Medianews.az
Qohum evliliyinə qadağa – Ay yarım ötdü –
345 baxış

Qohum evliliyinə qadağa – Ay yarım ötdü – Əməl olunurmu?

İyulun 1-dən Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, əmi, xala, bibi və dayı uşaqlarının evlənməsinə rəsmi şəkildə qadağa qoyulub.

Qadağaya könüllü əməl edilirmi? Dəyişiklik qüvvəyə minəndən sonra nikahı yasaqlanan yaxın qohumlar arasında evlənən və ya buna cəhd edən olubmu? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bununla bağlı hər hansı güzəşt əldə etmək üçün müraciət, yaxud qadağanın qeyri-rəsmi şəkildə pozulması halı və ya buna cəhd göstərildiyi barədə siqnal daxil olubmu?

Medianews.az saytı bu suallarla Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya müraciət edib.

A.Sofiyeva bildirib ki, məcəlləyə dəyişiklik artıq qüvvəyə minib və orada istisnalar nəzərdə tutulmayıb: “Ona görə hər hansı güzəşt üçün bizə müraciət edən də yoxdur. Qanun qanundur, əməl olunmalıdır”.

Qadağanın pozulması hallarına gəlincə, Dövlət Komitəsinin sədr müavini deyib ki, bununla bağlı onlara hər hansı məlumat daxil olmayıb: “Qanunla yasaq edildiyinə görə onsuz da yaxın qohumluğu olan şəxslərin evliliyi rəsmən qeydiyyata alınmayacaq. Amma o biri yandan Ailə Məcəlləsinə dəyişiklik qüvvəyə minəndən bəri nikahı qadağan edilmiş yaxın qohumların qeyri-rəsmi şəkildə ailə qurması halı barədə də hər hansı məlumat almamışıq”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun