Azərbaycana 10 ildən köhnə avtomobillərin idxalının qadağan edilməsi və gələn ildən etibarən BMW F10 modellərinin ölkəyə gətirilməsinin faktiki olaraq çətinləşməsi daxili bazarda təklifin azalmasına, nəticədə isə qiymətlərin təxminən 1000 manatadək artmasına səbəb ola bilər.
Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, hazırda qüvvədə olan qaydalara əsasən, istehsal tarixindən 10 ildən artıq vaxt keçmiş avtomobillərin Azərbaycana idxalına icazə verilmir. Bu mexanizm gələn ildən daha da sərtləşir. Məlumata görə, yalnız 4-cü aydan sonra istehsal olunan F10-lar ölkəyə buraxılacaq. Nəzərə almaq lazımdır ki, F10 gövdəsinin istehsalı ümumilikdə 2017-ci ildə dayandırılıb. Bu isə faktiki olaraq idxal üçün uyğun avtomobillərin sayını minimuma endirir.
İqtisadiyyatın əsas qanunlarından biri olan təklif-tələb balansına görə, bazarda təklif azalarkən tələb eyni səviyyədə qalarsa və ya yüksək olarsa, qiymətlər yüksəlir. BMW F10 Azərbaycanda xüsusilə populyar gövdə hesab olunur. Alıcıların bu modelə olan marağı hələ də yüksəkdir. Lakin idxal kanallarının bağlanması və ya daralması nəticəsində yeni avtomobillərin bazara daxil olması azalacaq. Bu vəziyyətdə mövcud avtomobillər daha dəyərli aktivə çevrilir.
İqtisadi nəzəriyyədə əvəzedici mallar anlayışı mühüm yer tutur. F10-un istehsalı 2017-ci ildə dayandığı kimi, bazarda sevilən və istehsalı 2016-cı ildə başa çatmış digər modellər də mövcuddur. Bu modellər də idxal məhdudiyyətlərinə düşdüyündən, alıcılar mövcud avtomobillərə yönələcək. Nəticədə, təkcə F10 deyil, oxşar seqmentdə olan digər modellərin də qiymətində artım müşahidə oluna bilər.
Mövcud bazar dinamikasına əsasən, təklifin daralması fonunda F10 və analoji modellərin qiymətində təxminən 1000-1500 manat civarında bahalaşma real görünür. Bu, süni şəkildə yaradılan artım deyil. Yəni səbəb müvəqqəti emosional davranış deyil, idxal qaydaları ilə formalaşan obyektiv bazar şərtləridir.
Qeyd edək ki, dövlətin avtomobil idxalına tətbiq etdiyi yaş məhdudiyyətləri əsasən ekoloji standartların yüksəldilməsi və avtomobil parkının yenilənməsi məqsədi daşıyır. Lakin bu cür qərarlar qısa və orta müddətdə ikinci əl avtomobil bazarında qiymət artımı ilə müşayiət olunur. Xüsusilə istehsalı artıq dayandırılmış, lakin istehlakçı zövqündə möhkəm yer tutmuş modellər bu prosesdən daha çox təsirlənir.
Mövcud qaydalar fonunda BMW F10 və istehsalı dayandırılmış digər populyar modellər bazarda nisbi "defisit" statusu qazanır. İqtisadi qanunauyğunluqlara əsasən, bu vəziyyət qiymət artımını qaçılmaz edir və yaxın dövrdə avtomobil bazarında bu tendensiyanın daha aydın hiss olunacağı gözlənilir.