Medianews.az
“Qarabağ”ın UEFA turnirlərində keçdiyi yol -
204 baxış

“Qarabağ”ın UEFA turnirlərində keçdiyi yol - 1996-2026

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündəki Azərbaycan təmsilçisi “Qarabağ”ın 1/16 finalı keçmək şansı azdır və bu mərhələ komandanın Avropada ən yüksək nəticəsi kimi rəsmiləşir.

Medianews.az bildirir ki, “Qarabağ” əvvəllər 20 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib.

1996-1997 və 1998-1999 mövsümlərində “Qarabağ” Kuboklar kubokunun (1960-cı ildən keçirilib, 1999-cu ildə ləğv edilib) ilk təsnifat mərhələsində ələnib.

Komanda 1997-1998, 2004-2005 və 2006-2007 mövsümlərində UEFA kubokunun (1971-ci ildən keçirilən turnir 2009-cu ildən Avropa Liqası adlanır) ilk təsnifat raundunu adlaya bilməyib.

2009-2010 və 2011-2012 mövsümlərində “Qarabağ” Avropa Liqasında iki, 2010-2011 və 2013-2014 mövsümlərində üç təsnifat mərhələsini aşıb.

“Qarabağ” 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə Çempionlar Liqasında (1955-ci ildən keçirilən turnir 1992-ci ilə qədər Çempionlar kuboku adlanıb) başlayıb, Avropa Liqasına adlayaraq qrup mərhələsində yarışıb.

2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

Konfrans Liqasının siftəsi olan 2021-2022-ci il mövsümündə “Qarabağ” 1/16 finala qədər irəliləyib.

2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib, 1/16 finalda dayanıb.

2023-2024 mövsümünə Çempionlar Liqasında start verən komanda Avropa Liqasına keçib, 1/8 finala qədər irəliləyib.

2024-2025 mövsümü Çempionlar Liqası ilə başlayıb, Avropa Liqasının liqa mərhələsində bitib.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” komandası (“Məhsul”, “Şəfəq”, “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.

2008-ci ildən “Qarabağ” komandasına Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov “Qarabağ”a gəlməzdən əvvəl Bakının “İnter” klubunda idman direktoru, “Neftçi”də (Bakı) baş məşqçi və idman direktoru vəzifələrini tutub. Mütəxəssis 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.

2022-ci ildə Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun