Medianews.az
Qəribə yuxuların
81 baxış

Qəribə yuxuların SƏBƏBİ

Alimlər müəyyən ediblər ki, yuxular zamanı beyin gün ərzində baş verən hadisələri sadəcə təkrarlamır, onları yenidən birləşdirərək tamamilə yeni və bəzən sürreal süjetlər yaradır.

Medianews.az xəbər verir ki, bu barədə araşdırma İtaliyada yerləşən "IMT School for Advanced Studies" Lucca tərəfindən aparılıb və eksperimentdə 287 könüllü iştirak edib.

İştirakçılar iki həftə ərzində hər gün yaşadıqları hadisələri və gördükləri yuxuları qeyd ediblər. Daha sonra bu məlumatlar süni intellekt vasitəsilə analiz olunub və ümumilikdə 3700-dən çox yuxu ilə real hadisə müqayisə edilib.

Araşdırma göstərib ki, yuxularda tanış məkanlar olduğu kimi təkrarlanmır, əksinə, müxtəlif xatirələr, gözləntilər və təxəyyül elementləri ilə qarışaraq dəyişir. Bu səbəbdən insanlar tez-tez yuxularda real həyatda tanıdıqları yerlərin fərqli, hətta qeyri-adi formalarını görürlər.

Alimlərin sözlərinə görə, yuxulara yalnız gün ərzində baş verən hadisələr deyil, həm də insanın fərdi xüsusiyyətləri, yuxunun keyfiyyəti, düşüncələrin tez-tez dağılması və yuxulara münasibəti təsir edir. Məsələn, fikirləri tez-tez yayınan insanlar daha parçalanmış və sürətlə dəyişən yuxular görür, yuxulara xüsusi əhəmiyyət verən şəxslər isə daha dolğun və məzmunlu yuxular haqqında danışırlar.

Tədqiqatçılar bu nəticələri COVID-19 pandemiyası dövründə toplanmış məlumatlarla da müqayisə ediblər və müəyyən ediblər ki, həmin dövrdə yuxular daha emosional olub, tez-tez məhdudiyyət və izolyasiya mövzularını əks etdirib. Zaman keçdikcə və insanlar yeni şəraitə uyğunlaşdıqca bu motivlərin intensivliyi azalıb.

Tədqiqatın aparıcı müəllifi Valentina Elce bildirib ki, yuxular keçmişin sadə əksi deyil, insanın yaşadıqları və daxili vəziyyəti əsasında formalaşan dinamik prosesdir.

Alimlərin fikrincə, yuxuların öyrənilməsi yaddaşın işləmə mexanizmlərini, şüurun fəaliyyətini və emosional uyğunlaşmanı daha yaxşı anlamağa imkan verir.//Lent.az

Bizə qoşulun