Bir ay əvvəl barəsində cinayət işi başlanılan Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin indiyədək hakim Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılmamasının səbəbi məlum olub.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə “Yeni Sabah”a açıqlamasında deyib ki, bu, R.Mehdiyevlə bağlı istintaqın bitməməsi və hələlik məhkəmənin qüvvəyə minmiş hökmünün olmaması ilə bağlıdır.
“Məhkəmə Ramiz Mehdiyevlə bağlı qərar çıxardıqdan sonra, Yeni Azərbaycan Partiyasında da onunla bağlı lazım olan bütün addımlar atılacaq”, - o bildirib.
Şura sədri söyləyib ki, partiya olaraq, məhkəmənin qərarını gözləyirlər.
Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. O, YAP Veteranlar Şurasının üzvüdür.