Medianews.az
“Qardaş, nə üstə tutulmusan?” -
73 baxış

“Qardaş, nə üstə tutulmusan?” - “Kömpüterdə şəkil düzəltmişdim”

O gün əməkdaşlarımız daxili qrupumuzda bir şəkil paylaşmışdılar. Fotodan bizə tanınmış vəzifəli şəxsin yanında durmuş gənc və gözəl qız baxırdı.

Doğrusu, ilk dəqiqələrdə kəsdirə bilmədim ki, bu şəkil niyə paylaşılıb. Adi şəkil idi. Sonra şəkli qrupa atan dost xəbər verdi ki, bu, orijinal deyil, süni intellekt məhsuludur və qız bunu öz səhifəsində xalqa nümayiş etdirir.

Xanımın məqsədi nədir, xalqa nə demək istəyir, bilinmir. Bəlkə keçmiş sevgilisinə yandı-qındı verir, “bax, səndən də yaraşıqlı və imkanlı adam tapmışam” demək istəyir? Yaxud da bu şəkil onun intim fantaziyasını əks etdirir, kim bilir.

Allah tərəfi, şəkil o qədər ustalıqla hazırlanıb ki, bir kəs belə onun süni intellekt tərəfindən ərsəyə gətirildiyindən quşqulanmaz. Bəlkə də bu şəkili həmin tanınmış adama göstərsələr, fikirləşər, deyər, biz bu şəkli hansı tədbirdə çəkdirmişik, xatırlamıram, amma yaxşı düşmüşük.

Bəs bu şəkildə görünən gənc və tanınmış şəxsin həyat yoldaşı bunu görcək, vəkilinə deməzmi “o qızı tapın”. Vallahi, deyər də, tapdırar da, soruşar da: “Xeyirdimi, bala, sənin mənim yoldaşımın yanında nə işin var?”

Xatırlayırsınızsa, 3-4 il qabaq sırf belə bir şey üstündə nazirliklərin birində saçyoldu olmuşdu, vəzifəli şəxsin arvadı, daha dəqiqi, əlində həmin şəxslə Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsindən verilmiş rəsmi nikah müqaviləsi olan qadın, el dilində və lakonik desək, “lotuşka”nı saçlamışdı. Əslində Nigar ismətli, Həcər qeyrətli hərəkət idi. Özü də ortalıqda süni intellekt söhbəti yox idi, vəzifəli şəxsin “sol” istiqmətdə intensiv hərəkətlərini onun arvadına satan xeyirxah şəxs ortalığa təbii intellekt məhsulu qoymuşdu.

Xüləs, indi bu xüsusda vəziyyət kardinal şəkildə dəyişəcək. (Kardinal demişkən, görəsən, bozdan xəbər var?).

Xəbər yayılıb ki, indən belə süni intellektlə qanunsuz materialların hazırlanıb yayılması yasaqlanır, qadağanı pozanlar cərimələnəcək və ya həbs olunacaqlar.

Sənəddəki çox yekə cümləni olduğu kimi bura köçürmək istəmirəm, amma deyilir ki, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etmək olmaz. Xüsusilə də reallığı əks etdirməyən foto, video və ya audio materiallar düzəldənlər, yayanlar aşağısı 3 min, yuxarısı 7 min manat cərimələnəcəklər.

Hətta bəzi qırmızı xətləri o tərəfə-bu tərəfə keçənlər cərimə ilə canlarını qurtara bilməyəcəkər, onları tutub təcridxanaya salacaq, aşağısı 360, yuxarısı 480 saat ictimai işlər gördürəcəklər. İctimai işlər də, bilirsiniz, nədir? Küçə süpürmək, çəmənlik sulamaq, nə bilim, divar yumaq və s. Hələ daha ağır cəzalar da var: 3 ilədək azadlığın məhdudlaşdırılması və eyni müddətə azadlıqdan məhrumetmə. Di get, otur içəridə. “Qardaş, nə üstə tutulmusan?” “Heeç, mənimki təzə maddədir”. “Yəni...”. “Yəni kompüterdə şəkil düzəltmişdim”.

Üstü açılar ki, o, bu süni şəkillərlə kişilərlə yanaşı qadınları da şantaja məruz qoyurmuş, onlardan pul və ya cinsi yaxınlıq tələb edirmiş, vallahi, tutub adamın qaşığını deşərlər. Deyərlər, bizim yatdığımız maddəyə bax, bununkuna bax.

Qanuna görə, xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlamağın cəzası da ağırdır.

Bir sözlə, düzgün işləsə, yaxşı qanundur, hamımızı şantajçılardan qoruyacaq, ta qorxmayacağıq ki, süni intellekt vasitəsilə bizi kiminləsə cütləşdirib biabır edərlər.

Amma bildiyiniz kimi, istənilən mütərəqqi qanun ölkəmizə gələndə həm yeni pulqopartma vasitəsinə çevrilir, həm də onun arxasında gizlənərək özlərinə toxunulmazlıq haləsi düzəldənlər olur.

Tutaq ki, bir məmur aşkar şəkildə rüşvət alır və kimsə də bunu çəkir, adam şikayət edəcək ki, mən şəklimin çəkilməsinə razılıq verməmişdim, hüquqlarım pozulur. Hətta adam həyasız biri çıxar, iddia edər ki, yaramaz jurnalist onun şəklini sırf seksual planda istifadə etmək üçün çəkib. Di gəl, bunun qabağında dur, izahat ver ki, bunun o yeyib-yatmış həbəş suratı heç kimə lazım deyil.

Bəs jurnalistlərin sevimli kollajdüzəltmə işləri necə olacaq? İki məşhur və ya qeyri-məşhur adamın şəklini yanaşı qoyaraq, türkün sözü, bir karedə birləşdirmək, sonra da mətnləri müşayiət edən illüstrasiya kimi dərc etmək dəbdir axı. Həm dəbdir, həm də zəruridir. Hamı Makronla Paşinyan kimi sarmaş-dolaş olmaz ki, 47 dənə məhrəm şəkilləri olsun. Cütlüyün adına söz çıxarmaq üçün süni intellekt məhsuluna da ehtiyac yoxdur, elə təbii şəkildə hər cür poza verirlər.

**

Dünya köhnə dünyadır, əldəqayırma şeyləri təzədir.

Samir SARI 

Bizə qoşulun