşlıq çərçivəsində təhsil yönümlü xüsusi dil modelləri əsasında müəllim üçün “Rəqəmsal köməkçi” süni intellekt agenti də formalaşdırılıb.

Test etdim.

Bu artıq sadə çatbot deyil. Lokal təhsil sisteminə uyğunlaşdırılmış, kifayət qədər peşəkar süni intellekt əsaslı dəstək modelidir.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun