Liviyanın qərbindəki Ez-Zintan şəhərinin xəstəxanası Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin cəsədinin daxil olması barədə məlumatı təkzib edib.
Musavat.com xəbər verir ki, bu barədə Liviyanın "Al Wasat" portalı məlumat yayıb.
Bundan əlavə, qonşu Əl-Rəcbandakı tibb müəssisəsində də mərhumun harada olması barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, dünən Liviyanın paytaxtı Tripolinin cənubunda Seyf əl-İslam Qəddafinin ölüm xəbəri yayılıb. İlkin məlumatlara görə, o, silahlı qruplar arasında aktiv döyüşlərin getdiyi ərazidə öldürülüb.
"Al-Hadath" telekanalı Qəddafi ailəsinə yaxın mənbələrə istinadla bildirir ki, Seyf əl-İslam öz iqamətgahının yaxınlığındakı bağda olarkən ölümcül yara alıb.
Hadisəni törədən 4 nəfər qaçıb. Eyni zamanda, "Al Jazeera" telekanalı xəbər verir ki, sui-qəsd olunmazdan əvvəl Qəddafinin evindəki bütün videomüşahidə kameraları sıradan çıxarılıb.
Liviya Baş Prokurorluğu ölümün səbəbinin güllə yaraları olduğunu təsdiqləyib. Qəddafinin tərəfdarları rəsmi araşdırma tələb ediblər.
Xatırladaq ki, Seyf əl-İslam Qəddafi 2011-ci ildə öldürülən Liviya lideri Müəmmər Qəddafinin ikinci oğludur. O, 2021-ci ildə prezident seçkilərində iştirak etmək niyyətində olsa da, səsvermə baş tutmayıb.