Medianews.az
“Qarabağ” “Atletik”ə qalib gəlsə…
2,292 baxış

“Qarabağ” “Atletik”ə qalib gəlsə… Ağdamlılar PSJ, “İnter” və “Arsenal”ı haqlaya bilərlər

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin üçüncü turu start götürüb. Azərbaycan təmsilçisi “Qarabağ” oktyabrın 22-si səfərdə İspaniyanın “Atletik” komandası ilə oynayacaq.

Medianews.az bildirir ki, ilk iki oyunu udmuş ağdamlılar 36 komanda arasında 6 xalla 8-ci yerdədir. İspanları yenəcəyi halda “Qarabağ” 9 xalı olan PSJ (Fransa), “İnter” (İtaliya) və “Arsenal” üçlüyünü haqlaya bilər. Belə olarsa və ağdamlılarla eyni xalı olan “Bavariya” (Almaniya) ilə “Real” (İspaniya) bu gün qalib gəlməzsə, “Qarabağ”ın 4-cü pilləyə qalxması da mümkündür.

Heç-heçə halında Azərbaycan təmsilçisinin ilk səkkizlikdən çıxması istisna deyil.

Ötən mövsümün təcrübəsi göstərir ki, 11 xalla növbəti mərhələyə çıxmaq olar. “Qarabağ”ın sonda bundan da çox xal toplaması real görünür.

“Qarabağ” İngiltərənin “Çelsi”, Niderlandın “Ayaks”, Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları ilə evdə, İtaliyanın “Napoli”, İngiltərənin “Liverpul” komandaları ilə səfərdə görüşəcək.

Səkkiz turluq raundun reqlamentinə görə, ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala çıxır, 9-24-cü yerləri tutanlar 1/16 finalda mübarizə aparır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun